19/09/2019 17:25
728 x 90

Azərbaycan həm də mötəbər dünya kəşfiyyat mərkəzlərinin rəsmi görüş yerinə çevrilir

Zamin Axundov: “Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır”

img

Azərbaycan Prezidenti İlham Əliyev türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib. Prezident Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. İclasın ikitərəfli və çoxtərəfli əməkdaşlığımızla bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyən Prezident İlham Əliyev ölkələrimiz arasında etimada əsaslanan çox sıx qardaşlıq münasibətlərinin mövcud olduğunu deyib. Prezident ölkələrimizin xüsusi xidmət orqanları arasında əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, bu təmasların təhlükəsizliyin və regional sabitliyin təmin olunmasındakı rolunu vurğulayıb. Görüşdə çıxış edən qonaqlar Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının növbəti iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər və bu tədbirin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin və sıx əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyini vurğulayıblar.

Təxminən eyni vaxtda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də Bakıya səfər edib, ölkə rəhbərliyi ilə görüşmüşdü. Bütün bunlar Azərbaycanın regional və dünya təhlükəsizlik proseslərində önəmli rol oynadığına bir sübut sayıla bilərmi?

Politoloq Zamin Axundov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan, paytaxt Bakının dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi, ayrı-ayrı sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq edən məkan kimi müsbət imic qazanması beynəlxalq ictimaiyyətin böyük rəğbəti ilə qarşılanır:”Balanslı siyasət kursu yürüdən Azərbaycan müxtəlif ölkələr, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yürütmək, irimiqyaslı layihələr həyata keçirməklə öz nüfuzunu daha da artırıb, etibarlı tərəfdaş imicini yüksək səviyyəyə qaldırıb. Ona görə də, son vaxtlar ayrı-ayrı güc mərkəzləri də öz aralarında olan problemləri həll etmək, münasibətlərin yeni xəttini müəyyənləşdirmək üçün dünyada unikal dialoq məkanı kimi tanınan Bakıya üz tuturlar. Paytaxtımız dəfələrlə NATO-Rusiya generalları arasında dünya ictimaiyyəti üçün böyük maraq kəsb edən görüşə ev sahibliyi edib. Bir sıra ölkələrin kəşfiyyat rəhbərlərinin də görüşləri üçün Bakının məkan olaraq seçilməsi təsadüfi deyil. Ümumilikdə bu, Azərbaycanın həm region, həm də dünya üçün nə qədər əhəmiyyətli ölkə olmasından xəbər verir. Dövlətimizin apardığı balanslaşdırılmış siyasət xətti, ictimai-siyasi sabitlik, təhlükəsizliyin maksimum qorunması bizə, Ermənistan xaric olmaqla, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa, əməkdaşlıq əlaqələrini genişləndirməyə imkan verir. Eyni zamanda, mühüm əhəmiyyətli danışıqların Bakıda aparılması ölkəmizə olan etibar və etimadın göstəricisi sayıla bilər. Bu amil həm də sübut edir ki, Azərbaycan istər regionda, istərsə də dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında vacib aktora çevrilib”.

Zamin Axundovun sözlərinə görə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib:“Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynadığı üçün belə məkana çevrilib”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər