20/10/2019 18:49
728 x 90

Qondarma “Artsax”ın yersiz “xarici siyasət iddiaları” Ukrayna və Gürcüstanı Ermənistanla dövlətlərarası böhrana sala bilər...

Məhəmməd Əsədullazadə: “Bu, erməni separatçılarının növbəti həyasızlığıdır”

img

Qarabağda separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi” Gürcüstan və Ukraynanı insan hüquq və azadlıqlarına hörmətə əsaslanan dəyərlər sisteminə riayət etməyə çağırıb.

“DQR”in qondarma qurumu Gürcüstan və Ukraynanın xarici işlər orqanlarının ölkədəki yerli seçkilərə reaksiyasını şərh edib. Separatçı qurumun bəyanatında qeyd olunur ki, sentyabrın 8-də keçirilən yerli “hakimiyyət orqanları”na “seçkilər” guya “respublika”da “demokratik təsisatlar”ın ardıcıl inkişafı və möhkəmlənməsi prosesində “hakimiyyətin” və cəmiyyətin növbəti uğuru idi.

Şərhdə o da qeyd olunur ki, Azərbaycanın ötən “seçkilər”ə əsəbi reaksiya verməsi əvvəlcədən gözlənilən idi və guya “ölkə vətəndaşlarının” təməl hüquqlarının təkzib edilməsinin, eyni zamanda, ümumilikdə, demokratik dəyərlərin rədd edilməsinin növbəti təzahürü oldu: “Özlərini Azərbaycanın antidemokratik rejimi ilə əlaqələndirən Gürcüstan və Ukrayna xarici işlər nazirliklərinin açıqlamaları çaşqınlıq yaradırdı. Bu cür açıqlamalar Gürcüstanın və Ukraynanın demokratik dəyərlərə sadiq qalmasına zidd olmaqla yanaşı, həm də “DQR”in daxili işlərinə qarışmaq, xalqların bərabər hüquqları və dövlətlərin suveren bərabərliyi prinsiplərini pozmaqdadır”.

Separatçı rejimin “XİN”i Gürcüstan və Ukrayna hakimiyyətini demokratik prinsiplərə və insan hüquq və azadlıqlarına hörmətə əsaslanan dəyər sisteminə sadiq qalmağa və “ölkə vətəndaşlarının” fundamental beynəlxalq sənədlərdə təsdiqlənmiş hüquqi əsaslardan istifadə etmələri ilə bağlı bəyanatlardan çəkinməyə çağırıb.

Görünən odur ki, “Artsax” “bələdiyyə seçkilərinə” görə Gürcüstanı və Ukraynanı hədələyib. Onların bu addımı regional aqressiyanın yeni təzahürü sayıla bilərmi?

  • “Hesab edirəm ki, bu cür addımlar Ermənistanın Gürcüstan və Ukrayna ilə münasibətlərinə təsirsiz ötüşməyəcək”

Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, gör separatçılar necə azğınlaşıblar ki, Ukrayna və Gürcüstanı hədələməkdən belə çəkinmirlər: “Bu, erməni separatçılarının növbəti həyasızlığıdır. Hesab edirəm ki, bu cür addımlar Ermənistanın Gürcüstan və Ukrayna ilə münasibətlərinə təsirsiz ötüşməyəcək. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın yaratdığı qondarma rejimdə “bələdiyyə seçkilərinin” keçirilməsi qərarına Gürcüstan və Ukraynanın etiraz etməsi normal yanaşmadır. Çünki hər iki respublika işğala və separatizmə məruz qalıb. Qondarma rejimin bu barədə iki ölkəyə qarşı bəyanatı hüquqi cəhətdən absurddur. Heç Ermənistan belə separatçı qurumun “müstəqilliyini” tanımır. Ərazilər beynəlxaq hüquq baxımından Azərbaycanın ərazisidir və burada keçirilən seçkilər təxribatdır. Azərbaycan daim belə bir qanunsuz seçkilərə qarşıdır və beynəlxalq qurumların buna qarşı kəskin etiraz etməsinə çalışmalıdır. Hesab edirəm ki, Xankəndidəki separatçılar Ukrayna və Gürcüstanda olan separatçı ocaqlarla əməkdaşlıq formatı istiqamətində işlər apardığından, Kiyev və Tiflisin buna imkan verməməsi bunlarda narahatlıq doğurur. Rəsmi Bakı belə bir separatizmə daim qarşıdır. O üzdən, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü tanıyır”.

Vidadi ORDAHALLI

Son xəbərlər