21/11/2019 05:27
728 x 90

Cinayətlə qazanılmış pulları terrora yönəldənlərlə bağlı Azərbaycanda vahid informasiya bazası...

img

Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının təqdimatı keçirilib.

Azərbaycan Respublikasında həyata keçirilən məqsədyönlü və sistemli islahatlar nəticəsində hər bir sahədə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində də qanunvericilik bazası ən son beynəlxalq standartlar səviyyəsinə çatdırılıb, güclü institusional zəmin formalaşdırılıb.

Belə səmərəli tədbirlərin davamı kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 8 oktyabr 2018-ci il tarixli Fərman imzalanmaqla cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasının təşkili, o cümlədən, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətinin təmin edilməsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilib, o cümlədən, aidiyyəti dövlət orqanları tərəfindən qeyd edilən növ statistik məlumatların Baş İdarəyə mütəmadi olaraq təqdim edilməsi nəzərdə tutulub.

Fərmanın icrası ilə bağlı görülən işlər çərçivəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının, o cümlədən, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, habelə Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd Xidmətlərinin nümayəndələrinin iştirakı ilə cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması,  terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərlə bağlı statistik məlumatların bir mərkəzdə toplanmasını təmin edəcək Vahid İnformasiya Bazasının təqdimat mərasimi keçirilib.

Yeni yaradılan təsisatın cinayət yolu ilə qazanılmış pullar və terrorçuluğun maliyyələşməsinin qarşısının alınmasında nə kimi faydası olacaq?

  • Mehman Muradlı: “Bu cür ağır cinayət əməlləri ilə mübarizə aparmaq üçün ən ümdə silah informasiyadır”

Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yalnız ölkəmizi deyil, bütün dünyanı narahat edən bu cinayət əməlləri ilə bağlı ciddi tədbirlərin görülməsi olduqca vacibdir: “Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan 8 oktyabr 2018-ci il tarixli Fərmana əsaslanaraq görülüb. Azərbaycan dövlətinin bu qanunvericilik təşəbbüsü göstərdi ki, biz cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi cinayətləri ilə ciddi şəkildə mübarizə aparılmasının tərəfdarıyıq. Bütün bu cinayətlər sıradan törədilən cinayətlər kateqoriyasına aid deyil. Belə cinayətlərlə, adətən, transmilli cinayətkar sindikatlar məşğul olurlar. Bu baxımdan da onların aradan qaldırılması üçün bəzi ölkələrin öz gücləri kifayət etmir. Onlar digər dövlətlərlə bu bəlalarla birgə mübarizə aparırlar. Bu cür ağır cinayət əməlləri ilə mübarizə aparmaq üçün ən ümdə silah informasiyadır. Ölkənin bütün güc strukturlarının bu mühüm problemlə bağlı informasiyalarının vahid mərkəzdə toplanması çox gözəl addımdır. Həmin bazanın açılışını da izlədim. Ən müasir avadanlıqla təmin edilən baza çox ağır cinayətlərin üstünün açılmasında mühüm rola malik olacaq. Biz ölkə olaraq həmin tramsmilli cinayətlərlə bağlı əməkdaşlıq etdiyimiz ölkələrlə də informasiya mübadiləsini asan və əlverişli edəcəyik. Yeni yaradılan sistem, bütün mənalarda, ölkəmizə fayda verəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər