Məlum olduğu kimi, Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla rusiyalı həmkarı Nikolay Patruşev arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub.
Görüşdə N.Patruşev R.Usubovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik şuraları aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xəttilə sıx əlaqələrin davam edəcəyinə əminliyini vurğulayıb.
İki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə keçirilən ekspert məsləhətləşmələr zamanı terrorçuluqla və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, habelə informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb. İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi Rusiya-Azərbaycan münasibətlərində ehtiyac hiss olunan məsələ kimi dəyərləndirilə bilər. Məsələ ondadır ki, Rusiya böyük ölkə olmaqla yanaşı, həm də qonşu dövlətdir. İki ölkə arasında bir sıra sahələrdə geniş əməkdaşlığın olduğunu nəzərə alsaq, informasiya təhlükəsizliyi sahəsində də əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Bütün bunlarla yanaşı, informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıqda nələrə ehtiyac var və bu nə formada ola bilər?
Azər Həsrət: “Belə xoşagəlməz halların qarşısını almaq baxımından bu sahədə əməkdaşlıq lazımdır”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Azər Həsrət bununla bağlı bir sıra məqamlara toxundu: “Bəlli olduğu kimi, Azərbaycan MDB-nin üzvüdür və həm də Rusiya ilə ikitərəfli strateji əməkdaşlığa sahibdir. Bundan başqa, biz keçmiş sovet ölkəsi olduğumuz üçün iki dövlət arasında virtual müstəvidə ciddi bağlantılar var. Belə bağlantıların olması bir tərəfdən yaxşıdırsa, digər tərəfdən də informasiya təhlükəsizliyi məsələlərində narahatlıqlar üçün də əsas verə biləcək amildir. Çünki Azərbaycanı daxildən qarışdırmaq istəyən, xüsusən də ölkənin, ümumiyyətlə, inkişafını həzm etməyən qüvvələr rahat durmur. Həmin qüvvələr mümkün qədər çalışırlar ki, informasiya təxribatları ilə ölkədə qarmaqarışıqlıq yaratsınlar, Azərbaycanı gözdən salsınlar, vətəndaşları dövlətə qarşı yönəltsinlər. Bu işlərin də bir hissəsi Rusiyadakı bəzi dairələr tərəfindən həyata keçirilir. Fikrimcə, belə xoşagəlməz halların qarşısını almaq baxımından bu sahədə əməkdaşlıq lazımdır. Hesab edirəm ki, Azərbaycanın informasiya təhlükəsizliyi məsələlərində Rusiya ilə belə yaxın münasibətlər qurması və müzakirələr aparması faydalıdır. O baxımdan bu bizim üçün əhəmiyyətlidir. Digər bir tərəfdən Rusiyanın özünün də informasiya təhlükəsizliyi sahəsində problemləri var. Əlbəttə ki, Azərbaycan onun cənub qonşusu, xüsusən də Cənubi Qafqazda ən güclü dövlət olaraq Rusiyaya ən böyük fayda verə bilər. Yəni iki ölkə arasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı işbirliyi və təhlükələrin birgə dəf edilməsi baxımından bu müzakirələrin əhəmiyyəti çox böyükdür”.
Vidadi ORDAHALLI