ABŞ və Rusiya kimi böyük ölkələrin işğalçı Ermənistanla münasibətlərində ciddi problem yaranması artıq heç kimə sirr deyil. Məsələnin də əsl mahiyyəti budur ki, Ermənistan hakimiyyətinin xarici siyasət fəaliyyəti həm Moskva, həm də Vaşinqton tərəfindən mənfi qarşılanır. Elə bu səbəbdən indi hər iki tərəf Ermənistanı ağıllandırmaq üçün təzyiq kartlarını işə salıb.
Ermənistanın belə vəziyyətdə tərəflərdən hansısa birinə yarınmaq cəhdi isə hansısa səmərə vermir. Əksinə, qarşıdakı dövr ərzində təzyiqlərin miqyasının daha da genişlənməsi gözlənir. Maraq doğuran əsas məqamlardan biri isə belə vəziyyətin Dağlıq Qarabağ münaqişəsinin gedişinə necə təsir edəcəyidir.
Ekspert təhlilləri göstərir ki, əslində, həm ABŞ, həm də Rusiya yaxın tezlikdə digər məqamlarla yanaşı, Qarabağ məsələsi üzərindən də Ermənistana təzyiq rıçaqlarını işə sala bilər. Çünki digər hallarla müqayisədə Qarabağ kartı Nikol Paşinyan iqtidarının daha qısa müddətdə sonunu gətirə bilər. Bunu Moskva və Vaşinqtonda da aydın sezirlər. Məhz bu səbəbdən istisna olunmur ki, Paşinyan yaxın tezlikdə Qarabağ kartı ilə də sıxışdırılacaq. Ən azından o baxımdan ki, Ermənistan Baş naziri nə ABŞ-ın, nə də Rusiyanın tələbələrini yerinə yetirir. Məsələn, məlumdur ki, bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri çəkilməsi haqda tələb qoyub. Ermənistanda nəşr edilən “168 jam” qəzeti də öz mənbələrinə istinadən yazırdı ki, həmin mesaj Ermənistan hakimiyyətinə 2019-cu il avqustun 12-13-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərindən dərhal sonra çatdırılıb. Deyilənlərə görə, Patruşev Ermənistan hakimiyyətindən bunun əksini-Suriyadakı erməni hərbi kontingentinin sayının artırılmasını tələb etmişdi. Məlumatda deyilirdi ki, ABŞ Ermənistanın Suriyaya hərbi kontingent göndərməsi ilə bağlı narazılığını bu ölkənin BMT-dəki səfiri Mqer Marqaryan vasitəsilə çatdırıb. Ağ Ev bəyan edir ki, bu məsələ Ermənistan-ABŞ münasibətlərinə zərbə vurur. O da diqqətə çatdırılıb ki, kontingent çıxarılmasa, bunun ikitərəfli münasibətlərə təsiri olacaq, üstəlik, ABŞ Ermənistana verdiyi minatəmizləyən avadanlığın Suriyada istifadə edilməsinə qadağa qoyacaq. Amma artıq məlumdur ki, Ermənistan ABŞ-ın bu istəyini rədd edib. Məsələyə yenidən toxunan “168 jam” qəzetinin xəbərinə görə, buna qəzəblənən ABŞ Ermənistanı qarşı hərəkətə keçib və maliyyə yardımlarının azalması da elə bundan qaynaqlanır.
Xatırladaq ki, Ağ Ev 2020-ci ildə Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin maliyyələşdirilməsini azaltmağı planlaşdırır. Bu qərara uyğun olaraq, ABŞ hökuməti tərəfindən dünyanın müxtəlif regionlarında layihələrin və proqramların reallaşdırılması üçün ayrılan maliyyə vəsaitinin miqdarı da azalır. Vaşinqton Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində minaların təmizlənməsini həyata keçirən Britaniyanın xeyriyyə və ABŞ-ın qeyri-kommersiya təşkilatı olan "HALO Trust"ın fəaliyyətini də 20 ilə yaxındır USAID-in xətti ilə maliyyələşdirir. Bu vaxta qədər Vaşinqton Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi işlərinin aparılması üçün "HALO Trust" təşkilatı vasitəsilə 17 milyon dollardan çox vəsait yatırıb. Amma artıq bu vəsait dayandırılır. Emənistanın özünə də ayrılan vəsaitin dayandırılması istiqamətində müvafiq addımlar atılır.
Erməni lobbisinin nümayəndələri ABŞ tərəfini bu qərarı ləğv etməyə məcbur etmək üçün dəridən-qabıqdan çıxmağa başlasa da, nəticə yoxdur. “168 jam” qəzeti yazır ki, ABŞ digər istiqamətlərdə də təzyiq siyasətinə başlayacaq. Bura Ermənistanla işbirliyinin digər istiqamətlərdə də dayanadırılması, Qarabağ məsələsində Azərbaycana köməyin artırılması və digər sahələr daxildir.
Avropalı hərbi ekspert Treys Cerman qeyd edir ki, Suriyaya hərbi kontingent göndərmək və İranla işbirliyinə getmk ABŞ-ın Ermənistana qarşı siyasətini daha da sərtləşdirəcək. ABŞ-ın erməni hərbi heyətinin Suriyadan çıxarılmasını tələb etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən ekspert vurğulayıb: “Ermənistan kimi bir ölkə üçün bu tələb, yaxud təklifin dərhal qəbul edilməsi və hərbi heyətini Suriyadan çıxarması olduqca çətindir”. Ekspert Birləşmiş Ştatların belə bir tələb irəli sürə biləcəyini istisna etmir. O bildirib ki, ABŞ-ın bu məsələdəki mövqeyi erməni tərəfi üçün yeni deyil: “Siyasi qərar olduğu halda, Suriyadan Ermənistanın hərbi heyətini çıxarmağa müəyyən vaxt tələb olunacaq. Bu bir missiyadır, zamanı gəldikdə yekunlaşacaq. Bundan əlavə, Ermənistan ABŞ-la münasibətlərdəki bu fikir ayrılığını aradan qaldırmaq üçün bu missiyanı çox fərqli səbəblərlə dayandıra bilər”. Avropalı ekspert Ermənistanın Suriyaya hərbi heyət göndərməsinin səbələrinə də toxunub: “Əslində, erməni tərəfi tez-tez həyata keçirilməzdən əvvəl böyük bir erməni-rus layihəsi kimi təqdim olunan bu layihənin Ermənistan-Rusiya münasibətlərindəki bəzi problemləri həll edəcəyini gözləyirdi. Lakin Ermənistan-Rusiya münasibətlərində hələ də bəzi ziddiyyətlərin mövcud olduğu məlum olduğu halda, hansı problemin varlığı və həll edildiyi məlum deyil. Bu missiyadan sonra Ermənistanın üzləşə biləcəyi təhlükələr isə həddindən artıq çoxdur. Buna görə də Ermənistan özünün və Suriyadakı erməni icmasının təhlükəsizlik maraqlarından çıxış etməlidir, çünki Rusiyanın açıqlamalarında bu addım ortaq bir layihə kimi dəyərləndirilmir. Erməni tərəfi son vaxtlar bunu yalnız erməni icmasına dəstək məqsədi daşıyan layihə kimi təqdim edir. Ancaq yaxın gələcəkdə erməni tərəfinin belə bir kəskin qərar verəcəyini düşünmürəm”.
Məsələnin maraqlı tərəflrindən biri də budur ki, yaranmış vəziyyətdə Ermənistan Rusiyanın istəyinə uyğun olaraq Suriyaya göndərdiyi hərbçilərin sayını artırmaqdan imtina edir. Bu isə Moskvanı qəzəbləndirir. Artıq yaranmış vəziyyətdə Rusiya-Ermənistan əlaqələrində ciddi çat müşahidə olunur. “1in.am” saytı Rusiya-Ermənistan münasibətləri ilə bağlı yazır: “Rusiyanın məmurları və yarırəsmi dairələri, o cümlədən, erməniyönlü ekspertlər Ermənistana qarşı ənənəvi siyasət irəli sürürlər. İrəvanda keçirilən Avrasiya İqtisadi Birliyinin forumlarının birində Ermənistan tərəfi Rusiyanın Baş naziri Dmitri Medvedyev qarşısında müttəfiqliyin səmərəliliyi məsələsini qaldırmağa cəhd etdi. O isə Ermənistanı meyvə və tərəvəz yetişdirilməsi sahəsində fəallığı artırmağa çağırdı. Rusiya Ermənistandakı indiki hakimiyyətə etibar etmir: Sual doğur: Rusiyanı əsəbləşdirməmək üçün Ermənistan suverenliyi və iqtisadi inkişafın perspektivindən imtina etməlidir?! İndiki hakimiyyət Ermənistanın müstəqilliyinin güclənməsinə çalışır. Bir sıra siyasi ekspert dairələr isə hökumətə məhz bu məsələdə təzyiq edirlər. Onlar Moskvaya donos ötürür, yardım istəyirlər. Ermənistan isə Avrasiya İqtisadi Birliyinə qoşulmaqla Rusiyanın 5-ci kolonuna çevrilib. Ermənistanda hakimiyyətdə kimin olmasının Moskva üçün fərqi yoxdur. Əsas məsələ Ermənistanın suverenliyinin inkişafına yol verməməkdir. Ölkədə Köçəryan kimilər olduqca suverenliyi inkişaf etdirmək mümkün olmayacaq.
Ermənistanyönlü olması ilə tanınan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin də Moskva-İrəvan münasibətlərinin gərginləşdiyini etiraf edir. Belə vəziyyətdə Moskvanın Suriyaya əlavə hərbi heyət göndərilməsini tələb etməsinə İrəvanın yox deməsi Rusiyanın Ermənistana qarşı daha sərt siyasətə başlamasını istisna etmir. Bura, ilk növbədə, iqtisadi müstəvi daxil olacaq. Ardınca istisna olunmur ki, digər sahələr, məsələn, Qarabağ məsələsi gəlsin. Qarabağ amili daim Rusiya üçün mühüm ehtiyat variant olub”.
Portal onu da yazır ki, Rusiya Prezidenti Vladimir Putinin gələn ay Ermənistana gözlənilən səfərdən imtina edə biləcəyi ilə bağlı məlumatlar da Moskvanın təzyiq siyasətinə keçməsinin daha bir göstəricisi olacaq. Xatırladaq ki, erməni mətbuatında Putinin Robert Köçəryanın həbsdə olmasından narazı olduğuna görə Ermənistana gəlməyəcəyi ilə bağlı məlumatlar mövcuddur. Başqa bir məlumatda qeyd edilir ki, Putinin Ermənistana gəlməklə həbsxanaya baş çəkmək və Robert Köçəryanla görüşmək istəyi var. Bu məlumatların nə dərəcədə doğru olub-olmaması məlum deyil. Digər tərəfdən, Rusiya Prezidentinin Ermənistan səfəri rəsmi olaraq təsdiqlənməyib. Ancaq erməni-rus əlaqələrinin qeyri-standart mərhələdə olması həqiqətdir. Hesab olunur ki, İrəvanda baş tutacaq Avrasiya İqtisadi Birliyinin iclasının Putin tərəfindən boykot ediləcəyi təqdirdə Ermənistan çox şey itirməli olacaq. Bura Qarabağ məsələsi də şamil edilir və bu məsələdə Rusiyanın Ermənistan əleyhinə aktiv siyasətə start verib Azərbaycanla sıx işbirliyinə getməsi istisna olunmur: “Ermənistan hakimiyyəti oduqca çətin durumdadır. Rusiya bizə ciddi problemlər yarada biləcək addımlar ata bilər. Bunlar çox incə oyundur, onu çox hazırlıqlı oynamalısan”. Beləliklə, qeyd edilənlər hazırda Ermənistanın xarici siyasət sahəsində ciddi problemlər yaşamaqda olduğunu üzə çıxarır. Bunun isə digər sferalarla yanaşı, Qarabağ məsələsinə də əhəmiyyətli dərəcədə təsir göstərməsi qaçılmaz sayılır. Hər halda, hadisələrin inkişaf axarı yaxın tezlikdə Qarabağ məsələsində müəyyən dəyişikliklərin olmasını istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.