20/10/2019 18:57
728 x 90

Müsavatda qurultayqabağı sədr dartışmaları yenidən başladı...

img

Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar qəbul edib. Partiyanın qurultayında yeni başqan seçkiləri də keçiriləcək. Artıq partiyanın iki tanınmış funksioneri başqanlığa namizədlik iddialarını ortaya qoyub.

Söhbət Tofiq Yaqublu və Yadigar Sadıqlıdan gedir. İndi başqan Arif Hacılıya, həm də bir-birinə alternativ olacaq hər iki şəxs partiyada çəkiyə malikdir. Hər iki namizəd məhbəs həyatı yaşayıb və bir qədər Arif Hacılıdan fərqli düşüncələrə sahib olduqlarını bəyan edirlər.

“Bakı-Xəbər” olaraq başqanlığa namizədliyini irəli sürmüş hər iki şəxslə əlaqə saxlayıb, onların mövzu ilə bağlı münasibətlərini öyrəndik.

  • Yadigar Sadıqlı: “Hazırda bütün parametrlərə görə Müsavatın başqanlığına mən daha çox cavab verirəm”

Partiyanın Divan üzvü, başqanlığa namizəd Yadigar Sadıqlı qəzetimizə açıqlamasında bildirdi ki, hələ icra hakimiyyətindən yerlə bağlı cavab gözləməli olduqlarını nəzərə alsaq, namizədlərə təbliğat üçün az vaxt qalır: “Əvvəl də bildirdiyim kimi, öz namizədliyimi irəli sürəcəm. Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab etmirəm və bunu Müsavatın reytinqinin zəifləməsində də müşahidə etmək olar. Hesab edirəm ki, mənim başqan seçilməyim təkcə Müsavatda deyil, ümumilikdə, demokratik düşərgədə ab-havanı kökündən dəyişər, yeni qüvvələrin axınına xidmət edər. Bəzən deyirlər ki, başqanı müsavatçılar seçəcək, başqaları qarışmasın. Əlbəttə, müsavatçıların səsi həlledicidir, həm də siyasi baxımdan önəmlidir. İllərlə çiyin-çiyinə mübarizə apardığın insanların etimadını qazanmaq böyük qürurdur.
Amma Müsavat üzvü olmayanların münasibəti də heç əhəmiyyətsiz deyil. Əvvəla rəğbət bəslədikləri, inandıqları insanın başqan olması onları üzvlüyə həvəsləndirə bilər. İkincisi, hər bir partiyanın əsas hədəfi vətəndaşların səsi ilə hakimiyyətə gəlməkdir. Buna isə təkcə partiya üzvlərinin səsi ilə nail ola bilməzsən, bəzilərinin "siz qarışmayın" dedikləri o insanların səsi həlledici olacaq. Partiyanın nüfuzu, gücü, perspektivi, ictimai maraqlılığı elə o bitərəflərin münasibətindən asılıdır. Buna görə də müsavatçılar öz seçimlərində bu amili də nəzərə almalıdırlar”.

Yadigar Sadıqlı hesab edir ki,  partiyaya marağın azalması indiki başqanın yürütdüyü yanlış idarəetmə ilə bağlıdır: “Mən Müsavatın əvvəlki nüfuzunu özünə qaytarmağı bacaran başqan olacam. Başqa alternativlərin olması məni narahat etmir. Aydındır ki, namizədlərin sayı artdıqca, seçilmək şansı bir qədər çətinləşir. Ancaq belə bir iddia ortaya qoymaq hər kəsin hüququdur. Hesab edirəm ki, hazırda bütün parametrlərə görə Müsavatın başqanlığına mən daha çox cavab verirəm. Hesab edirəm ki, partiyanın uğuru həm də başqanın ictimai nüfuzundan asılıdır. İnanıram ki, qalib gələcəm və Müsavat növbəti dönəmə mənim başqanlığımla gedəcək”.

  • Tofiq Yaqublu: “Ola bilər ki, kimlərsə nəticələrdən narazı qalıb partiyanı tərk etsin”

Başqanlığa iddialı olan digər namizəd Tofiq Yaqublu isə “Bakı-Xəbər”ə bildirdi ki, başqanlığa iddiasını ortaya qoymasında hansısa qeyri-adilik görmür: “Bu heç də o demək deyil ki, Müsavatın başqanı mütləq dəyişəcək. Biz nizamnamənin verdiyi imkanlardan istifadə edib belə bir iddianı ortaya qoymuşuq. İstənilən halda, insanlar fəqrli düşünürlər. Heç bir halda, insanlar indentik ola bilməz. O cümlədən mən də, bütünlüklə, Arif Hacılı kimi düşünə bilmərəm. Müəyyən ictimai, siyasi, sosial məsələlərə bizim fərqli baxışlarımız ola bilər. Bu, bütün dünyada belədir. Fərqli baxışın olması normaldır. Baxışlarda fərqlilik olmasaydı, mən heç namizədliyimi də irəli sürməzdim”.

“Belə iddialar var ki, Müsavatda Arif Hacılı başqan qalarsa, partiyada ciddi parçalanmalar olacaq, mümkündürmü” sualına Tofiq Yaqublunun cavabı belə oldu: “Prinsipcə, hər şey mümküdür. İnsan faktoruna bağlı olan məsələdir. Ola bilər ki, kimlərsə nəticələrdən narazı qalıb partiyanı tərk etsin. Hazırda isə şəxsən mənim özüm belə bir əsasın olduğunu düşünmürəm. Hesab edirəm ki, Müsavatın qurultayından sonra partiya kimin başqan olmasından asılı olmayaraq, öz yoluna inamla davam edəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər