Rusiya-Ermənistan münasibətlərində son dövrlərdə yaranan problemlərin miqyasının daha da genişlənməsi müşahidə olunur. Ermənistanda hesab edilir ki, bu gedişlə qarşıdakı dövr ərzində Rusiyadan İrəvana yönəlik təzyiqlərin miqyasının artması qaçılmaz olacaq. Məsələyə münasibət bildirən erməni ekspert Anna Karapetyan vurğulayır ki, bu gün erməni-rus əlaqələrində böhran dərinləşir və Ermənistan hakimiyyəti artıq bu barədə açıq danışır”.
Karapetyan qeyd edib ki, Paşinyan “Nouvelle d'Arménie” jurnalına verdiyi müsahibəsində gərginlik haqqında açıq danışıb: “Paşinyan Ermənistan-Rusiya əlaqələri ilə bağlı növbəti dəfə suverenlik problemini vurğulamaqla öz şübhəsini bildirdi. Suverenlik vurğusu, xüsusilə erməni-rus əlaqələrinin kontekstində, Ermənistanın hazırkı hakimiyyəti yanında mürəkkəb vəziyyətə çevrilir. Özünütəsdiqetmə maniyası ölkə üçün lazımsız problemlər yarada bilər”. Erməni ekspert hesab edir ki, Rusiyanın əks tədbirləri çox sərt ola bilər: “Ermənistan hakimiyyəti indi suverenlik üçün mübarizə aparır, lakin onların fəaliyyətlərinə görə Rusiya suverenliyimizə real zərbə olacaq addımlar ata bilər. Nəticədə əlaqələrdə böhran dərinləşəcək və daha pis vəziyyətə düşəcəyik. Bu, çox incə oyundur, onu çox hazırlıqlı oynamalısan”.
Karapetyanın sözlərinə görə, Vladimir Putinin Avrasiya İqtisadi İttifaqının tədbiri çərçivəsində Ermənistana gözlənilən səfəri çox şeyi aydınlaşdıracaq. Amma Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmulyan bildirib ki, bu səfər erməni tərəfi üçün heç də xoş olmaya bilər. Ən azından, o baxımdan ki, Putin artıq Ermənistan qarşısında şərt qoyaraq, onun gəlişinə qədər sabiq prezident Robert Köçəryanın azadlığa buraxılmasını tələb edir. Köçəryanın buraxılması isə Nikol Paşinyanın, digərləri kimi, Rusiyanın vassalı olması anlamına gəlir: “İndiki vəziyyətdə Rusiyanın “Ren TV”, “Rossiya 24” kanallarının Köçəryan barədə yayımlarını hibrid müharibənin tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır. Biz buna ciddi yanaşmırıq”. Onun sözlərinə görə, Rusiya Ermənistana qarşı hibrid müharibəsi elan edib: “Müharibə informasiya müharibəsi ilə başlayır. Köçəryan isə bu hadisədə təsir agentidir. Onun suyunu rusmeylli qüvvələr toplamalıdır. Putin üçün ən anlaşılan təsvir o olduğuna görə məhz Köçəryan bu rola seçilib. Başqa sözlə desək, rus tərəfi üçün müqəvva lazımdır, bu halda isə Köçəryan müqəvva rolunu oynayır”. Onun fikrincə, Ermənistanda Rusiya dövlət kanallarının yayımının kəskin şəkildə məhdudlaşdırılmasına və qadağan olunmasına zərurət var: “Ermənistanda Rusiya kanallarının yayımını yalnız Rusiyanın Ermənistana qarşı hibrid müharibə elan etdiyi səbəbindən qadağan etmək lazımdır”.
İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan da rus kanallarının Köçəryansayağı verilişlər yayımlaması məsələsinə toxunarkən qeyd edib ki, Ermənistan hakimiyyətinin bir çox sahələrdə güzəştə getməsinə nail olmaq üçün Rusiya bu yolla psixoloji təsir etmək istəyir: “Köçəryanın işi ilə bağlı həm Ermənistanda, həm də Rusiyada məhkəmə və istintaq orqanlarına daha çox təsir etmək niyyətində olan şəxslər var”.
Bu arada xatırladaq ki, artıq Köçəryana görə Ermənistan hakimiyyəti daxilində ciddi ziddiyyətlər yaşanır. Belə ki, Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin Robert Köçəryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini konstitusiyaya zidd elan edib. Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan bildirib: "Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz".
Köçəryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, R.Köçəryanın Konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub. Yeri gəlmişkən, bundan əvvəl Köçəryanın digər vəkili Hayk Alumyan jurnalistlərə demişdi ki, Konstitusiya Məhkəməsi müdafiənin bütün dəlillərini qəbul edərsə, müvəkkili dərhal azadlığa buraxılmalı və cinayət təqibi dayandırılmalıdır. Hesab edilir ki, hadisələrin bu səpkidə inkişafına Rusiyanın Köçəryana dəstək verməsi əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla Rusiya həm də Paşinyanı sıxışdırır. Belə vəziyyətdə Paşinyan isə iddia edir ki, İrəvan Rusiya ilə münasibətlərdə çoxəsrlik komplekslərdən yaxa qurtarmalı və özünü bərabər tərəfdaş kimi göstərməlidir. “1.in.am“ portalı bu xüsusda yazır ki, Paşinyan Ermənistan-Rusiya münasibətlərində “mütiliyi aradan qaldırır”. Qeyd olunur ki, rusiyalı siyasi fəal, Rusiyada qadağan edilmiş “Rus etnosiyasi birliyi” təşkilatının Kaluqa bölməsinin sabiq rəhbəri, Ermənistanda qaçqın statusu almış Vitali Şişkinin ətrafında yaranmış vəziyyət buna əyani sübut hesab edilməlidir. O da bildirilir ki, Ermənistanın hakimiyyət orqanları “Moskvaya elə onun özü kimi cavab verməklə” tam layiqli hərəkət ediblər. Lakin erməni ekspertlər hesab edirlər ki, Paşinyanın Moskvaya dirəniş cəhdi sonda Ermənistanın daha böyük təzyiqlər dalğası ilə üzləşməsinə gətirib çıxaracaq. Köçəryan ətrafında baş verənlər və Moskvadan İrəvana ünvanlanan xəbərdarlıqların artması da bunu təsdiq edir.
Ermənistanın sabiq mədəniyyət naziri Akob Movses xatırladır ki, Moskva ona bağlı keçmiş hakimiyyət nümayəndələrini hərəkətə gətirib. Onun sözlərinə görə, Rusiyadan dəstək alan Serj Sarkisyan və Robert Köçəryanın təsiri heç də zəifləməyib: “Təəssüf ki, ölkəmizdə hazırda ikili hakimiyyət mövcuddur. Bizim qanuni hökumətimiz və pul hökumətimiz var. Ən qorxulusu odur ki, keçmiş oliqarxik hakimiyyət həm təbliğat, həm də xalq üzərində təsir baxımından hazırda heç də az hakim gücə malik deyil. Əlbəttə, bu, vətəndaş müharibəsi vəziyyətidir, bu vəziyyətdə nifrət alovlanır. Sabiq hökumət iqtidarda olduğu zaman topladığı hər şeyi aparıb, indi özünün hakimiyyətdən uzaqlaşmasına dözə bilmir və geri qayıtmaq istəyir. Rusiyadan dəstək isə onları daha da həvəsləndirir”. Onun fikrincə, keçmiş hakimiyyət başqa adla və ya başqa maska altında Rusiyanın dəstəyilə geri qayıtsa, Ermənistan daha pis vəziyyətə düşəcək.
Nahid SALAYEV