Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda erməni mediası gələn ay üçün ölkəni ciddi sınaqlar gözlədyini yazır. Qeyd olunur ki, gələn ay Rusiya Prezidenti Vladimir Putinin Ermənistan səfərindən sonra Moskva Nikol Paşinyan iqtidarı ilə bağıl konkret hansı addımlar atacağını müəyyən edəcək. Hesab edilir ki, indiki şərtlər daxilində baxılsa, Paşinyanı yaxşı heç nə gözləmir.
Xatırladaq ki, oktyabrın 1-də Ermənistanda Avrasiya İqtisadi Birliyinin növbəti sammiti keçiriləcək. Görüş ərəfəsində Moskva ilə İrəvan arasında münasibətlərdə gərginliklərin artması isə işğalçı ölkədə böyük əndişə yaradır. Gərginliklərdən biri sabiq prezident Robert Köçəryanla bağlıdır. Xatırladaq ki, Vladimir Putin, əvvəlki kimi, həbsdə olan dostu Robert Köçəryanı müdafiə edir, ona təbrik məktubları göndərir. Aydındır ki, bu təbriklər Paşinyanın xoşuna gəlmir, ancaq asılı olduğu Rusiya liderinin siyasətini tənqid edə bilmir. İndi isə Ermənistan hakimiyyəti ehtiyat edir ki, Vladimir Putin İrəvanda olanda həbsdə olan Köçəryanla görüşmək istəyə bilər. Putinə “yox” cavabı verməyin nə demək olduğunu Paşinyan anlamamış deyil. İkincisi, rəsmi Moskva Ermənistanda ittiham olunan bir sıra şəxsləri İrəvana təhvil verməkdən imtina edir. Ermənistanda barəsində cinayət işi başlanan “Ketrin Qrup” şirkətinin başçısı Miqran Poqosyan Moskvada siyasi sığınacaq alıb. Moskva Poqosyanı İrəvana verməkdən imtina edir. Ermənistan da Rusiya vətəndaşı Vitali Şişkinə siyasi sığınacaq verib. Şişkin radikal millətçidir və Rusiya onu həbs etmək istəyir. Şişkin həbs təhlükəsindən yayınaraq Ermənistana qaçıb. Şişkin Ermənistana 6 ay bundan əvvəl gedib. Bu, Ermənistan müstəqillik qazandıqdan bu yana Rusiyanın “vətəndaşımı mənə təhvil ver” istəyini yerinə yetirmədiyi nadir hadisədir. Erməni siyasi ekspert Aram Armatuni bildirir ki, bu durum İrəvana baha başa gələcək. Ekspert vurğulayır ki, Rusiya Avropa İnkişaf Hüququ Partiyasının lideri Vitali Şişkinə siyasi sığınacaq verilməsi məsələsi Ermənistan-Rusiya münasibətləri çərçivəsində mövcud olan problemlərlə bağlı müzakirələrin aparılması üçün yeni bir fürsətdir: “Şişkinlə bağlı nə baş verdiyi məlum olmadığı halda, bunu Ermənistan-Rusiya münasibətləri sahəsindən çıxarsaq, o qədər də vacib məsələ deyil. Aydındır ki, əsas məsələ həmin sahədə nələrin baş verməsidir. Burada məsələni yəqin ki, iki hissəyə bölmək olar. Yeni hökumət Ermənistan-Rusiya münasibətlərinin normal inkişaf etdiyini və heç bir problem olmadığına əmin edir. Lakin keçmiş hakimiyyət ətrafındakı ekspert dairələrinin iddia etdiyinə görə, böyük bir problem və etimadsızlıq mövcuddur. O cümlədən, Şişkin məsələsi bu problemin nümunələrindən biridir. Bu həqiqətin ortada olduğu və olduqca obyektiv bir məsələdir”. Armatuninin sözlərinə görə, inqilabdan sonra erməni-rus münasibətlərinin öz axarında və keçmişdəki kimi olmadığı aydın görünür: “Digər tərəfdən də olduğu kimi qalması də mümkün deyil, çünki Ermənistanda dəyişikliklər də baş verir. Təbii ki, bu dəyişikliklər erməni-rus münasibətlərinə yenidən baxılmasına gətirib çıxaracaq. İndiyədək bu münasibət Ermənistanın birtərəfli gözləmə rejimində həyata keçirilib. Digər tərəfdən şübhəsizdir ki, Rusiya, istənilən halda, münasibətlərin keçmiş formasından və strukturundan asanlıqla imtina etməyəcək. Aydın desək, Rusiya sahib olduğundan imtina etməyə və yenidən formalaşma üsulları ilə asanlıqla barışmayacaq. Bundan başqa, bu rejimi təyin edən rus dairələri rus mövqelərini təmin etməklə, konkret olaraq, Kreml qarşısında, o cümlədən, Azərbaycan və Türkiyə qarşısında iqtisadi və siyasi faydalar əldə ediblər. Bu münasibət illərlə formalaşmaqla 2013-2016-cı illərdəki ən təhlükəli zirvəsinə çatıb”. Armatuni bildirib ki, Ermənistandakı dəyişikliklər hətta daxili siyasət üçün vacib olan erməni-rus münasibətlərini belə dəyişməyə, bərabərləşdirməyə, dövlətlərarası münasibətlər səviyyəsinə çatdırmağa üstünlük verir. Lakin bu dəyişikliklərə obyektiv zərurət olduğu və qaçılmaz olduğu bir şəraitdə Rusiyaya dəstək verən keçmiş hakimiyyət nümayəndələrinin simasında indiki hakimiyyətə qarşı mürəkkəb və çoxtəbəqəli problemlərlə əhatə edilmiş mühit formalaşıb: “Ermənistan bu mürəkkəb mühitdən keçməyə bilər. Belə bir hal mümkündür, bu cür olduğu təqdirdə Ermənistan dəyişiklik və müasirləşdirmə üzrə tam yolu keçə bilməz. Erməni ekspert düşünür ki, Rusiya siyasi rəhbərliyinin hakimiyyət, səmərəli idarəetmə, Ermənistanın keçmiş hakimiyyət sisteminə dəstək verən bir sıra dairələrdə və onların rus tərəfdaşlarında, yaxud müttəfiqləri sırasında Moskvada Ermənistana qarşı etimadsızlıq yaradılması üzrə fasiləsiz səy göstərilməsinə davam etməsi də diqqətdən yayınmır. Bu o deməkdir ki, Moskva göz yaşlarına inanmır”.
Türkiyəli politoloq Engin Özer isə vurğulayır ki, belə vəziyyətdə Paşinyanın hökumət başçısı kürsüsündə çox qalmayacağını ehtimal etmək olar: "Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Kremlin etibarını itirib. Onun bəyanatlarına və davranışına Moskvanın belə reaksiyası anlaşılandır və bu münasibət erməni baş nazirin ardıcıl olmayan xarici siyasət kursu ilə bağlıdır. O, gah Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxaracağını deyir. Ardınca isə Rusiyanın İrəvanın strateji tərəfdaşı və ən sadiq müttəfiqi olduğunu bildirir. Bununla yanaşı, Paşinyan Vaşinqton nümayəndələri ilə sıx ünsiyyət qurmağa davam edir. Bu səbəbdən ruslar ona etibar etmir, onunla işləmək istəmirlər. Kremlin xahişinə rəğmən, erməni baş nazirin Rusiyayönlü Robert Köçəryanı təqib etməsi də burada böyük rol oynayır". Ekspert vurğulayıb ki, Qərb ölkələri də Paşinyanın siyasətindən narazıdırlar: "ABŞ-dan xarici investisiyanın həcminin azalması Paşinyanı ciddi narahat edir. Bundan əlavə, Donald Tramp administrasiyası İrəvandan Suriyadan hərbi kontingenti çıxarmağı tələb etməyə davam edir. Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin erməni kontingentini artırmaq təklifi barədə məlumat yayılır. Paşinyana etibar etmədikləri üçün Parisdə də onun siyasəti narazılıq doğurur".
Onun fikrincə, Paşinyan Ermənistanda ictimai-siyasi vəziyyətə nəzarət edə bilməyən çox zəif liderdir: "Hesab edirəm ki, o, hakimiyyətdə çox qalmayacaq. Hətta Ermənistanda dövlət çevrilişi də baş verə bilər. Yaxud Paşinyanın siyasi rəqibləri onu baş nazir vəzifəsindən istefa verməyə məcbur edə bilər".
Nahid SALAYEV