20/10/2019 19:19
728 x 90

Paşinyan İsraildə Azərbaycandan əvvəl səfirlik açmağı hədəfləyib...

Nəzakət Məmmədova: “Düşmən ölkənin İsraildə səfirliyinin açılması, əlbəttə, bizim üçün arzuolunmaz haldır”

img

Erməni KİV-nin verdiyi məlumata görə, Ermənistan hökumətinin iclasında İsrail ərazisində, Təl-Əviv şəhərində səfirliyin açılması qərara alınıb.

Xarici işlər naziri Zohrab Mnatsakanyan tərəfindən hazırlanan Nazirlər Kabinetinin qərarında deyilir: "İsrail Dövlətində (iqamətgahı Təl-Əvivdə) Ermənistan Respublikasının səfirliyi yaradılsın". Nazirin sözlərinə əsasən, İsraildə səfirlik açılması ikitərəfli əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək: "Bu addım Ermənistanın Yaxın Şərqdəki maraqlarını qorumağa və orada təmsilçiliyini genişləndirməyə yönəlib". Bildirilir ki, Ermənistanla İsrail arasındakı diplomatik münasibətlər 1992-ci ildən mövcuddur.

Son vaxtlar Ermənistanın xarici siyasətində Azərbaycanın yaxın partnyorları ilə yaxınlaşma meylləri nəzərə çarpır. Məlumdur ki, İsrail də Azərbaycanın yaxın strateji müttəfiqi sayılır. Bir sıra obyektiv səbəblərə görə hələ də ölkəmizin İsraildə səfirliyi fəaliyyət göstərmir. Görünür, məhz bu boşluğu doldurmaq üçün Ermənistan diplomatiyası belə bir gediş edir. Onların bu həmləsini neytrallaşdırmaq üçün Azərbaycanın da tezliklə İsraildə səfirlik açması yerinə düşərmi?

  • “Ümid edək ki, daim Ermənistana hərtərəfli dəstək verib Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən İran bundan sonra Ermənistanla münasibətində bunu nəzərə alacaq”

Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın belə mühüm qərarı verməsi yalnız daxili amilə bağlı olan məsələ deyil: “Ermənistan hökumətinin 19 sentyabr tarixli iclasında Təl-Əvivdə səfirliyin açılması barədə qərarın qəbul edilməsinin bir sıra səbəbləri var. Düşünürəm ki, bu, ilk növbədə, ABŞ və Rusiya arasında əldə edilmiş razılığa əsasən mümkün olub. Belə ki, Paşinyanın hakimiyyətə gəlməsində Amerika Erməni Milli Assambleyası, digər erməni diaspor təşkilatları ilə yanaşı, ABŞ yəhudi lobbisinin dəstək verdiyi bildirilir. Təbii ki, burada bir sıra amillər mühüm rol oynayıb ki, onlardan da biri İran məsələsidir. ABŞ, xüsusilə də İsrail Ermənistanda özlərinə loyal qüvvələri hakimiyyətə gətirməklə İranı şimaldan nəzarətə almaq məqsədi güdmüşlər. Belə bir şəraitdə Ermənistanın Təl-Əvivdə səfirliyinin açılması ABŞ-ın bilavasitə dəstəyi və tövsiyəsi əsasında baş tutmuş ola bilər. Burada Rusiyanın da razılığı mütləq alınmış olmalıdır. “Böyük Səkkizliyə” qayıdan Rusiya ABŞ-a bir çox məsələlərdə güzəştə getmiş ola bilər ki, bunlardan da biri Ermənistanın İsraildə səfirliyinin açılmasına etiraz edilməməsidir. Ehtimal etmək olar ki, İsrail Baş naziri Netanyahunun Putinlə görüşündə bu məsələ müzakirə olunub və razılığa gəlinib. Düşmən ölkənin İsraildə səfirliyinin açılması, əlbəttə, bizim üçün arzuolunmaz haldır. Eyni zamanda,  ümid edək ki, daim Ermənistana hərtərəfli dəstək verib Azərbaycanı İsraillə əməkdaşlıqda ittiham edən İran bundan sonra Ermənistanla münasibətində bunu nəzərə alacaq. Halbuki, Azərbaycanın indiyədək İsraildə səfirliyi yoxdur. Hesab edirəm ki, bizim diplomatiyamız da strateji tərəfdaşımız olan ölkədə səfirliyimizin fəaliyyət göstərməsi istiqamətində məsələni bir daha nəzərdən keçirməlidir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər