Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla rusiyalı həmkarı Nikolay Patruşev arasında görüş keçirilib. “Trend”in məlumatına görə, görüşdə iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiyanın Təhlükəsizlik Şurasının mətbuat xidməti də görüş barədə məlumat yayıb. Görüşdə N.Patruşev R.Usubovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik şuraları aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti vasitəsilə sıx əlaqələrin davam edəcəyinə əminliyini vurğulayıb.
Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın tempinin yüksək olduğunu qeyd edərək, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrin və hərbi-texniki əməkdaşlığın gələcək inkişafının reallaşdırılmasının vacibliyini bildirib.
R.Usubovla N.Patruşev arasında keçirilən danışıqlarda terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, o cümlədən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində əməkdaşlığa xüsusi diqqət ayrılıb.
Göründüyü kimi, İrəvan səfərindən sonra Bakıya gələn Patruşevin Prezident İlham Əliyev və TŞ katibi Ramil Usubovla görüşləri İrəvandakından xeyli fərqli məzmun kəsb edir. Xüsusilə onu qeyd edək ki, Azərbaycan TŞ katibi Ramil Usubov bu vəzifəyə təyin olunandan sonra ilk rəsmi görüşünü keçirib və diqqət çəkən məsələlər barədə müzakirə aparıb. Ramil Usubovun Azərbaycan Prezidentinin iradəsi ilə müzakirə etdiyi məsələlərin xarakteri bir daha göstərir ki, Ermənistanla Rusiyanın ali rəhbərliyi və müvafiq strukturları arasında çox ciddi problemlərin yaşandığı bir vaxtda Azərbaycan-Rusiya münasibətlərində fərqli dinamikanın şahidi oluruq. Bütün bunlar Azərbaycan Təhlükəsizlik Şurası ilə Rusiya TŞ-nın əməkdaşlığının dərinləşdirilməsi istiqamətində yeni mərhələnin başlandığını deməyə əsas verir. Görüş barədə informasiyalardan çıxan mühüm mesajlardan biri Azərbaycan və Rusiya TŞ katiblikləri aparatlarının yaxın əməkdaşlığı ilə bağlıdır. Bu, Azərbaycan TŞ katibliyinin Aparatının daha da təkmilləşdirilməsi istiqamətində davamlı addımların atılacağından xəbər verir.
Sərhədlərdə birgə layihələrin reallaşması, hərbi-texniki sahədə əməkdaşlıqların genişləndirilməsi barədə danışıqlar da yeni səhifələrin açılacağı barədə nəticə çıxarmağa əsas verir.
İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi Rusiya-Azərbaycan münasibətlərində ehtiyac hiss olunan məsələ kimi dəyərləndirilə bilər. Terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi indiki şəraitdə xüsusilə perspektivli görünür. Unutmayaq ki, Azərbaycan Ermənistanın təcavüzkar və terrorçu siyasətindən hələ də əziyyət çəkən ölkədir. Belə şəraitdə terrorla mübarizədə Azərbaycanın beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi həqiqətən böyük perspektiv vəd edir. Regionumuzda fəallaşmağa çalışan İŞİD, “Əl-Qaidə” terroruilə, çoxdan mövcud olan erməni terroru ilə mübarizədə Rusiya-Azərbaycan əməkdaşlığının davamlı gücləndirilməsinə həqiqətən ehtiyac var.
Baki-xeber.com