Çərşənbə günü Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin ölkənin sabiq prezidenti Robert Köçəryanın konstitusiya quruluşunu devirməkdə günahlandırılaraq həbs olunduğu 35-ci maddəsini Konstitusiyaya zidd elan edib.
Qərarı Konstitusiya Məhkəməsinin rəhbəri Hrayr Tovmasyan oxuyub: "Müzakirələrdən sonra ölkənin Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 35-ci maddəsinin konstitusiyaya zidd olması barədə qərar qəbul etdi. Bu qərar qətidir və ondan şikayət verilə bilməz".
Köçəryanın vəkili Aram Vardevanyan da qeyd edib ki, 35-ci maddə konstitusiyaya zidd hesab olunub. Bu o deməkdir ki, Robert Köçəryanın konstitusiya ilə təmin edilmiş şəxsi azadlıq hüququ pozulub. Vəkil, həmçinin, bildirib ki, 35-ci maddənin ləğvi Köçəryanın əsas ittiham olunduğu 135-ci maddəni də qüvvədə saxlaya bilməz. Çünki 35-siz 135-in mövcudluğu mümkün deyil.
Yeri gəlmişkən, bundan əvvəl Köçəryanın digər vəkili Hayk Alumyan jurnalistlərə demişdi ki, Konstitusiya Məhkəməsi müdafiənin bütün dəlillərini qəbul edərsə, müvəkkili dərhal azadlığa buraxılmalı və cinayət təqibi dayandırılmalıdır. Ermənistan KİV-i qeyd edir ki, yaranmış vəziyyət Köçəryanın tezliklə azad olunacağını şərtləndirir. Köçəryanın ətrafında proseslər hansı axarla davam edəcək?
Hatəm Cabbarlı: “Konstitusiya Məhkəməsinin nə qərar verməsindən asılı olmayaraq, Köçəryan hələ həbsdə qalmalı olacaq”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs ediləndən sonra Paşinyana müxalif olan KİV-in, demək olar, hamısı sabiq ölkə başçısının həbsinin qanunsuz olduğunu yazırdı: “Maraqlıdır ki, Ermənistanın Konstitusiya Məhkəməsi də öz qərarını elan etdi. Yəni hüququn möhürü ilə təsdiqlədi ki, Köçəryanın həbsdə saxlanması qanunsuzdur. Mən hesab emirəm ki, həmin qərarda Köçəryanın tez bir zamanda azad olunacağı üçün əl yeri qoyulub. Sadəcə, Cinayət Prossesual Məcəlləsinin iki maddəsinin konstitusiya ilə uzlaşmadığını qərara salıblar. Ermənistandakı müxalif KİV bunu əsas götürüb Köçəryanın işinə xitab veriləcəyini yazırlar, Paşinyana yaxın olan media isə belə ehtimalları təkzib edir. Ölkənin baş prokurorunun müavini verilən qərarın yekun akt olmadığını bəyan edir. Ümumən bu qərar Ermənistanın daxilindəki proseslərə ciddi təsir edib. Paşinyan əleyhdarları çox fəallaşıblar. Ancaq Paşinyan hakimiyyətinin davranışları heç də Köçəryanın tez bir zamnda azad ediləcəyini söyləməyə əsas vermir. Bu bir daha göstərir ki, Nikol Paşinyan hələ də hakimiyyətin bütün qollarına tam nəzarət edə bilmir. Paşinyan anlayır ki, belə vəziyyətdə Köçəryan sərbəst qalarsa, onun hakimiyyəti üçün ciddi təhlükə yarana bilər. Bu baxımdan da Konstitusiya Məhkəməsinin nə qərar verməsindən asılı olmayaraq, Köçəryan hələ həbsdə qalmalı olacaq”.
Məhəmmədəli QƏRİBLİ