20/10/2019 18:47
728 x 90

Paşinyan Ermənistanda işsizlərin sayını 17, intiharları 20 faiz “artırıb”...

“Bu onu göstərir ki, Ermənistanda sistemli böhran formalaşıb”

img

Paşinyanın küçə inqilabı ermənilərə heç nə vermədi. Əksinə, ölkədə sosial vəziyyət ağırlaşdı, iqtisadi gəlirlər azaldı, iş yerlərində kütləvi ixtisarlar başlandı. Hətta inqilabdan öncəki dövrlə müqayisədə intiharların sayı artdı. Paşinyan erməni xalqına vəd etdiyi inkişafı həyata keçirə bilmir.

Mütəmadi olaraq artan etirazlar, açıqlanan statistik rəqəmlər bunu deməyə əsas verir. Ermənistanda verdiyi vədlərini yerinə yetirmək iqtidarında olmayan Nikol Paşinyan çıxış yolunu uzaq dövrə hesablanmış proqramlarda görür. Hansı ki, elan etdiyi “Ermənistan 2050 – Strateji İnkişaf Sənədi” proqramı birmənalı qarşılanmır. Bunun reallığa söykənməyən bir proqram olduğu ortadadır. Açıqlanan bu proqram Paşinyanı gülüş hədəfinə çevirib. Erməni ekspertlər hesab edirlər ki, hakimiyyət xalqın qarnını uydurma vədlərlə doyurmaq istəyir.

Açıqlanan statistik rəqəmlər ötən dövr ərzində vəziyyətin daha da pisləşdiyini göstərir. Belə ki, işsizlik səviyyəsi təkcə 2018-ci ildə 17,71 faiz olub. Bu ilin birinci yarısında da bu sahədə müsbət meyllər özünü göstərməyib. Paşinyanın hakimiyyətə gəlişindən sonra “optimallaşdırma” adı altında real iş yerlərinin ixtisarına başlanıb. İşsizlik həddinin artması ölkədə intiharların sayını 20 faiz artmasına da təsir edib. Rəsmi məlumatlara görə, təkcə bu il ölkədə 82820 nəfər iş axtarıb. Lakin qeyri-rəsmi məlumatlar vəziyyətin daha pis olduğunu göstərir. Əhalinin 50 faizə qədəri ya evsizdir, ya da şərti mənzillərdə yaşayır. Dünya Bankının ötən il açıqladığı reytinqində ümumdaxili məhsula görə Ermənistan 195 dövlət arasında 130-cu yeri tutub.

Görünən odur ki, Paşinyan ölkəyə rəhbərlik etməyə başlayandan sonra Ermənistanda həm işsizlik səviyyəsi yüksəlib, həm də işsizlikdən qaynaqlanan intiharların sayı artıb.

  • Elman Nəsirov: “Sərmayə gəlmədən iş yerlərinin sayını artırmaq və işsizliyin səviyyəsini aşağı salmaq mümkün deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən millət vəkili Elman Nəsirovun sözlərinə görə, bu onu bir daha göstərir ki, Paşinyan bütün sahələrdə səriştəsizdir: “Ermənistanda bu kimi neqativ proseslər gözlənilən idi. Çünki Ermənistanda ona görə inqilab baş verdi ki, ölkədə despotik bir rejim hakimiyyətdə idi. İlk növbədə erməni xalqı özü bu rejimdən əziyyət çəkirdi. Paşinyan bu reallıqlar fonunda inqilaba nail oldu və hakimiyyətə gəldi. Ermənistanın üzləşdiyi problemlərin yeganə fundamental həll yolu işğal olunmuş Azərbaycan torpaqlarını geri qaytarmaq idi. Ondan sonra iqtisadi əlaqələrin bərpa edilməsi idi. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra başı dumanlandı. Eyforiyaya qapıldı. O, Ermənistanın üzləşdiyi problemlərin fundamental səbəblərini görməzdən gəldi. Ona görə də bu gün Ermənistanda hərtərəfli və sistemli böhran formalaşıb. Böhran həm sosial, həm də iqtisadi sferanı əhatə edir. Demoqrafik sahədə böhran daha da dərinləşib. Eyni zamanda, siyasi böhranın bütün elementləri göz qabağındadır. Ölkədə işsizlik və bununla əlaqədar intiharlar artır. Bu ona görə baş verir ki, Paşinyan investisiyanın cəlb edilməsində heç bir uğura imza ata bilməyib. İş o yerə gəlib çatıb ki, xarici ölkələrdəki diplomatik rəhbərlərlə görüşündə Paşinyan açıq şəkildə səfirləri tənqid edib. Deyib ki, niyə Ermənistan iqtisadiyyatına sərmayə cəlb edə bilmirsiniz. Bir növ, bununla Ermənistanın xarici ölkələrdəki səfirlərini açıq formada ittiham etdi. Bu həm də Baş nazir səviyyəsində etiraf idi ki, Ermənistan iqtisadiyyatına heç bir ölkə investisiya qoymaq istəmir. Deməli, bu ölkənin gələcəyinə inanmır. Bu ölkənin perspektivinə şübhə ilə yanaşır. Sərmayə gəlmədən iş yerlərinin sayını artırmaq və işsizliyin səviyyəsini aşağı salmaq mümkün deyil. Ona görə də sosial vəziyyət acınacaqlıdır və əhalinin ölkəni tərk etməsi daha geniş vüsət alıb. Özünə qəsd edən ölkələr içində Ermənistan öncül mövqedədir. Ermənistan mətbuatı yazır ki, əvvəllər ölkəni tərk edənlər iki istiqamətdə bilet alırdılar. İndi isə yalnız bir istiqamətdə bilet alırlar. Yəni ölkəni birdəfəlik tərk edirlər. Bir sözlə, Ermənistanda sistemli böhran formalaşıb”.

Vidadi ORDAHALLI

Son xəbərlər