20/10/2019 18:53
728 x 90

Müsəlman ölkəsinin məşhur “Bürc Xəlifə”si “erməni rəngində”?...

Əli Orucov: “Təcavüzkar dövlət olan Ermənistanın dövlət müstəqilliyi günündə “Bürc Xəlifə”nin bu ölkənin bayrağının üç rəngində işıqlandırılması qınanmalıdır”

img

Ermənilər dünya ictimaiyyətinin diqqətini özlərinə cəlb etmək üçün müxtəlif kələklərə əl atırlar. Onlar bu gün nəinki Avropa, Qərb ölkələrində, eləcə də müsəlman dövlətlərində də öz xeyirlərinə müəyyən işlər görülməsinə nail ola bilirlər.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən və dünyanın arxitektura möcüzələrindən sayılan “Bürc Xəlifə” (Bürc Dubay) sentyabrın 21-də, saat 21:10-da Ermənistanın dövlət müstəqilliyi günü münasibətilə bu ölkənin bayrağının üç rəngi ilə işıqlandırılacaq. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri bu ölkənin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinə istinadən məlumat yayıblar.

Məsələyə münasibət bildirən ekspertlərin fikrincə, BƏƏ-nin bir islam dövləti kimi belə bir addım atması qınanmalıdır. Ekspertlər hesab edirlər ki, Ermənistanın müstəqillik günü münasibətilə “Bürc Xəlifə” tikilisinin bu ölkənin bayrağının rəngində işıqlandırılması, əslində, islam həmrəyliyinə vurulan zərbədir. BƏƏ-nin belə bir addım atmamalı olduğunu qeyd edən ekspertlərin fikrincə, nəinki BƏƏ, eləcə də başqa dövlətlər işğalçı ölkə olan Ermənistana hər hansı formada dəstək göstərməməlidirlər.

  • “Bu dövlət islam ölkəsidirsə, birmənalı olaraq, islam həmrəyliyi nümayiş etdirməlidir”

AMİP təmsilçisi, politoloq Əli Orucov hesab edir ki, “Bürc Xəlifə”nin Ermənistan bayrağının rəngində işıqlandırılmasına qərar verilməsi, ən azından, mənəvi cəhətdən düzgün addım deyil. “Çox təəssüflər olsun ki, bəzi islam dövlətləri islam həmrəyliyi nümayiş etdirmirlər. Azərbaycanın ərazi bütövlüyünü qəsb edən və təcavüzkar dövlət olan Ermənistanın dövlət müstəqilliyi günündə “Bürc Xəlifə”nin bu ölkənin bayrağının üç rəngində işıqlandırılması qınanmalıdır. Bu olduqca xoşagəlməz haldır və biz buna təəssüf edirik. Yalnız Birləşmiş Ərəb Əmirlikləri deyil, həmçinin, İran da hər zaman Ermənistanla əməkdaşlıq edir. Biz Birləşmiş Ərəb Əmirlikləri hökumətinin qəbul etdiyi bu qərarı pisləyirik. Təbii, hər dövlətin özünün həyata keçirdiyi siyasət var, o özü maraqlarına uyğun siyasət həyata keçirə bilər. Lakin bu, erməni məsələsində bu cür olmalı deyil. Bu dövlət islam ölkəsidirsə, birmənalı olaraq, islam həmrəyliyi nümayiş etdirməlidir”.

Ə.Orucov hesab edir ki, işğalçı dövlətin bayrağına bu cür münasibət, əslində, beynəlxalq hüquq normalarına da zidd sayılmalıdır. Onun sözlərinə görə, hər bir dövlət beynəlxalq hüquq normalarına riayət etməlidir. “Birləşmiş Ərəb Əmirliklərinin bu addımı atması çox böyük təəssüf doğurur. Halbuki, bu dövlətin Azərbaycanla çox yaxşı münasibətləri var. Gərək belə bir addım atılmayaydı. Bu məsələnin siyasi tərəfindən çox, mənəvi tərəfi nəzərə alınmalı idi” - deyə Ə.Orucov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər