Milli Şura və “ReAl” partiyası arasında gərginlik səngimək bilmir. Tərəflər sosial şəbəkələrdə bir-birini sərt şəkildə ittiham edir.
“ReAl”ın icraçı katibi Natiq Cəfərli yazdığı "Facebook" statusunda “Milli Şura” və bu qurumda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının ona və “ReAl”a qarşı qarayaxma kampaniyası apardığını bəyan edib. Cəfərli qeyd edib ki, kampaniya “Milli Şura” rəhbərliyinə daxil olan şəxslər tərəfindən xüsusi olaraq qızışdırılır: "Fikri olub, beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə, hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa MŞ rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur, ancaq satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə MŞ-dan çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar".
Daha sonra N.Cəfərli “Milli Şura”ya üzv olan şəxsləri beyinsiz adlandırıb: "25 ildir xalqı dolayanların, aldadanların ritorikası ilə danışım - Gəlirik, Tikdəyik, Az qaldı, Hakimiyyət çökür, Hamısı qaçmağa hazırlaşır - beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola bilmirəm. Siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə".
N.Cəfərli, həmçinin, bu çirkin kampaniyada xüsusi fəallıq nümayiş etdirən Gültəkin Hacıbəylini canlı debata çağırıb: "Kimin hansı mövqedə olduğunu, kimin tez-tez mövqe dəyişdiyini xalq görür və buna xalq qərar verəcək, Gültəkin xanım yox. Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalist istənilən sualı versin, mən isə ondan bir zaman nədən “ReAl”a gəlmək istədiyini, nə cavab aldığımı soruşacağam. Cavab gözləyirəm".
Bütün bunlarla əlaqədar tərəflərin mövqeyini öyrənməyə çalışdıq.
Natiq Cəfərli: “Fikirləşdik ki, Gültəkin üçüncü dəfə deputat olmadığına görə qəzəblidir və onun müxalif düşüncəsi ideoloji yox, qəzəbdən doğub”
Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən “ReAl”ın icraçı katibi Natiq Cəfərlinin sözlərinə görə, “ReAl”ın və onun sədri İlqar Məmmədovun nüfuzu “Milli Şura”da bəzi insanlar üçün problemə çevrilir: “Ona görə də AXCP başda olmaqla, oradakı müəyyən qüvvələr çalışırlar buna xələl gətirsinlər. İstəmirlər ki, müxalif düşərgədə fərqli düşüncəyə malik insanlar olsun. İstəyirlər ki, hamını bir-bir sıradan çıxarıb meydanda tək olsunlar. Neçə vaxtdır bu yolla gedirlər. Bunlar öyrəşmişdilər ki, hücum edəcəklər, amma cavab almayacaqlar. Ancaq biz ilk dəfə onların qarşısına çıxıb buna dur dedik. Nəticədə onların arqumentləri bir-bir sıradan çıxmağa başladı. Başladılar təhqirə keçməyə. Ancaq bu onların ziyanına işlədi”.
N.Cəfərli Gültəkin Hacıbəylinin bir zamanlar “ReAl”a gəlmək istəməsi məsələsinə də aydınlıq gətirdi: “2010-cu ilin parlament seçkilərindən sonra Gültəkin xanımın “ReAl”ın idarə heyəti ilə görüşü oldu. Xeyli söhbət etdik və qərara gəldik ki, ikinci görüş də olsun. Sonra öz aramızda müzakirələr apardıq və ikinci görüşə ehtiyac olmadığı səsvermə yolu ilə qəbul edildi. Fikirləşdik ki, Gültəkin üçüncü dəfə deputat olmadığına görə qəzəblidir və onun müxalif düşüncəsi ideoloji yox, qəzəbdən doğub. O üzdən, ikinci görüşü məsləhət bilmədik ki, bu barədə onunla ətraflı danışaq”.
Nurəddin Məmmədli: “Ümumiyyətlə, bu məsələ barəsində danışmaq istəmirəm”
Məsələ ilə bağlı AXCP-nin sədr müavini Nurəddin Məmmədli ilə əlaqə saxladıq. Maraqlıdır ki, o bu məsələyə münasibət bildirib səslənən ittihamlara cavab vermək əvəzinə, tam fərqli yanaşma sərgilədi: “Niyə məhz müxalifətdaxili məsələlər olanda mənə sual verirsiniz? İqtidarla bağlı məsələlərdə nədənsə sual vermirsiniz, ancaq bu məsələdə sual verirsiniz. Ümumiyyətlə, bu məsələ barəsində danışmaq istəmirəm”.
N.Məmmədliyə məsələyə bu cür yanaşması barədə bir sıra suallar vermək istəsək də, o, telefonu söndürdü.
Əvvəla jurnalistin borcu deyil müxalifət funksionerinə ancaq iqtidarla bağlı sual versin. İstənilən mövzuda sual vermək jurnalistin öz azad hüququdur. Partiya funksionerinin də borcudur ki, ona ünvanlanan suallara cavab versin. Digər tərəfdən, demokratiyadan danışan partiya funksionerinin belə yanaşma sərgiləməsinin özü elə ən böyük antidemokratik olmağın əyani göstəricisidir.
Vidadi ORDAHALLI