Məlum olduğu kimi, Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla rusiyalı həmkarı Nikolay Patruşev arasında görüş keçirilib. Rusiyanın Təhlükəsizlik Şurasının mətbuat xidmətinin görüş barədə yaydığı məlumatda bildirilir ki, Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik şuraları aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti vasitəsilə sıx əlaqələrin davam edəcəyinə dair razılığa gəlinib.
R.Usubovla N.Patruşev arasında keçirilən danışıqlarda terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, o cümlədən, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb. Tərəflərin sərhədlərdə birgə layihələrin reallaşması, hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək haqda razılıq əldə etdiyi bildirilib.
Sərhədlərdə birgə layihələrin reallaşması, hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi sahəsində əldə onunan razılaşmalar iki ölkə arasında hansı irəliləyişə səbəb ola bilər?
Arzu Nağıyev: “Üst-üstə düşən xətlərimiz məhz bu istiqamətdə olduğu üçün, birgə tədbirlərin həyata keçirilməsi daha məqsədəmüvafiqdir”
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Bakıda keçirilən görüş böyük əhəmiyyətə malikdir: “Cənab Usubovla Nikolay Patruşev arasında keçirilən görüşün əsas məğzi hər iki ölkənin təhlükəsizliyinə olan təhdidlərin qarşısının alınmasından və bu istiqamətdə atıla biləcək birgə addımlardan ibarət olub. Tərəfləri əsas narahat edən məsələlər terrorizm, separatizm və digər istiqamətlərdəki problemlərdir. Sərhədlərlə bağlı olan həssaslıq da başadüşüləndir. Çünki bizim ümumi sərhədlərimizin olduğu ərazilərdə terrora nisbi meyllilik var. Söhbət Rusiyanın cənubu, Azərbaycanın isə şimalında terrora meylli ocaqların olmasından gedir. Zaman-zaman hər iki ölkənin əlaqədar qurumları belə yuvaları zərərsizləşdirib. Bu o demək deyil ki, həmin ərazilər nəzarətsiz buraxılmalıdır. Belə tədbirlərin hər iki ölkənin birgə səyi ilə keçirilməsi daha ciddi effektə malik ola bilər. Təhlükəsizlik katibləri arasında əldə olunan razılıqlar bir qoşun növünü əhatə etmir. Bütün silahlı qüvvələr və hüquq-mühafizə orqanlarının bu istiqamətdə işinin qarşılıqlı koordinasiyası ciddi nəticələrə gətirib çıxara bilər. Bundan başqa, bizim birgə sərhədlərimiz həm də Xəzər dənizindədir. Orada da qaçaqmalçılıq, narkoticarətə qarşı fəaliyyət göstərilə bilər. Üst-üstə düşən xətlərimiz məhz bu istiqamətdə olduğu üçün, birgə tədbirlərin həyata keçirilməsi daha məqsədəmüvafiqdir. Biz terror təhdidindən də əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu aydın sezilir. Belə təhdidlərlə effektli mübarizə üçün informasiya mübadiləsinin aparılması da zəruridir. Düşünürəm ki, keçirilən görüşdə hər iki ölkəni qane edəcək nəticələr əldə olunub”.
Məhəmmədəli QƏRİBLİ