20/10/2019 18:54
728 x 90

Moskvada Ermənistana qarşı yeni proses - rus erməni kilsəsinin başçısını Qaregin-İrəvan bloku təyin edə bilməyəcək...

Faiq Ələkbərli: “Bu birbaşa qərbyönümlü siyasət yürüdən Paşinyan rejiminin Kreml tərəfindən cəzalandırılması anlamına gəlir”

img

Ermənistana qarşı Rusiyada münasibət kəskin şəkildə soyumağa başlayıb. Əvvəllər bu soyuqluq daha çox Rusiya cəmiyyəti tərəfindən sərgilənsə də, indi rəsmi Moskva Ermənistandan üz döndərməkdədir. Hazırda Rusiya hökumətinin Paşinyan rejimi ilə soyuq davranışları da diqqətdən yayınmır. Bu münasibət isə erməni kilsəsinin parçalanması ehtimalını gerçəkləşdirmək üzrədir. Rusiyada Ermənistana qarşı başlanan yeni proses nəticəsində erməni kilsəsini parçalanma gözləyir.

Məlumat üçün bildirək ki, Rusiyadakı erməni kilsəsinin başçısı Yezras bütün ermənilərin katolikosu İkinci Qareginin qardaşıdır. Yeri gəlmişkən, Rusiyada bir “Yeni Naxçıvan Erməni Kilsəsi” də var ki, Yezras onun da başçısı sayılır.

Onu da vurğulayaq ki, Paşinyan hələ hakimiyyətə gələnə qədər İkinci Qaregindən qurtulmağın vacib olduğu barədə açıq danışırdı. Bildiyimiz kimi, İrəvanda sırf buna görə bir neçə etiraz yürüşünü də təşkil edib və etirazçılar Qaregeni korrupsiya, satqınlıq kimi əməllərdə ittiham edərək, onun ofisinə hücumlar da təşkil ediblər. Bildiyimiz kimi, erməni keşişləri arasında kifayət qədər Paşinyana dəstək göstərməyənlər var, hətta Paşinyanın, ümumiyyətlə, kilsədən dəstək ala bilmədiyi qeyd edilir.  Maraqlıdır ki, indiki durumda Rusiyadakı erməni kilsəsində ayırıcı baxışlar güclənməkdədir. Bu işdə Kremlin rolu var, çünki Moskva Rusiyadakı erməni keşişlərinin İrəvandan təyin olunmasının qarşısını almağa çalışır. Kreml bunu Paşinyana daha bir təzyiq aləti kimi istifadə etməyi düşünə bilər. Əlbəttə, bu, real görünən bir məsələ kimi diqqəti cəlb edir.

  • “Kreml bundan sonra imkan verməyəcək ki, Rusiyadakı erməni kilsələrinin rəhbərləri Ermənistan tərəfindən təyin edilsin”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, rəsmi Moskva Paşinyanın yürütdüyü qərbyönümlü siyasətə görə, gah Avropaya, gah ABŞ-a can atdığı, meyl göstərdiyi üçün onu cəzalandırmaq istəyir. “Bilirsiniz ki, Paşinyan hakimiyyətə gəldikdən sonra onun yürütdüyü siyasət Rusiyapərəst siyasət olmadı. O daha çox Qərbə meyl etməyə, onların çaldığı havaya oynamağa başladı. Bu da sözsüz ki, Kremlin Paşinyan rejiminə münasibətinin kəskin şəkil almasına səbəb oldu. Hesab edirəm ki, rəsmi Moskva Ermənistanı cəzalandırmaq məqsədilə bir sıra addımlar atacaq və o addımlardan biri də, birmənalı olaraq, Rusiyadakı erməni kilsələri ilə bağlı olacaq. Məlumdur ki, indiyə qədər Rusiyadakı erməni kilsələrinin rəhbərləri Qaregin tərəfindən təyin edilirdi. Bu özünü Rusiyadakı erməni kilsəsinin indiki başçısının təyin edilməsi məsələsində də göstərib. Bildiyimiz kimi, bu kilsəyə bütün ermənilərin katolikosu İkinci Qareginin qardaşı rəhbərlik edir. Onun rəhbərliyi də sözsüz ki, Rusiyanın xoşuna gəlmir. Ümumiyyətlə, son illər erməni kilsəsinin özündə açıq parçalanma meylləri özünü göstərir. Rusiya hökuməti çalışır ki, bu ölkədəki erməni kilsələri ilə Qaregenin əlaqələri tamamilə kəsilsin. Buna görə də Kreml bundan sonra imkan verməyəcək ki, Rusiyadakı erməni kilsələrinin rəhbərləri Ermənistan tərəfindən təyin edilsin. Bu birbaşa qərbyönümlü siyasət yürüdən Paşinyan rejiminin Kreml tərəfindən cəzalandırılması anlamına gəlir. Rusiya istəmir ki, Rusiyadakı erməni kilsəsi müstəqil olsun və o bu kilsələrin müstəqilliyini əlindən almaq niyyətindədir. Çünki müstəqil olan erməni kilsəsi Rusiya üçün böyük təhlükəyə çevrilib” - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər