"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri BMT Baş Assambleyasının 74-cü sessiyasının ilkin gündəliyinə daxil edilib.
Qeyd edək ki, bu qətnamə layihələri assambleyanın əvvəlki sessiyası zamanı müzakirə olunmadığından, növbəti toplantının gündəliyinə müvafiq olaraq 38 və 32-ci bəndlər altında salınıb.
Sessiyanın gündəliyində, ümumilikdə, 172 bənd, o cümlədən, sülh və təhlükəsizlik, silahsızlaşdırma, Afrikanın inkişafı, narkotiklərin qanunsuz yayılmasının qarşısının alınması, beynəlxalq terrorçuluğa qarşı mübarizə və s. məsələlər var.
BMT Baş Assambleyasının 74-cü sessiyasının rəsmi açılışı sentyabrın 17-də Nyu-Yorkda keçiriləcək. Ənənəvi ümumi müzakirələr sentyabrın 24-dən 30-dək baş tutacaq.
Qeyd edək ki, Baş Assambleya BMT-nin əsas müşavirə orqanıdır. Onun tərkibinə bir səsə malik hər bir iştirakçı dövlətin nümayəndəsi daxildir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbul olunması kimi mühüm məsələlərə dair qərarlar 2/3 səs çoxluğu ilə, digər məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər il sentyabr ayından dekabra qədər assambleya sessiyası fasiləsiz işləyir. Sonrakı dövrlərdə qurum ehtiyac duyulduğu təqdirdə iclaslarını keçirir.
"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamə layihəsinin BMT Baş Assambleyasının 74-cü sessiyasının ilkin gündəliyinə daxil edilməsinin nə kimi əhəmiyyəti var?
Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, BMT Baş Assambleyasının 74-cü sessiyasının ilkin gündəliyinə daxil edilən məsələlərin müzakirəsi bizim üçün əhəmiyyətlidir: “Azərbaycanın işğal olunmuş ərazilərində və ümumilikdə, GUAM məkanında mövcud dondurulmuş münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün fəsadları haqqında istər ölkəmizdə, istərsə də münaqişəyə cəlb olunmuş digər GUAM ölkələrində daxili auditoriyada geniş müzakirələr gedib.
Lakin indi BMT Baş Assambleyası səviyyəsində təşkilatın 74-cü sessiyasında bu müzakirələrin aparılması və baş tutacağı halda gəlinən qənaətlər, nəticələr lokal, regional xarakterli deyil, qlobal səviyyədə təhlükəsizliyə, sülh və dayanıqlı inkişafa, qitələrarası ticarət və nəqliyyat xətlərinin inkşafına töhfə verəcək bir təşəbbüs olacaq.
Uzağa getmədən, konkret olaraq, Dağlıq Qarabağ konfliktinin regional və qlobal təhlükəsizliyə hədələri haqqında danışaq. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı təkcə regionun deyil, Avropa Birliyi və qlobal təhlükəsizlik üçün qısamüddətli və uzunmüddətli hesabda geniş təhdidlər yaradır və biz bu haqda geniş danışmışıq.
Dağlıq Qarabağ konfliktinin regionun nəqliyyat-kommunikasiya imkanlarını limitləməsi ilə paralel, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin strateji Cənubi Qafqaz regionunda qlobal təhlükəsizliyə hansı səviyyədə təhdid olması haqqında rəyləri isə həm bizim, həm də son illər dünyadakı qlobal təhlükəsizlik və strateji araşdırmalar mərkəzlərinin hesabatlarında yer alıb. Sırf 2019-cu il ərzində bir neçə təhlükəsizlik və strateji araşdırmalar mərkəzinin bu istiqamətdə hesabatlarını, britaniyalı araşdırmaçı Harold Keynin nəşr etdirdiyi “Narko Qarabağ” (“Narco Karabakh”) kitabının dərcini, DQ-dəki qanunsuz rejimin Ermənistan dövlətinin dəstəyilə mövcud olan və Yaxın Şərqdən Avropa Birliyinə qədər uzanmış olan narkotik, silah və insan alveri şəbəkəsinin ifşası, ekoloji layihələr adı altında Dağlıq Qarabağ bölgəsinin təbii sərvətlərinin talan edilməsi və s. xatırlatmaq yerinə düşür.
Ən əsası isə Ermənistanın bu cinayətkar şəbəkənin fəaliyyətini gizlətmək üçün apardığı manipulyasiyaları qlobal təhlükəsizlik üçün, AB-nin təhlükəsizlik mühitinə və onun enerji təchizatı marşrutlarına basdırılmış mina rolunu oynayır. Bu baxımdan da yaranmış real vəziyyətin məhz BMT tribunasından səslənməsi müstəsna əhəmiyyətə malikdir”.
Ekspertin sözlərinə görə, istər Azərbaycanın işğal olunmuş ərazilərində, istər GUAM ölkələrindəki dondurulmuş konfliktlərin həlli cəhdi BMT-nin bu regionlara yönəlik siyasətində prioritet mövzulardır: “Bu regionlarda dayanıqlı sülhün bərqərar olması üçün BMT və digər beynəlxalq təşkilatlar, Dağlıq Qarabağ konflikti də daxil, GUAM dövlətləri ərazilərindəki konfliktlərin həllində alət ola biləcək cari və rezerv imkanların tətbiqində maraqlıdırlar və BMT Baş Assambleyasının 74-cü sessiyasında bu mövzuların müzakirəsi qurumun məqsədinin nümayişidir”.
Məhəmmədəli QƏRİBLİ