“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Facebook” səhifəsində son günlər KİVDF-yə qarşı başladılmış qərəzli kampaniya ilə bağlı status paylaşıb:
A.Quliyev yazır:
“Azərbaycan Prezidentinin mətbuat siyasətində ən uğurlu və daimi layihə olan KİVDF-yə qarşı daha bir qərəzli, olmayan şeyləri xüsusi niyyətlə şişirdən kampaniyanın şahidi oluruq. Vüqar Səfərli jurnalistlərə Prezidentin hədiyyəsi olan mənzillərə “kupça”ların qanuni prosedurlar çərçivəsində mütləq veriləcəyini dediyi halda, bəzi həmkarlarımız kontekstdən çıxarılmış bir sözdən yapışaraq top kimi ora-bura vurmaqla məşğul olur, bu zaman ümumi şəkildə necə ziyankar iş gördüyünün fərqinə varmır.
Hiss olunur ki, bəzi həmkarlarımız, sadəcə, vicdanlı yanılma ilə "vay-vay, evimizi əlimizdən alacaqlar" kimi əsassız hay-küyə getdikləri halda, bəziləri hallandırdıqları məsələdə tam qərəzli olduqlarınu özləri də əla başa düşür, ancaq "hara dəyməyi vacib deyil, təki top hərəkətdə olsun" prinsipi ilə hərəkət edir. Bu isə jurnalist obyektivliyi deyil, "dostlar"!
Maraqlıdır ki, KİVDF-yə qarşı biz indiyə qədərki kampaniyalarda adətən radikal müxalifətçiləri, "trolları", bəzi uğursuz baş redaktorları, xaricdə məskunlaşmış söyüş dəstəsinin üzvlərini görərdik. Bu gün isə hətta KİVDF-nin xətti ilə bu təşkilatın sayəsində mənzil almış bəzi jurnalist həmkarlarımızı da KİVDF-ni qaralayıb hörmətdən salmaq kampaniyasına qoşulan görürük. Heç yaxşı görüntü deyil...
Həmkarlarımıza qısa bir xatırlatma... Radikal müxaliflərin, söyüş mühacirlərinin apardıqları kampaniyanın hədəfi belə idi: "Dünyaya KİVDF-ni özünü guya doğrultmayan təşkilat kimi tanıtmaq, beləliklə, Prezidentin mətbuat siyasətinin ümumən tutarsız olduğu görüntüsünü yaratmaq". Aşkar görünür ki, əsas məqsəd KİVDF-ni üzə tutaraq Prezidentin mətbuat siyasətini və Administrasiyanın ictimai-siyasi şöbəsini hədəfə almaqdır. İndi bizim mənzil almış bəzi həmkarlarımızın da qoşulduğu kampaniya KİVDF-ni qaralamağa və hörmətdən salmağa xidmət edir. Hər iki halda arxa hədəf ölkə Prezidentinin mətbuat siyasəti deyilmi?!...
Ayıq olun həmkarlar, tora düşürsünüz..."Vüqar Səfərli jurnalistlərin mənzilinə “kupça” vermək istəmir" kimi absurd şeyləri yazmaq üçün obyektivliyi hansı həddə qədər itirmək lazımdır? Birinci binadakı jurnalistlər “kupça” alandan sonra mənzil haqqı ödəməkdən azad oldular" kimi yalan və məntiqsiz fikirləri yaymağın adı nədir? Azərbaycanın harasında yeni binalardakı mənzil sahibləri qanuni aylıq haqq ödəməkdən azad olunublar? Birinci binada kimlərsə özünü ərköyünlüyə qoyub mənzil haqqı ödəmirsə, buna görə Vüqar Səfərlini gərəyindən çox dözüm göstərdiyinə görə qınayanları haqlı saymaq olar. “Kupça”nın olub-olmaması heç bir halda jurnalisti mənzil haqqı ödəməkdən azad edə bilməz.
Daha bir xatırlatma... Radikallar, mühacirlər, bəzi uğursuz baş redaktorlar KİVDF-ni guya özünü doğrultmayan təşkilat kimi qaralama kampaniyası aparanda bugünkü kampaniyaya qoşulan bəzi "mübariz həmkarlarımızın” heç səsi çıxmadı... Onlar heç olmasa deyə, yaza bilərdilər ki, sizin ləğvinə çalışdığınız bu təşkilatın sayəsində biz ölkə Prezidentindən hədiyyə-mənzil aldıq. Düşündürücü deyilmi?!
Sağ-salamatlıqla yaşayın... Ancaq qəflətə qapılanlara dostcasına xatırlatmaq istəyirəm ki, səmərəli ölkə idarəçiliyində jurnalistləri özünün ən yaxın müttəfiqi və dostu sayan Prezidentin jurnalistlərdən gözlədiyi yalnız ədalətli informasiya və təhlillərdir, onun yaratdığı təşkilatı qaralama kampaniyaları yox...”.