Son vaxtlar hamımızın Cənubi Azərbaycandakı milli azadlıq hərəkatının lideri kimi tanıdığımız Mahmudəli Çöhrəqanlının addımları və davranışlarında qəribə halın müşahidə edildiyini görürük. Əvvəl böyük ümidlər bəslənən bu adam hazırda xaricdən yayımlanan və Azərbaycanın bütün simvollarını söyüşlə təhqir edən Qurban Məmmədovun internet televiziyasının ekspertinə çevrilib. Ən maraqlısı budur ki, Qurban Məmmədov Çöhrəqanlı boyda kişidən əsl söyüş və təhqir makinası düzəltməyi bacarıb.
Bundan əvvəlki yazılarımızdan birində Çöhrəqanlının mərhum prezident Heydər Əliyev barədə işlətdiyi nalayiq ifadələr barədə yazmışdıq. Həmin yazıda Çöhrəqanlının adına-sanına yaraşmayan söyüşcül radikallarla eynilik təşkil edən mövqeyi kəskin tənqid edilmişdi. Çöhrəqanlının gələcək davranışları isə göstərir ki, o həm də müxalif düşüncəli insanlara qarşı da aqressivdir və onları da təhqir etməkdən çəkinmir.
Xalq şairi Sabir Rüstəmxanlı özünün sosial şəbəkədəki hesabında Çöhrəqanlının ona qarşı olan davranışı barədə maraqlı yazı paylaşıb. Sabir bəyin yazısından belə başa düşülür ki, cənublu siyasətçi onun da bostanına daş atıb. Sitat: “Çöhrəqanlının Quzey Azərbaycanla və millətimizin taleyi ilə bağlı arzu və istəklərini təbii qəbul etsəm də, onun yaşına-başına yaraşmayan söyüş üslubu qəbuledilən deyil. Çünki ondan soruşarlar ki, sən Güney Azərbaycanımız üçün nə etmisən ki, məni Quzey Azərbaycanda xalq üçün çalışmamaqda ittiham edirsən? Mən sənin kimi irticadan qorxub xaricə qaçmamışam, 1988-ci ildən mübarizə meydanındayam və bütün başqa ədəbi, ictimai-siyasi fəaliyyətimi bir kənara qoyub, təkcə ölkəmin Müstəqillik Aktına qol çəkdiyimi xatırlatsam, bu, sənin mənə dil uzatmağının nə qədər gülünc bir iş olduğunu sübut etməyə yetər...”.
Sabir Rüstəmxanlı yazısında Çöhrəqanlıya mərhum Heydər Əliyevin mənəvi keyfiyyətlərini də örnək kimi göstərir: “Bu mənada, hətta söydüyün insandan da öyrənməli bir şey varsa, öyrənməlisən. Heydər Əliyev çörək kəsdiyi, yaxşılığını gördüyü və ya bir yolda olduğu adamı yaddan çıxarmaz və dedi-qoduya uyub fikrini dəyişməzdi. Başqalarından fərqli olaraq, mən illər uzunu sözümü-tərifimi də, tənqidimi də onun üzünə demişəm, sağlığında...”.
Xalq şairinin yazısında Çöhrəqanlının yeri gələndə erməni kartından da istifadə etməsi ilə bağlı qeyd var: “DAK həmsədri hörmətli Firudin Pərvizniya ilə ABŞ-a son səfərimiz zamanı Vaşinqtonda baş vermiş bir olay onun şüur səviyyəsini göstərdi və ona olan inamım sarsıldı. İndi məni ittiham etməsinin də kökü həmin hadisədədir. Biz Firudin bəylə ABŞ Konqresinə görüşə getməliydik. Proqram tutulub vaxt müəyyənləşdirilmişdi. Oteldən çıxmazdan yarım saat əvvəl Çöhrəqanlı gəldi, hara getdiyimizi biləndə dedi ki, məni də aparın. Böyük məmnuniyyətlə onun da bizimlə getməsini istərdik. Zəng vurub maraqlandıq, protokolda görüşdə Firudin bəylə mənim nəzərdə tutulduğumu dedilər. Çöhrəqanlının çığır-bağırı (sözün əsl mənasında) başlandı. "Mən getmirəmsə, siz də getməyin!". Hətta bizi Ermənistan səfirliyinə gedəcəyi ilə hədələdi. "Sən illər uzunu burdasan, istədiyin vaxt müraciət edib görüşə bilərsən, bizim gəlişimizi niyə gözləməlisən?" və s. sözlərimiz təsir etmədi. Onda mən sərtləşdim: "mən bu boyda yol gəlib burada sənin ərköyünlüyünə görə işimi poza bilmərəm" deyib görüşə getdim. Çöhrəqanlı getməsə də, oğlu həmin görüşdə mənim tərcuməçim idi və görüşün hansı səviyyədə keçdiyinin şahidi oldu. Aramızdakı soyuqluq həmin gündən başlandı...”.
Göründüyü kimi, Mahmudəli Çöhrəqanlı aparmalı olduğu mübarizəni bir kənara qoyub bizim ölkə ilə əlləşir. Buradakı dəyərləri, tanınmış şəxsləri söyüb təhqir edir. Onun bu davranışları necə dəyərləndirilə bilər?
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev qəzetimizə bildirdi ki, Mahmudəli Çöhrəqanlının Azərbaycanda yaxşı nüfuzu olub: “Bu onun apardığı mücadilə, çəkdiyi əziyyətlə bağlı idi. Ola bilər ki, gənc nəslin nümayəndələri onu o qədər də yaxşı tanımırlar. Ancaq yaşlı və orta nəsil Çöhrəqanlını gözəl xatırlayır. İranda gördüyü təqiblərə görə mühacirətə getməyə məcbur oldu. Onun önündə böyük bir mübarizə meydanı var. Mən başa düşə bilmirəm, niyə Çöhrəqanlı bələ fəaliyyətə start verib? Biz axı onu Orduxanla, Vidadi İsgəndərli ilə də eyni tuta bilmərik. Ancaq görünən budur ki, kimlərsə bilərəkdən Çöhrəqanlını məhv edir. Bəlkə yaşlı adamdır, bir az əsəbləri pozulub, niyə belə adamdan istifadə edirlər? Mən Qurban Məmmədovun internet televiziyasında Çöhrəqanlının çıxışlarına baxmışam. Çox biabırçı bir ritorika seçib. Maraqlıdır ki, Çöhrəqanlı hər dəfə söyüş söyəndə aparıcı ona əl çalır. Belə olmaz. Sabir bəyin yazısını oxuduqdan sonra Çöhrəqanlının halına lap acıdım. Hər halda, onun rəhbərlik etdiyi təşkilatda bu məsələni aydınlaşdırmalıdırlar. Çünki Çöhrəqanlı həm də bir hərəkatın təmsilçisi kimi danışır. Lazımdırsa, ona belə müsahibələr vermək qadağan edilsin. Belə olmasa, Çöhrəqanlı bütün bir hərəkatın adını rüsvay etmiş olacaq. Bəzi qüvvələrə bu sərf edir. Bəlkə də planlı şəkildə edib, bir güllə ilə iki hədəfi vururlar”.
Məhəmmədəli QƏRİBLİ