19/09/2019 17:27
728 x 90

Ermənilər özləri KTMT-də Azərbaycan və Ermənistanın təsir gücləri barədə maraqlı müqayisə aparmağa başlayıblar

Fikrət Sadıqov: “Babacanyan, əslində, mövcud reallığı etiraf edib”

img

Azərbaycan KTMT üzvü olmadan bu təşkilatda Ermənistandan daha böyük nüfuza sahibdir. Bunu Ermənistan parlamentinin deputatı Arman Babacanyan deyib.

Onun fikrincə, Azərbaycana hörmət daha çoxdur: “Azərbaycanın təşkilatdakı mövcudluğunu Belarus və Qazaxıstan təmin edir. KTMT-də bizim yeganə müttəfiqimiz hələlik Rusiyadır. Rusiya isə Ermənistanla müttəfiqlik münasibətlərini siyasi və geosiyasi konyunkturadan irəli gələrək icra edir. Bununla belə, Ermənistan Rusiya üçün hətta öz dövlət maraqları hesabına hər şeyə hazırdır. Biz Rusiyaya hər şeyi veririk, əvəzində isə heç nə almırıq. Biz KTMT-də qalmağa və bu strukturun maraqlarına Rusiyanın bizi cəzalandırmaması üçün xidmət etməyə davam edirik”.

Ümumiyyətlə, bu mövzu gündəmə gələndən sonra Ermənistanda bir narahatlıq yaşanmaqdadır. Onlar narahatdırlar ki, Azərbaycan hansısa statusda qurumda təmsil oluna bilər. Hansı ki, Azərbaycanın belə bir niyyəti yoxdur. Bununla belə, Azərbaycan KTMT-də təmsil olunmasa belə, qurum üzvü olan ölkələr arasında Ermənistandan daha nüfuzludur və bunu artıq ermənilər də etiraf edirlər. Çünki KTMT yalnız Ermənistandan ibarət deyil. Təşkilatda Rusiya, Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan da təmsil olunur ki, bu ölkələrin hər biri ilə də Azərbaycanın dostluq və tərəfdaşlıq münasibətləri var. Təşkilatın qeyd edilən üzv dövlətləri etibarlı, layiqli dost və tərəfdaş ölkə olaraq Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdırlar.

O baxımdan erməni deputatın məlum müqayisəsini ekspertlər necə dəyərləndirirlər?

  • “Azərbaycan KTMT ölkələrindən özünə lazım olan istənilən silahı alır və bununla bağlı hansısa məhdudiyyət yoxdur”

Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan KTMT üzvü olmasa da, həqiqətən də təşkilatda təmsil olunan ölkələr arasında böyük nüfuza malikdir: “Qurumda təmsil olunan ölkələr Azərbaycanla daha sıx əlaqələrə malikdir, nəinki Ermənistanla. Babacanyan, əslində, mövcud reallığı etiraf edib. Hərçənd, Ermənistan rəsmiləri bunu bilsələr də, etiraf etməyə cəsarətləri çatmır. Baxmayaraq ki, onlar da bunun fərqindədirlər. Bununla yanaşı, Azərbaycanın hərbi potensialı Ermənistandan qat-qat yüksəkdir. Azərbaycan KTMT ölkələrindən özünə lazım olan istənilən silahı alır və bununla bağlı hansısa məhdudiyyət yoxdur. Azərbaycan bir sıra silahları məhz KTMT üzvü olan Rusiya və Belarusdan alır. Bütün bunlar Azərbaycanın sahib olduğu hörmətin göstəricisidir. Bizim bu silahları almaqda niyyətimiz aydındır. O da torpaqlarımızı işğaldan azad etməkdir. Bununla bağlı bizim kifayət qədər yüksək potensialımız var ki, torpaqları azad edək. Heç şübhəsiz ki, əlverişli beynəlxalq şərait yaranan kimi Azərbaycan öz ərazilərini işğaldan azad edəcək. Buna kiminsə şübhəsi olmasın. Ancaq hələlik Azərbaycan diplomatik vasitələrlə bu problemi həll etməyə çalışır”.

Vidadi ORDAHALLI

Son xəbərlər