20/10/2019 18:47
728 x 90

KTMT-də Azərbaycan və Türkiyənin iştirakına qarşı Paşinyanın Kipr-Yunanıstan kartı...

Arzuxan Əlizadə: “Bununla Paşinyan, dolayı olaraq, Rusiyanı şantaj edir”

img

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişikliklər olub. Dəyişikliklər KTMT-də tərəfdaşlıq və müşahidəçilik institutunun yaradılmasını nəzərdə tutur.

Erməni mətbuatı neçə vaxtdır bu dəyişiklikləri narahatlıqla izləyir. Onlar hesab edirlər ki, bu, hansısa mərhələdə Azərbaycan və Türkiyənin qurumda müşahidəçi statusu ilə təmsil olunmasına gətirib çıxara bilər. Rusiya Baş nazirinin müavini Yuri Borisovun Azərbaycanın təşkilatda müşahidəçi statusu almasının mümkünlüyünü bildirməsi ermənilərin bu yöndə narahatlığını daha da artırıb. Y.Borisovun fikrincə, Rusiyada KTMT çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanları istisna edilmir.

Erməni mətbuatı yazır ki, “məxməri inqilab”dan sonra Ermənistan KTMT-nin mahiyyəti və mənası ilə bağlı suallar qaldırdı - bu hərbi-siyasi müttəfiqlər blokudur, yoxsa, ümumiyyətlə, bir blok deyilmi? Ermənistanın Baş naziri bu sualı açıq mətnlə səsləndirdi, amma cavablar hələ bilinmir.

Erməni mətbuatı yazır ki, Azərbaycanla Türkiyənin KTMT-də müşahidəçi statusu ilə təmsil olunması istənilirsə, o zaman Ermənistan da alternativ variantla çıxış etməlidir. Ermənistan bu yaxınlarda Ermənistan-Kipr-Yunanıstan formatı təşəbbüsü ilə çıxış edib. 2020-ci ilin yanvar ayında İrəvanda bu formatda sammit gözlənir. İrəvan hətta hipotetik olaraq bu formatın KTMT ilə tərəfdaşlığını irəli sürə bilər. Erməni mətbuatı bunu onunla əsaslandırmağa çalışır ki, Türkiyə NATO-nun üzvü ola-ola Rusiya ilə ən yüksək səviyyədə hərbi-texniki əməkdaşlıq edirsə, o zaman Yunanıstan və Kiprə niyə belə şərait yaradılmasın? Hesab edirlər ki, Yunanıstanla Kipr guya Azərbaycan-Türkiyə tandeminə qarşı balans yarada bilər. Bir növ, bununla Paşinyan KTMT-də Azərbaycan və Türkiyənin iştirakına qarşı Kipr-Yunanıstan kartını ortaya qoymaq istəyir. O baxımdan bu nə dərəcədə mümkündür?

  • “Nə Yunanıstan, nə də Kipr ABŞ-ın iradəsinə qarşı çıxıb...”

Məsələyə münasibət bildirən AMİP-in sədr əvəzi Arzuxan Əlizadənin sözlərinə görə, bununla Paşinyan, dolayı olaraq, Rusiyanı şantaj edir: “Görünür, bununla Kremlə mesaj ünvanlayırlar ki, Azərbaycanla Türkiyəni KTMT-də görmək istəyirsinizsə, o zaman İrəvan da bu təşəbbüslə çıxış edəcək. Türkiyənin Yunanıstan və Kiprlə münasibətləri bəllidir. Yəni tərəflər arasında münasibətlər uzun müddətdir gərgindir. Hesab edirəm ki, Ermənistanın belə bir istəyi baş tutmayacaq. Ona görə ki, nə Yunanıstan, nə də Kipr ABŞ-ın iradəsinə qarşı çıxıb belə bir addım atmaz. Çünki bu ölkələrlə NATO arasında ciddi fikir ayrılığı, hansısa digər problem yoxdur. O baxımdan Ermənistanın bu yöndə haçansa təşəbbüslə çıxış etməsi o demək deyil ki, bu variant reallığa uyğundur. Sadəcə, Rusiyanı uğursuz formada şantaj etmək istəyirlər”.

Vidadi ORDAHALLI

Son xəbərlər