Məlum olduğu kimi, uzun müddətdir mətbuatda və sosial şəbəkələrdə AXCP sədrinin troll şəbəkəsi saxladığı, həmin trolların vahid təlimatla hərəkət etdiyi, onun tapşırıqlarını yerinə yetirdiyi barədə informasiyalar yayılır. Ancaq bütün bunlara baxmayaraq, Əli Kərimli və tərəfdarları hər vəchlə bunu təkzib edirlər. Onlar hər dəfə iddia edirlər ki, guya onların bu işlərlə heç bir əlaqəsi yoxdur. Ancaq ortaya çıxan yeni-yeni faktlar bütün bunların tam əksini göstərdi.
Məsələ ondadır ki, partiyadaxili troll şəbəkələrindən birinə nəzarət edən şəxslərdən biri də AXCP Ali Məclisinin üzvü Rəşid Turabovdur. Onun bununla bağlı səsyazısı yayılıb. Məlum olub ki, partiyadaxili troll şəbəkələri qapalı “WhatsApp” qrupları vasitəsilə idarə olunur. Bütün məxfi təlimatlar da məhz bu qapalı “WhatsApp” qrupları vasitəsilə trollara çatdırılır.
Səsyazısından da göründüyü kimi, R.Turabov konkret adlar çəkərək, cəbhəçiləri feminizmdə, AXCP-nin ənənələrinə qarşı çıxmaqda ittiham edir, onları konkret seçim qarşısında qoyur: “Ya bu partiyada qalın, ya da biz işimizi bilək. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiniz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam”.
Bütün bunlar bir daha onu göstərir ki, sosial şəbəkələrdə mövcud olan troll şəbəkəsi kimlərdən ibarətdir və ən başlıcası, bu şəbəkəni kimlər idarə edir. Sözügedən səsyazısı əyani şəkildə göstərdi ki, AXCP sədri tərəfindən həmin troll şəbəkəsi idarə olunaraq təlimatlandırılır.
“Son illər onlar sosial şəbəkələrdən qara piar məqsədilə çox istifadə edirlər”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, radikal müxalifət, xüsusən də AXCP rəhbərliyi sosial şəbəkələrdəki troll şəbəkəsindən geniş istifadə edir: “Ümumiyyətlə, AXCP qara piar kampaniyasından hər zaman istifadə edib. İstər seçki dövründə, istərsə də seçki olmayan vaxtlarda. Sosial şəbəkələrdə mövcud olan troll şəbəkəsinin də adıçəkilən partiya rəhbərliyi tərəfindən idarə olunması yeni deyil. Ancaq onlar hər dəfə bunu inkar edirdilər. Ortaya çıxan məlum faktlar göstərdi ki, həqiqətən də təlimatlar partiya sədrindən gəlir. Hansısa məlumat yayılırsa və ona münasibət olanda aydın olur ki, bu kimi kampaniyalar idarə olunur. Son illər onlar sosial şəbəkələrdən qara piar məqsədilə çox istifadə edirlər. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, onlar sosial şəbəkədən sui-istifadə edirlər. Əvvəllər sosial şəbəkələr olmayanda öz qəzetləri vasitəsilə qaralama kampaniyası aparırdılar. Qəzetlərə də təlimat AXCP sədrindən gəlirdi. İndi də bunu sosial şəbəkələr vasitəsilə həyata keçirirlər. Ona görə də hesab edirəm ki, qanun çərçivəsində müəyyən qurumlar bunu araşdırmalıdırlar”.
Vidadi ORDAHALLI