19/09/2019 17:23
728 x 90

Azərbaycan XİN tanınmayan “DQR”də qondarma 8 sentyabr seçkilərini hüquqi əsası olmayan şou hesab etdi…

Leyla Abdullayeva: “Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkilər" beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq”

img

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Ermənistan mətbuatında bu ilin 8 sentyabr tarixində Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “yerli özünüidarəetmə seçkilərinin” keçiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət açıqlayıb.

Baki-xeber.com-un məlumatına görə, XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrinə əsasən, ölkəmizin işğal olunmuş ərazilərində “seçkilər” donu ilə təqdim edilən növbəti şounun təşkili nəzərdə tutulur: "Hər kəsə çox yaxşı bəlli olan bir reallıq var; hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq. Ölkəmizin işğal olunmuş torpaqlarında işğalçı ölkə Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu eynilə belədir.

Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən, həmsədr ölkələri bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən, həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim.

Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bu sanki qondarma rejimin “tanınması” kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda, bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi.

Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu səfirliyimizə bildirmiş və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanımadığını vurğulayıb.

Bu kimi daha çox misalı qeyd edə bilərəm. Bir sözlə, həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapır".

Son xəbərlər