Azərbaycan parlamentinin yekcins siyasi qüvvədən təşkil edilmədiyi məlumdur. Yəni ölkənin qanunverici orqanında çoxluğu hakim partiya qazansa da, bitərəflər və başqa partiyaların təmsilçiləri də az deyil. Parlamentdə YAP-dan kənar olan siyasi partiyalar ya iqtidaryönlüdür, ya da hakimiyyətə qarşı konstruktiv müxalif mövqedə dayanırlar.
Yeni Azərbaycan Partiyası istisna olmaqla parlamentdə 11 siyasi partiya var. Onların təsnifatlandırılması aşağıdakı kimidir:
1. Vətəndaş Həmrəyliyi Partiyası (2 deputat - Fəzail İbrahimli, Rafael Hüseynov)
2. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - (sədr Qüdrət Həsənquliyev, 1 deputat)
3. Demokratik İslahatlar Partiyası - (sədr Asim Mollazadə, 1 deputat)
4. Böyük Qurtuluş Partiyası - (sədr Fazil Mustafa, 1 deputat)
5. Milli Dirçəliş Hərəkatı Partiyası - (sədr Fərəc Quliyev, 1 deputat)
6. Ana Vətən Partiyası - (sədr Fəzail Ağamalı, 1 deputat)
7. Vətəndaş Birliyi Partiyası - (sədr Sabir Hacıyev, 1 deputat)
8. Azərbaycan Sosial Rifah Partiyası - (sədr Xanhüseyn Kazımlı, 1 deputat)
9. Vəhdət Partiyası - (sədr Tahir Kərimli, 1 deputat)
10. Azərbaycan Demokratik Maarifçilik Partiyası - (sədr Elşən Musayev, 1 deputat)
11. Azərbaycan Sosial Demokrat Partiyası - (sədr Araz Əlizadə, 1 deputat).
Ancaq maraqlıdır ki, adıçəkilən partiyaların siyasi qurum kimi köklü məsələlərlə bağlı fəaliyyətlərini müşahidə etmirik. Ola bilər ki, adları çəkilən partiyaların sədrləri hansısa sayta açıqlama verirlər. Bu, başqa məsələ. Xüsusilə də xaricdən Azərbaycana yönəldilən radikal, ekstremist cərəyanlar, ən əsası da söyüşcül mühacirlərlə bağlı siyasi partiya kimi onların mövqeyinə rast gəlmirik. Parlament təmsilçisi olan iqtidaryönlü və konstruktiv müxalifət partiyalarının ciddi mövzularla bağlı siyasi qurum kimi ortaya qoyduqları reaksiyasızlığın səbəbi nə ilə izah edilə bilər?
Elşən Həsənov: “Bəyəm partiya kimi özlərini təqdim edən qurumların heç sıravi üzvləri də yoxdur ki, çıxıb sosial şəbəkələrdə aktivlik etsinlər?”
Qərara gəldik ki, bu məsələyə həmin partiyaların özündən münasibət öyrənməyək. Çünki, təbii ki, heç bir partiya öz fəaliyyətinə tənqidi yanaşma ortaya qoymayacaq. Parlamentdən kənar olan Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, parlamentdə təmsil olunan partiyalar həm də dövlətin hesabına maliyyələşirlər: “Biz belə maliyyələşmədən məhrumuq. Maliyyə problemi altında fəaliyyət göstərmək çox çətindir. Parlamentdə partiyalara ayrılan pul onların aparatını saxlamağa, qərargah tutmağa, hətta bəzi rayon təşkilatlarına əməkhaqqı verməyə kifayət edir. Bunun müqabilində ortada normal fəaliyyət olmalıdır. Açığını deyim ki, həmin partiyalardan elələri var ki, heç səsi çıxmır. Konkret məsələ ilə bağlı demirəm, ümumiyyətlə, səsi çıxmır. Sizi inandırım ki, bəlkə də partiyanın sədrini heç jurnalistlər də tanımırlar. Elələri var ki, sədrləri parlamentdə ancaq özlərini narahat edən sosial problemləri qabardırlar. Bəziləri isə ancaq əməkhaqlarının qaldırılmasını tələb edirlər. Ancaq yaddan çıxarırlar ki, onlar institutlaşmış bir təsisatı təmsil edirlər. Niyə partiya kimi ortaya mövqe qoymurlar? Bəs onların partiya olmaqlarını biz nədən bilək? Çoxlarının heç sosial şəbəkələrdə hesabı yoxdur. Olanların oradakı yüngül fəallığı da məsələni həll etmir. Ölkəyə qarşı yağdırılan söyüş kampaniyası ilə bağlı biz həmin partiyaların yığışıb bir qərar verdiyini görmədik. Hansısa edibsə də, mən görməmişəm. Hesab edirəm ki, yeni parlamentdə belə qüvvələrin təmsilçiliyi çətin mümkün olacaq. Bir partiya kimi rəğbət əldə etməyən siyasi qüvvəyə heç az da olsa səs verən tapılmayacaq. Hər halda, həmin siyasi partiyalar bir özlərini silkələyib, fərddən ibarət bir qurum olmadığını dərk etməli, siyasi institut kimi mövqe ortaya qoymalıdırlar. Ölkəmizə yönəlik radikal, ekstremist çağırışlara cavab verməlidirlər. Bəyəm partiya kimi özlərini təqdim edən qurumların heç sıravi üzvləri də yoxdur ki, çıxıb sosial şəbəkələrdə aktivlik etsinlər? Yəni biz bunların heç birini görmürüksə, deməli, parlamentdəki iqtidaryönlü və konstruktiv təsisatların fəaliyyətini bəyənə bilmərik”.
Məhəmmədəli QƏRİBLİ