16/10/2019 14:23
728 x 90

Paşinyan Rusiya kəşfiyyat zabitinin qatilini həbsdən buraxdı - Putinə cavab jesti...

Fikrət Sadıqov: “Ermənistan hakimiyyətinin bu addımı Kreml tərəfindən mənfi qarşılanacaq”

img

Rusiya tərəfindən Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Nikita Belyankinin öldürülməsinə görə axtarışda olan Qriqor Ohanyanı Ermənistan hakimiyyəti azadlığa buraxıb.

Rusiya mətbuatının yazdığına görə, Ohanyan həbsdə cəmi 40 gün qalıb və daha sonra azadlığa buraxılıb. Qeyd edək ki, Belyakin bu ilin 1 martında qətlə yetirilib. Qətldən dərhal sonra Ohanyan İrəvana qaçıb.

İrəvanın bu addımının, bu günlərdə Ermənistanın keçmiş müdafiə naziri, silahlı qüvvələrin keçmiş Baş qərargah rəisi, general-polkovnik Mikael Arutyunyanın adının Rusiyada axtarılan şəxslər siyahısından çıxarması ilə eyni vaxtda təsadüf etməsi diqqət çəkir. General Mikael Arutyunyan Ermənistanda 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində MDB ərazisində dövlətlərarası axtarışa verilib. Arutyunyanın həbsi və təhvil verilməsi barədə sorğu Ermənistanın Baş prokurorluğundan deyil, dövlətlərarası axtarış xətti ilə daxil olmuşdu. Həmin orderdə Arutyunyanın Rusiyadakı ev ünvanı belə göstərilib.

Ötən il Ermənistanda hakimiyyət dəyişikliyindən sonra 2008-ci ilin 1 martında baş verən hadisələrlə bağlı istintaq işi başlayıb. Nəticədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan həbs edilib. Həmçinin, sabiq müdafiə naziri barədə axtarış elan edilib.

Maraqlıdır, İrəvanın bu addımı Ermənistanın keçmiş müdafiə naziri Arutyunyanın adının Rusiyada axtarılan şəxslər siyahısından çıxarılmasına cavab sayıla bilərmi? Bu iki ölkə arasında, onsuz da gərgin olan münasibətlərə bundan sonra necə təsir edə bilər?

  • “Bu onsuz da gərgin olan iki ölkə münasibətlərinin daha da pisləşməsinə rəvac verə bilər”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Ermənistanın bu addımı tərəflər arasında olan münasibətlərə mənfi təsir edəcək: “Məsələ ondadır ki, Ermənistanın indiki hakimiyyəti ikili oyun oynayır. Həm Qərblə münasibətləri yaxşılaşdırmaq istəyir, həm də Rusiya ilə. Necə deyərlər, ikili siyasi reveranslar edir. Digər tərəfdən, Paşinyan hakimiyyəti başa düşür ki, Ermənistan Rusiyadan asılı bir ölkədir. Yəni bu ölkə Rusiyasız heç bir şey edə bilməz. Buna rəğmən, ikili oyun oynayır. Ermənistan hakimiyyəti Qriqor Ohanyanı azadlığa buraxmaqla hesab edir ki, guya onlar Arutyunyan məsələsində Rusiyaya adekvat cavab verir. Ancaq İrəvanın bu addımı gülməli təsir bağışlayır. Çünki hamı yaxşı bilir ki, Ermənistan Rusiyadan əhəmiyyətli dərəcədə asılıdır. Qərb Ermənistanı öz sıralarında görməyə tələsmir və buna can atmır. Ona görə də Paşinyan heç özü bilmir nə edir. Onlar istəyirlər ki, bu yolla Qərbin dəstəyini, rəğbətini qazansınlar, amma alınmır. Hesab edirəm ki, Ermənistan hakimiyyətinin bu addımı Kreml tərəfindən mənfi qarşılanacaq. Bu onsuz da gərgin olan iki ölkə münasibətlərinin daha da pisləşməsinə rəvac verə bilər. Çox güman ki, yaxın zamanlarda bunun elementləri özünü göstərəcək”.

Vidadi ORDAHALLI

Son xəbərlər