19/09/2019 17:24
728 x 90

Paşinyan aprel döyüşlərinin iştirakçılarının istintaqına başladı - hədəf…

“Ermənilər həmin hadisələri araşdırmaqla həm də özləri üçün yaxşı bir dərs çıxarmalıdırlar”

img

Erməni KİV-i məlumat yayıb ki, Ermənistanın parlament komissiyası 2016-cı il aprel döyüşləri zamanı baş verən hadisələri araşdırmaq məqsədilə hərbçiləri dindirəcək. Bildirilir ki, ilk növbədə, əsas döyüşlərin baş verdiyi yerlərdə olan hərbi personal çağırılacaq və dindirilməyə adi əsgərlərlə yanaşı, zabitlər də dəvət olunublar.

O da vurğulanır ki, Ermənistan Müdafiə Nazirliyinin əməliyyat idarəsi rəhbərinin keçmiş müavinləri artıq dindiriliblər. Komissiya bundan əvvəl qapalı iclaslar keçirib. Deyilənə görə, sabiq prezident Serj Sarkisyan da sorğu-sual ediləcək.

Qeyd edək ki, aprel döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan tərəfində məğlubiyyətin səbəbini araşdırmaq üçün bu ilin may ayında parlament komissiyası yaradılıb. Paşinyan Azərbaycanın qələbəsi ilə yekunlaşan aprel döyüşlərini təftiş etməklə hansı hədəfə çatmaq istəyir?

  • Daşdəmir Əliyev: “Paşinyan bu hadisədən də öz maraqları, siyasi opponentlərinə zərbə vurmaq üçün istifadə edir”

Hərbi ekspert Daşdəmir Əliyev “Bak-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin hadisələrdə nəinki Ermənistan, bütün dünya Azərbaycanın nəyə qadır olduğunu gördü: “Sirr deyil ki, aprel döyüşlərində onlar əlavə kontingentdən istifadə etdilər. Yəni Dağlıq Qarabağda cəmləşən ordu ilə nəyəsə nail ola bilmədilər. Paşinyan indi həmin hadisələri ona görə araşdırır ki, bəs indiyə qədər ordu üçün xərclənən pullar hara gedib? Çünki ortada nəticə var. Azərbaycan Ordusu bir həmləsi ilə onların bütün cəbhə xəttini yardı və xeyli irəlilədi. Aprel döyüşlərinin yarımçıq saxlanması böyük güclərin məsələyə müdaxiləsi nəticəsində oldu. Azərbaycan könülü olaraq dayanmadı. Bütün cəbhə boyu biz irəliləyə bildik. Yəni həmin həmlə yalnız bir istiqaməti əhatə etmirdi. Uğurlu əməliyyatla sübut olundu ki, ermənilərin keçilməz sədd adlandırdıqları müdafiə istehkamları, əslində, adam aldatmaq üçün imiş. Azərbaycan Ordusu onları çox asanlıqla keçə bildi. Bununla bir daha sübut olunur ki, orada Ermənistan əsgərləri vuruşub. Əslində, Ermənistanda belə bir araşdırmanın aparılması həm də maraqlı bir məsələni ortaya qoyur. Bəs deyirlər “DQR”  müstəqildir, özünün “ordusu” var? Onda isə niyə həmin araşdırma Ermənistanda aparılır? Bu həm də ermənilərin özlərini ifşası sayılır. Onlar həm də artıq bəzi həqiqətləri etiraf etməyə məcburdurlar. Bunu can verən ölünün can üstəki son çabalarına bənzədirəm. Xeyri yoxdur, bizim mübarizəmiz haqdır. Cənab Ali Baş Komandanın əmrilə yenidən aprel zəfərini təkrarlaya bilərik. Ermənilər həmin hadisələri araşdırmaqla həm də özləri üçün yaxşı bir dərs çıxarmalıdırlar. Bilməlidirlər ki, işğaldan əl çəkməsələr, onların burunları yenə əziləcək. Paşinyan bu hadisədən də öz maraqları, siyasi opponentlərinə zərbə vurmaq üçün istifadə edir. Aprel döyüşlərində olan məğlubiyyəti sırf onların günahı kimi təsdiqlətməyə çalışır”.

Məhəmmədıli QƏRİBLİ

Son xəbərlər