Prezident İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib. Bu barədə Prezidentin Mətbuat xidmətindən “Trend”ə məlumat verilib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın xarici işlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdilər.
Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” elektrik stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən, istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” elektrik stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” elektrik stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” elektrik stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Dövləti başçısı stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirdi və bildirdi: “Stansiyanın açılışı çox əlamətdar hadisədir. Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və xarici işlər nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır.
Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”.