20/10/2019 18:52
728 x 90

Ərazi bütövlüyü prinsipinə qarşı Ermənistanın yeni tutarsız oyunu - “Azərbaycanın sərhədləri beynəlxalq tanınmayıb”(?)

Elşən Mustafayev: “Ermənistandan başqa bizim heç bir qonşu dövlətlə sərhəd problemimiz yoxdur”

img

Qondarma “DQR”in “Xarici İşlər Nazirliyi” Gürcüstan və Ukraynanın Qarabağda keçirilən saxta “bələdiyyə seçkiləri”nin nəticələrini tanımamaqla bağlı ifadə etdikləri mövqedən dərin narahatlıq keçirdiyini bildirib. Onların bəyanatında bildirilir ki, Ukrayna Krım, Gürcüstan isə Osetiya və Abxaziya problemlərindən əziyyət çəkdikləri üçün belə mövqe sərgiləyiblər.

Bəyanatda ermənilər iddia edirlər ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri yoxdur: “Gürcüstan və Ukrayna bəyanatlarında söhbəti Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədləri kontekstinə yönəldirlər. Bu xüsusda qeyd etmək istərdik ki, Azərbaycan Rusiya ilə öz arasında olan sərhəddən başqa, beynəlxalq səviyyədə tanınan hər hansı sərhədlərə malik deyil. Gürcüstanla Azərbaycan arasındakı sərhəd məsələsi hələ tam həllini tapmayıb. Digər ölkələrlə də sərhəd məsələsində belə ziddiyyət var. Hətta bəzi qonşularla delimitasiya və demarkasiya prosesi heç aparılmayıb”.

Qondarma qurumun “diplomatiyası” adından yayılan bəynatda bildirilir ki, Gürcüstan Azərbaycana bu məsələdə dəstək verməklə Bakı ilə öz arasında olan narazılıqları malalamağa çalışır: “Bizim hesabımıza belə addımlar atıb nəyəsə ümid eləməsin”.

Göründüyü kimi, erməni təbliğat maşını indi də Azərbaycanın qonşuları ilə olan sərhədlərinin  guya beynəlxalq səviyyədə tanınmadığını gündəmə gətirməklə ərazi bütövlüyümüzü başqa vasitələrlə şübhə altına almağa çalışır. Bu sərsəm iddiaları ortaya atmaqla ermənilər nəyə nail olmaq istəyirlər?

  • “BMT, Avropa Birliyi, NATO bizim sərhədlərimizi tanımaqla yanaşı, həm də ərazi bütövlüyümüzü dəstəkləyir”

Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin bu narahatlığı başadüşüləndir: “Çünki əvvəlki illərdən fərqli olaraq, bu dəfə Gürcüstan və Ukrayna separatçı qurumun keçirdiyi qondarma “seçkilər”ə  dərhal reaksiya verərək, onu tanımadığını bəyan etdi. Bu amil, təbii ki, erməniləri narahat etməyə bilməzdi. Azərbaycanın dövlət sərhədləri bütün beynəlxalq konvensiyalar və qurumlar tərəfindən tanınır. Hətta ermənilərin işğal etdiyi ərazilər belə, birmənalı olaraq, Azərbaycanın ərazi vahidi kimi qeyd edilir. Yəni onlar nə qədər çalışsalar da, bunu aradan qaldıra bilməyiblər.

Azərbaycan Respublikasının sərhədinin uzunluğu 3360 km, o cümlədən, quru sərhədlərinin uzunluğu 2648 km-dir və su sərhədlərinin uzunluğu 816 km-dir. Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası, şimal-qərbdə Gürcüstan, qərbdə və cənub-qərbdə  Ermənistan, qərbdə Türkiyə, cənubda isə İranla həmsərhəddir. Xəzər dənizi vasitəsilə isə biz Türkmənistan və Qazaxıstanla ümumi sərhədlərə malikik. Dövlət sərhədləri toxunulmazdır. Sərhədlərin təhlükəsizliyini təmin etmək, bununla da öz suverenliyini qorumaq üçün hər bir dövlətin onun sərhədini pozmuş dövlətə qarşı silahlı qüvvələr tətbiq etmək də daxil olmaqla, istənilən vasitədən istifadə etmək hüququ var. Dövlət sərhədi rejimi müvafiq dövlətin daxili qanunvericiliyi, habelə onun həmsərhəd ölkələrlə razılaşmaları əsasında müəyyən edilir. 1975-ci il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun Aktında deyilir: “İştirakçı dövlətlər bir-birinin, habelə Avropadakı bütün dövlətlərin sərhədlərinin toxunulmazlığını nəzərə alır və buna görə də onlar hazırda və gələcəkdə həmin sərhədlərə qarşı hər hansı qəsddən çəkinəcəklər”.

Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlandı. Müstəqil dövlətin əsas dayağı olan Silahlı Qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət sərhədi haqqında" Qanun qəbul etdi”.

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanın dövlət sərhədi bütün qonşular tərəfindən qəbul edilir və tanınır: “Ermənistandan başqa bizim heç bir qonşu dövlətlə sərhəd problemimiz yoxdur.  BMT, Avropa Birliyi, NATO bizim sərhədlərimizi tanımaqla yanaşı, həm də ərazi bütövlüyümüzü dəstəkləyir. Ermənilərin rəqabət imkanları qurtardığı üçün, bizimlə bu üsulla mübarizəyə keçiblər. Gürcüstanla bizim aramızda isə sərhəddə müəyyən dəqiqləşdirmələrin aparılması tam normaldır. Çünki analoji addımlar istənilən ölkədə aparılır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər