20/10/2019 18:56
728 x 90

Naxçıvanlıların Türkiyədə guya deportasiya olunduğu barədə yayılan şayiələrdə düşmən barmaqları...

img

Bir neçə gündür ki, guya naxçıvanlıların İstanbuldan kütləvi deportasiya olunduğu ilə bağlı yalan məlumatlar tirajlanır. Məlumatın ilkin mənbəyini araşdırdıqda məlum olur ki, həmin informasiya heç bir konkret qaynağa əsaslanmır, sadəcə, fərziyə kimi ortaya atılıb.

Məsələnin ən maraqlı aspekti isə budur ki, bəzi saytlar həmin məlumatı belə başlıqla veriblər: "Naxçıvanlıları Türkiyədən kütləvi şəkildə qovdular". Gəlin bir anlıq götürək ki, məlumat doğrudur. Bizim media öz vətəndaşını niyə bu şəkildə aşağılamalıdır? Əslində, müdafiəsinə qalxmalı olduğu vətəndaşına "qovdular" deməklə, sanki buna sevindiyi ilə bağlı mövqe ortaya qoymuş olurlar.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi azərbaycanlıların qardaş ölkədən kollektiv şəkildə deport edilməsi xəbərlərinə aydınlıq gətirib. TC-nin Bakıdakı Səfirliyinin Mətbuat Müşavirliyindən bununla bağlı “Bakı Xəbər”ə göndərilən açıqlamada deyilir: “Bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal şəraitdə yaşayan Azərbaycan vətəndaşlarının kollektiv şəkildə deport edilməyə başlandığına dair xəbərlər dərc olunub. Həmin xəbərlər həqiqəti əks etdirmir.

Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi iki gün əvvəl Vitse-prezident cənab Fuat Oktay və Baş nazir cənab Novruz Məmmədovun sədrliyilə keçirilən Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə edilib və problemlərin həlli istiqamətində lazımi addımların atılması qərara alınıb”.

Naxçıvanlıların Türkiyədən kütləvi şəkildə qovulmaları ilə bağlı dezinformasiyanın yayılması hansı məqəsədlərə xidmət edə bilər?

  • Samir Adıgözəlli: “Yaxşı olardı ki, bəzi jurnalistlər sensasiya naminə belə həssas məsələ ilə manipulyasiya etməsinlər”

Əslən Naxçıvandan olan diaspor fəalı Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  şəxsən bu məlumatla maraqlanıb: “Bu xəbəri eşidən kimi narahat oldum. Türkiyə ilə bizim  yaxın münasibətlərimiz var. İstanbuldakı dostlara, orada yaşayan naxçıvanlılara zəng vurub maraqlandım. Belə bir halın olmadığını dedilər. Ən maraqlısı isə budur ki, bu məsələdə naxçıvanlılar ifadəsi xüsusilə qabardılır. Sanki belə təəssürat yaratmağa çalışırlar ki, guya naxçıvanlılara Türkiyədə Azərbaycanın digər regionlarından fərqli olan münasibət var. Türkiyə ilə bizim qardaşlıq münasibətimiz var və buna heç kim xələl gətirə bilməz. Təbii, bu, heç bir ölkənin vətəndaşına əsas vermir ki, qardaş ölkədə qanunları pozsun. Belə elementlərin olmayacağına isə kimsə zəmanət verə bilməz. Yəni ayri-ayrı qanunu pozan şəxslərə qarşı tətbiq edilən hər hansı qanuni tələbi kütləvi şəkildə bir regionun və ya ölkənin vətəndaşlarına şamil edə bilmərik. Bunu sırf təxribat xarakterli məlumat sayıram. Türkiyənin səfiri də belə məlumatların dezinformasiya olduğunu rəsmən bəyan etdi. Naxçıvanla da əlaqə saxlamışam, orada da kütləvi deportasiyanın olduğunu inkar edirlər. Yaxşı olardı ki, bəzi jurnalistlər sensasiya naminə belə  həssas məsələ ilə manipulyasiya etməsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər