19/09/2019 17:24
728 x 90

Paşinyanın puç olan daha bir vədi – Ermənistan əhalisi qısa müddətdə 8500 nəfər azalıb...

“Ermənistanda demoqrafik göstəricilərin yaxın perspektivdə yaxşılaşacağı real görünmür”

img

Nikol Paşinyan Ermənistanda Baş nazir olanda bir sıra gurultulu vədlərlə çıxış etdi. Populizm üzərində qurulan bu vədlər reallığa söykənmirdi. Çox keçmədi ki, verilən vədlərin reallıqla uzlaşmadığı ortaya çıxdı.

Paşinyanın verdiyi vədlərdən biri də ölkədə demoqrafik göstəricilərin yaxşılaşması ilə bağlı idi. Bəyan etdi ki, ölkə əhalisinin azalması tendensiyası dayanacaq. Hətta bu ilin əvvəllərində qeyd etdi ki, artıq ölkədə əhalinin sayının azalması dayanıb, artıma doğru meyl var. Ancaq son statistik rəqəmlər fərqli mənzərini ortaya qoydu. Məlum oldu ki, Ermənistanda Paşinyanın irəli sürülən iddiaları həyata keçirmək üçün heç bir resurs mövcud deyil. Sovetlər dağılandan sonra bu ölkənin əhalisi 3 milyon nəfərə çatmayıb. İllik doğulanlarla ölənlərin fərqini nəzərə alsaq, 30 ildə bu ölkədə əhalinin artımı 300 mindən çox olmayacaq. Rəsmi məlumatlara əsasən, Ermənistanda ildə 38-39 min nəfər doğulur. Hər min nəfərə düşən ölənlərin sayı isə 28-30 min nəfər təşkil edir. Belə çıxır, Ermənistan əhalisinin sayı ildə 10 min nəfər artacaq, 30 ildə isə bu rəqəm 300 min nəfər təşkil edəcək. BMT-nin hesablamasına görə, 2050-ci ildə ən pis halda 2 milyon 573, orta vəziyyətdə 2 miyon 816, ən yaxşı halda isə 3 milyon 65 min nəfər, 2100-cü ildə isə ən pis halda 1 milyon 207 min, orta vəziyyətdə 2 milyon 39 min, ən yaxşı halda isə 3 milyon 175 min nəfərə çata bilər.

Ermənistan Statistika Komitəsinin məlumatında bildirilib ki, bu ilin son 6 ayında ölkə əhalisinin sayı 3500 nəfər azalıb. Məlumata görə, cari ilin iyun ayında ölkə əhalisinin sayı 2 milyon 961 min 600 nəfər olub. Ötən ilin uyğun dövrü ilə müqayisədə ölkə əhalisinin sayı 8500 nəfər azalıb. Əsasən vilayətlərin şəhər və kəndlərinin daimi əhalisinin sayında azalma müşahidə edilib. Məlumata görə, cari ilin ilk 6 ayında yeni doğulanların sayı da azalaraq 16 min 111 nəfər olub. Ötən ilin uyğun dövründə bu rəqəm 16 min 261 nəfər, 2017-ci ildə isə 17 min 171 nəfər təşkil edib. Göründüyü kimi, Paşinyanın növbəti vədi özünü doğrultmayaraq puç oldu.

  • Məhəmməd Əsədullazadə: “Məhz əhali boş vədləri gördükdən sonra yenidən xaricə üz tutmağa başlayıb”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanda demoqrafik göstəricilərin yaxın perspektivdə yaxşılaşacağı real görünmür: “Ermənistan Baş naziri Nikol Papşinyanın iqtisadi və sosial islahatlar vədi bir ildən artıqdır reallaşmır. Ona görə ki, Ermənistanın iqtisadiyyatı praktiki olaraq yoxdur. Paşinyan ümid edirdi ki, Qərbdən alacağı kreditlər vasitəsilə müəyyən sosial islahatlar həyata keçirəcək. Bununla da ölkədən miqrasiyaya son qoyacaq, amma onun hesablamaları özünü doğrultmadı. Məlum olduğu kimi, Ermənistan hazırkı şərtlər daxilində öz iqtisadiyyatını dirçəltmək gücündə deyil. Ölkədə o qədər ciddi problemlər var ki, Paşinyan gözləmədiyi durumla qarşılaşıb. Məhz əhali boş vədləri gördükdən sonra yenidən xaricə üz tutmağa başlayıb. Hesab edirəm ki, bundan sonra da ölkədə Paşinyanın heç bir sosial və demoqrafik siyasəti uğurlu olmayacaq. Ölkə əhalisi yalan vədləri gördükcə iş və çörək dalınca xaricə üz tutacaq. Ümumiyyətlə, Paşinyan realist və praqmatik deyil. Ermənistan kimi blokada şəraitində və heç bir təbii sərvəti olmayan ölkəni inkişaf etdirmək çağırışları yalnız manipulyasiyadır. Hesab edirəm ki, bu durumda Paşinyanın hakimiyyəti uzun çəkməyəcək. Erməni xalqı yenidən ayağa qalxacaq. O üzdən, ölkədə etirazlara səbəb olacaq proseslərin başlanmasını istisna etmirəm. Çünki boş vədlər və reallaşmayan siyasi-iqtisadi islahatlar fonunda Paşinyanın erməni ictimaiyyətində reytinqi düşməkdədir. Ən yaxşı halda, o, sələfləri kimi güc yolu ilə hakimiyyətini saxlamağa çalışacaq. Ancaq erməni xalqı mütləq şəkildə Paşinyandan hesab soracaq”.

Vidadi ORDAHALLI

Son xəbərlər