Azərbaycanda həyata keçirilən sosial siyasətin önündə daim vətəndaş amili dayanıb. İnsanların həyat və yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün zaman-zaman sosial-iqtisadi islahatlar həyata keçirilir. Ölkə başçısının həyata keçirdiyi uğurlu daxili siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın yeni sosial və iqtisadi inkişaf modeli bir sıra ölkələr üçün nümunə göstərilir. Son zamanlar sosial sahədə dərinləşən islahatlar, bir-birinin ardınca qəbul olunan sosial paketlər ümumən əhalinin, xüsusən də ən həssas və aztəminatlı təbəqənin sosial vəziyyətini yaxşılaşdırmağa xidmət edir.
Lakin görünən odur ki, həyata keçirilən islahatlar, bu çərçivədə qəbul edilən sosial paket müxalifəti narahat edir. Onlar nəinki hər şeyə qara eynəklə baxırlar, hətta sosial şəbəkələr vasitəsilə gecə-gündüz antitəbliğatlar da aparırlar ki, guya ölkədə hər şey pisə doğru gedir, görülən işlər, aparılan islahatlar, insanların maddi durumunun yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasət təqdir edilməməlidir və s. Sosial şəbəkələrdə bütün vasitələrdən istifadə edirlər ki, qəbul edilən sosial paketi gözdən salsınlar. Xüsusən də müxalifətin radikal qolu bu işdə daha çox aktivlik göstərir. Cəmiyyətin fikir və düşüncələrini reallıqdan yayındıraraq başqa istiqamətə yönəltməyə çalışırlar. Müxalifətin radikal qanadının sosial paketdən narahat olması təsadüfi deyil. Çünki əhalinin sosial vəziyyəti yaxşılaşdıqca, onların tərəfdarlarının sayı azalmağa doğru gedir. Zatən, bu qüvvələrin cəmiyyətdə elə bir ciddi sosial dayaqları yoxdur. Müəyyən tərəfdarları var ki, onların da sayı elə çox deyil. Bu tərəfdən də qəbul edilən sosial paket onların onsuz da az olan tərəfdarlarının sayını bir qədər də azaldır. Ona görə də müxalifət əhalinin sosial vəziyyətinin yaxşılaşmasından narahatdır. Onlar istəyirlər ki, əhalinin sosial vəziyyəti pisləşsin və bu minvalla tərəfdarlarının sayı artsın. Ölkədə gərginlik yaransın və bundan öz məqsədləri üçün istifadə etsinlər.
Məhərrəm Zülfüqarlı: “Onların arzusu odur ki, əhalinin sosial vəziyyəti pisləşsin və bu, ölkədə sosial narazılıqlara gətirib çıxarsın”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, müxalifət əhalinin sosial vəziyyətinin yaxşılaşmasından ona görə narahatdır ki, bu onların sonunu yaxınlaşdırır: “O üzdən, bu qüvvələr fikirləşir ki, vəziyyət nə qədər pisləşsə, bu onlar üçün o qədər yaxşıdır. Xüsusən də məlum radikal müxalifət. Ona görə də onlar hər vəchlə sosial şəbəkələrdə sosial paketə yönəlik təbliğat aparırlar. Onun səmərəsini gözdən salmağa çalışırlar. Böhtan atırlar ki, görülən işləri qaralasınlar. Bir sözlə, radikal müxalifət əhalinin sosial vəziyyətinin yaxşılaşmasından bərk narahatdır və bunu danmaq olmaz. Hesab edirlər ki, işlərin bu templə getməsi onların siyasi arenadan tamamilə silinib getməsinə gətirib çıxaracaq. Müxalifətin arzusu odur ki, əhalinin sosial vəziyyəti pisləşsin və bu, ölkədə sosial narazılıqlara gətirib çıxarsın. Onlarda azacıq da olsa obyektivlik olsaydı, o zaman bunu müsbət dəyərləndirərdilər. Ancaq, göründüyü kimi, buna cəsarətləri çatmır. Çünki bu qüvvələr uzun illərdir qaraya ağ, ağa qara deməklə məşğuldurlar”.
Vidadi ORDAHALLI