Müdafiə Nazirliyi Azərbaycan tərəfindən cəbhə xəttində təxribat törətməsi barədə erməni KİV-lərində yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən “Trend”in sorğusuna cavab olaraq bildiriblər ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.
Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.
Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.
Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Trend”ə bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla ikitərəfli konfidensial dialoq aparır.