Cənubi Qafqazda ümumi geosiyasi mənzərəyə nəzər salanda bir daha aydın olur ki, işğalçı Ermənistan regionda təhlükəsizlik mühitinə xələl gətirən tərəf qismində qalmaqda davam edir. Belə ki, Ermənistanın davam edən təcavüz siyasəti regionda hər an yeni savaşı alovlandırmaq iqtidarındadır. Bunu artıq dünya dövlətləri də aydın görür və o da çox gözəl sezilir ki, regionda qeyri-müəyyənlik yaratmağa çalışan tərəf kimi İrəvanın addımları destruktiv nəticələrə gətirib çıxara bilər.
Hazırda Ermənistanın hərəkətləri bu qənaətə gəlməyə əsas verir ki, sözügedən ölkə rəhbərliyi Dağlıq Qarabağda yeni müharibə arzulayır. Bunu rusiyalı hərbi politoloq Aleksandr Perenciyev də təsdiq edir. Ekspert vurğulayır ki, Ermənistan Qarabağ məsələsində qeyri-konstruktiv mövqeyindən geri çəkilmək niyyətində deyil. Bu vəziyyətdə isə Azərbaycan rəsmi İrəvanı danışıqlar prosesinin səmərəliliyini artırmağa, yəni artıq qəbul olunmuş sazişləri həyata keçirməyə məcbur etmək üçün Ermənistan hərbi birləşmələri ilə açıq hərbi qarşıdurmaya keçə bilər. Beynəlxalq vasitəçilər isə bu savaşı dayandırmaq üçün hərəkətə keçməlidir və bu da Azərbaycanın əsas istəyidir: “Mənim fikrimcə, rəsmi Bakı, belə olan halda, Ermənistan və ATƏT-in Minsk Qrupunun həmsədrlərindən bu yolla getməyi tələb etməlidir: danışıqlar prosesinin hazırkı formada heç bir irəliləyişə töhfə vermədiyini qəbul edin, həmçinin, prosesin səmərəliliyini artırmaq məqsədilə onu modernləşdirin”.
Digər rus ekspert Aleksey Fenenko isə indiki vəziyyətdə Ermənistanın danışıqları açıq şəkildə pozan tərəf olduğunu diqqətə çatdırır. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan verdiyi bəyanatlarla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair 2016-cı ildə əldə edilmiş razılaşmaları pozur: “Moskvadan baxanda Paşinyanın “Qarabağ Ermənistandır” açıqlaması qəribə gəlir, çünki 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Qarabağ münaqişəsinin Rusiyanın vasitəçiliyilə həll olunmasına dair plan razılaşdırılmışdı”. Ekspertin fikrincə, bu kimi bəyanatların məqsədi Rusiya tərəfini sərt cavab tədbirlərinə təhrik etməkdir: “Əslində, bu açıqlama 2016-cı ilin bütün razılaşmalarından geri çəkilmək deməkdir. Belə çıxır ki, Ermənistanın bu məsələdə bir-birinə daban-dabana zidd iki mövqeyi var. Məntiqlə o, Rusiyanın əsəbiləşəcəyinə, bununla da münaqişəyə dair görülən bütün işləri sıfırlamaq üçün gözəl fürsət ələ keçəcəyinə bel bağlayırdı”. Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın bəyanatını şərh etmişdi. Zaxarova bunun ümumi prosesə zərər gətirdyini açıq etiraf edərək vurğulamışdı ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir: “Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir".
Aleksey Fenenko isə Mariya Zaxarovanın belə açıqlamasını təsadüfi saymır və qeyd edir ki, baş verənlər Rusiyada da qəzəblə qarşılanır. Ekspert bildirir ki, Paşinyanın Qarabağ məsələsi və xarici siyasətdə digər gedişləri, hələ də Qərbə meyllənmək cəhdləri Rusiyada ciddi narazılıqla qarşılanır. Bu fonda, Ermənistanın hazırkı rəhbərlərinin Avropa istiqamətli xarici siyasətinə toxunan rusiyalı ekspert Avropa İttifaqına həmsərhəd olmayan, Avropadan tam tədric olunan, dənizə yalnız Gürcüstan vasitəsilə çıxan bir ölkənin Avropaya hər hansı inteqrasiyası barədə bəhs etməyin yersiz olduğunu diqqətə çatdırıb: “Bu ölkənin, əslində, Avropa İttifaqına bir neçə növ bəzək daşdan başqa təklif etməyə heç nəyi yoxdur. Onun üçün də inteqrasiyaya ehtiyac yoxdur, elə həmin daşların tədarükünə dair İtaliya şirkətlərilə müqavilə bağlasalar kifayətdir”. Rusiyanın Ermənistandakı mövcud vəziyyətdən narahat olduğunu deyən ekspert səbəb kimi Ermənistanın Avrasiya İqtisadi İttifaqını tərk etməsi ilə bu təşkilata problemlər yarada biləcəyini qeyd edib: “Ermənistanın üzvlükdən çıxması Aİİ-də böhran olduğu barədə səs-küyə rəvac verəcək”. Bu səbəbdən ekspert Rusiyanın Ermənistana qarşı müəyyən cəza tədbirləri görəcəyini istisna etmir. Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə vurğulayır ki, Moskvanın cəza tədbirləri Qarabağ məsələsi, xarici siyasət, iqtisadi sferada İrəvanın daha zəif duruma düşməsi demək olacaq. Onun sözləriən görə, bütün bunların əsas səbəbkarı isə Paşinyandır: “Sorosçu Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırır. Onun başçılıq etdiyi komanda və onun özü Rusiyanı müttəfiq kimi qəbul etmir”. Keçmiş hakim partiyanın rəsmisi Paşinyanı Ermənistan-Rusiya münasibətlərinə zərbə vurmaqda ittiham edib: “Sorosçu bir adamın dəli kimi müttəfiqlik münasibətlərinə zərər verməsinə təəccüblənmədim. Üstəgəl, Baş nazirin səlahiyyətlərini yerinə yetirən bir şəxsin bu münasibətlərin pozulmasını səssiz izləməsi də təəccüblü deyil. Təkcə o yox, bütün komandası səssizdir. Ermənistanın təhlükəsizliyinin qarantiyası olan Rusiya ilə münasibətlər tamamilə korlanıb, onlar isə buna səs çıxarmırlar”. Şarmazanov hazırkı situasiyada ikitərəfli münasibətlərin qırılmağa doğru getdiyini və buna görə Paşinyanın məsuliyyət daşıdığını bildirib. O hesab edir ki, Azərbaycanın bu vəziyyətdən yararlanıb Qarabağ məsələsində fəaliyyətini aktivləşdirməsi də Ermənistanda artıq heç kimi təəccübləndirməməlidir.
Bu arada, İrəvanda Moskva əleyhinə atılan daha bir addım fonunda, Kremlin Ermənistana qarşı siyasətini sərtləşdirməsi də qaçılmaz sayılır. Məsələ bundadır ki, Ermənistanda Rusiyanın sürücülük vəsiqələrini qadağan etməyi düşünürlər. Bu barədə isə sosial şəbəkənin erməni seqmentinin istifadəçiləri Ermənistan polisinin rəis müavini Ovannes Köçəryana istinadən informasiya yayıblar. Rəis müavini beynəlxalq daşınmalar həyata keçirən sürücüləri istisna etməklə ölkə ərazisində xarici sürücülük vəsiqəsinə sahib sürücülərin idarə etdiyi nəqliyyat vasitələrinin daşınma və xidmətinin qadağan edilə biləcəyini söyləyib: “Sözügedən qadağa bu dövlətlərin arasında qarşılıqlı dostluq münasibətləri saxlandığı halda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşlarına şamil edilməyəcək”. Burada bir sual yaranır, rəis müavininin işarə vurduğu, Ermənistanın dostu olmayan kimdir? Sosial şəbəkə istifadəçiləri bunun Rusiya olduğunu yazır. Burada onu da xatırladaq ki, Rusiya qanunvericiliyi xarici sürücülük vəsiqəsi olan əcnəbilərin (rus dilinin ikinci rəsmi dil olduğu ölkələr istisna olmaqla) Rusiyada sürücü işləməsini qadağan edir. Ermənistan rus dilinin heç bir statusu olmadığı yeganə Avrasiya İqtisadi İttifaqı ölkəsidir.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bir qədər əvvəl sözügedən məsələyə münasibət bildirərkən qeyd edib ki, Rusiyada qəbul edilmiş qanun Ermənistana münasibətdə diskriminasiya xarakteri daşıyır. Çünki Ermənistandan başqa heç bir Avrasiya İqtisadi İttifaqı üzvünə qarşı bu cür tələb yoxdur. Bütün bunlara Ermənistanın siyasi sığınacaq verdiyi rus dissident Vitali Şişkinin də məsələsini əlavə etsək, o zaman mənzərə aydındır.
Xatırladaq ki, Rusiya vətəndaşı Vitali Şişkin anti-Rusiya fəaliyyəti, o cümlədən, ölkə rəhbərliyi və Prezident Putinə qarşı aksiyalarda özünü parlaq şəkildə göstərib. Şişkin sağ liberalların qeydiyyatdan keçməmiş partiyasının lideridir, avrointeqrasiya şüarları ilə çıxış edir və Qərb ölkələrinin Rusiyada müdafiəsinə qalxır.
“İravnuk“ qəzeti yazır ki, belə məqamlar Rusiyanı Ermənistandan uzaqlaşdırmaqdan başqa heç nəyə xidmət etmir: “Rusiyanın Ermənistandan uzaqlaşması bizim faktiki olaraq tək qalmağımız deməkdir. Bax, onda bizim əsl çətinliklərimiz başlayacaq. Məsələn, onda Qarabağ müharibəsinin yenilənməsi qətiyyən istisna deyil. Azərbaycan yaranmış vəziyyətdən maksimal dərəcədə yararlanmağa çalışacaq. Bu prosesdə Türkiyə də ona kömək edəcək. Rusiyanın isə inciklik üzündən proseslərə kənardan seyrçi qalması Ermənistanı hansı aqibətin gözlədiyini aydın təsəvvür etməyə imkan verir“.
Burada Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətlə inkişaf etməsini də unutmaq olmaz. Aydındır ki, belə vəziyyət Qarabağ münaqişəsinin həllini tezləşdirmək iqtidarındadır. Yaxın Şərq və Qafqaz ölkələri üzrə rus ekspert Stanislav Tarasov da qeyd edir ki, bu durumda İrəvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real addımlar atması zərurətə və qaçılmaz reallığa çevrilir: “Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin hazırda bir çox nüansı və şərtləri var. Məsələ sülh yolu ilə həll olunmasa, güc amili işə düşəcək. Beynəlxalq durum da bu xüsusda Azərbaycana lazımi imkanlar tanıyır”.
Burada diqqətdən yayınmayan bir cəhət odur ki, Ermənistan rəhbərliyi artıq ona Qərbdə də etimadın kifayət qədər zəiflədiyini çox gözəl dərk edir. Paralel şəkildə Rusiya ilə də münasibətlərin indiki halda olduqca korlanması Ermənistanı daha zəif duruma düşürür. Rusiyanın dəstəyinin zəiflədiyi bir məqamda Ermənistanın Avropa ümidlərinin doğrulacağını söyləmək mümkün deyil. Çünki hazırda Ermənistan Avropa üçün qətiyyən maraqlı dövlət sayılmır. Bu isə o deməkdir ki, Ermənistanın xarici siyasəti tam şəkildə iflasa uğrayır və bu da Qarabağ münaqişəsinin həllini tezləşdirə biləcək faktorlar sırasında yer alır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.