Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə şərh verib.
Mariya Zaxarova brifinqdə iştirak edən azərbaycanlı jurnalistlərdən birinin sualı əsasında bu haqda danışıb: “Biz bundan çıxış edirik ki, şübhəsiz, daxili ritorika var və elə daxili quruluş var ki, siyasi partiyaların, hərəkatların mövqeyini əks etdirir. Nəzərə alaraq ki, biz demokratik dövlətdən danışırıq. Və həmin sülh prosesi var və onun iştirakçıları var, məsələnin dinc yolla nizamlanmasına dair beynəlxalq səylər var. Və şübhəsiz ki, biz tərəflərin bəyanatlarının dinc nizamlanmaya yönəlmiş bu ümumi səylər kontekstinə uyğun gəlməli olduğundan çıxış edirik”.
Rusiya XİN nümayəndəsi əlavə edib ki, “nifaq alması” rolunu oynayan və oynaya biləcək hər bəyanatdan sonra danışıqlar prosesində əvvəlki mövqeyə qayıtmaq həmişə çox mürəkkəb olur: “Belə bəyanatlar əlavə suallar doğurur, yaxud kövrək danışıqlar prosesinin balansını pozur. Biz təəsüf ki, belə bəyanatları müxtəlif tərəflərdən, müxtəlif səviyyələrdə eşitmişik və eşitməkdə davam edirik. Çox istərdik ki, daxili siyasi proseslərə nə qədər hörmət etsək də, demokratik modellərdə insanların istənilən mövzuda danışmaq, siyasi gündəm formalaşdırmaq hüququnun olduğunu anlayışla qarşılamaqla bərabər, bütün tərəflər başlıca məqsəddən çıxış etsinlər - tezliklə dinc nizamlanmaya nail olmaq və bütün resursları bura yönəltmək”.
Göründüyü kimi, Rusiya rəsmisi Paşinyanın səsləndirdiyi məsuliyyətsiz bəyanatı tənqid edib. Zaxarovanın bu yöndə olan açıqlamasını qənaətbəxş hesab etmək olarmı?
Yeganə Hacıyeva: “Təəssüflər olsun ki, Paşinyan və Ermənistan rəhbərliyi bu cür obyektiv tənqidlərdən nəticə çıxarmaq əvəzinə, daha da azğınlaşır”
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, Zaxarovanın açıqlamasını normal qəbul edə bilərik: “Düzdür, həmsədr ölkə kimi, Rusiyanın mövqeyində bir qədər gecikmə hiss edilir. Buna irad tutula bilər. Çünki Paşinyan birbaşa danışıqlar prosesini pozan, sülhə xələl gətirən həmin açıqlamanı xeyli müddət əvvəl verib. Belə mövqe ilk növbədə həmsədrləri narahat etməli idi. Çünki Paşinyanın həmin bəyanatı ilk növbədə onların missiyasının fəaliyyətini kölgə altında qoyurdu. Ancaq biz hər hansı həmsədr ölkədən və xüsusilə də Rusiyadan həmin bəyantla bağlı impulsiv reaksiyanın verildiyinin şahidi olmadıq. Gecikmiş olsa da, Zaxarovanın mövqeyi bizi qane edir. Düzdür, bir qədər diplomatik tərzdə ifadə olunub. Belə də olmalıdır, çünki Zaxarova sıradan adam deyil, böyük bir ölkənin rəsmisidir. Nə qədər diplomatik tərzdə ifadə olunsa da, “tərcüməsi” hamıya aydındır. Zaxarava doğru olaraq vurğulayıb ki, rəsmilərin verdiyi bəyanatlarla münaqişə tərəflərinin daxilindəki siyasi qüvvələrin səsləndirdikləri bəyanatlar arasında ciddi fərq olmalıdır. Doğru olaraq qeyd edib ki, belə bəyanatlar danışıqlar prosesindəki balansı pozur. Təəssüflər olsun ki, Paşinyan və Ermənistan rəhbərliyi bu cür obyektiv tənqidlərdən nəticə çıxarmaq əvəzinə, daha da azğınlaşır. Paşinyanın Xankəndidə səsləndirdiyi məlum bəyanatın ölkə rəhbərinə yaraşmadığı qənaətinə onların özləri də gəlib. Təsadüfi deyil ki, Ermənistan XİN dərhal həmin bəyanatı malalamağa çalışdı. Ancaq xeyri olmadı. Bir daha sübut olunur ki, Paşinyan diletant siyasətçidir və Dağlıq Qarabağla bağlı sülh danışıqlarında heç bir ümidi doğruldan deyil. Hər halda, Rusiya tərəfi, sadəcə, Paşinyanın səhvlərini bəyanatlarla düzəltməklə deyil, ona daha ciddi təsir rıçaqlarını tətbiq etmək haqda düşünməlidir”.
Məhəmmədəli QƏRİBLİ