“Partiyamız müxalifətdə olsa da, çalışırıq Azərbaycanla dost olan dövlətlərlə əlaqələrin qurulmasına öz töhfəmizi verək”
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov sentyabrın 2-də Venesuela Bolivar Respublikasının Azərbaycanda rəsmi səfərdə olan xarici işlər nazirinin Asiya, Yaxın Şərq, Okeaniya dövlətləri üzrə müavini Ruben Dario Molina ilə görüşüb.
Görüşdə beynəlxalq vəziyyət, Azərbaycan-Venesuela dövlətlərarası iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi məsələləri ətraflı müzakirə olunub.
Sözügedən görüşlə bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanova bir sıra suallar ünvanladıq.
- Rauf müəllim, Venesuela rəsmisi ilə görüşməyiniz hansı zərurətdən irəli gəldi?
- Əvvəla Azərbaycan Kommunist Partiyası Beynəlxalq Kommunist Təşkilatının tam səlahiyyətli üzvüdür. Bizim partiyanın dünyanın bir çox ölkəsi ilə, o cümlədən, sosialist ölkələri ilə sıx əlaqələri var. Dünyadakı solyönümlü siyasi partiyalarla sıx əlaqələrimiz var. Hansı dövlətlərdə solçular hakimiyyətdədir, bizim həmin ölkələrlə əlaqələrimiz daha sıxdır. O cümlədən, Venesuela ilə. Bu, Venesuela rəsmiləri ilə ikinci görüşümdür. Birinci dəfə Venesuelanın Bakıda səfirliyi açılandan sonra belə bir görüş keçirildi. Səfirin təşəbbüsü ilə ilk görüş keçirildi. Bu görüşün baş tutmasında Venesuela Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Kommunist Gənclər İttifaqının lideri Ramon Paulos əlaqələndirici rol oynadı. Yeri gəlmişkən qeyd edim ki, onun anası milliyyətcə rus olsa da, yerli bakılıdır. O, Moskvadan Bakıya gəldi və məndən xahiş etdi ki, səfir görüşmək istəyir. Mən də bu təşəbbüsü qəbul etdim və səfirlə ilk görüşümüz belə alındı. O vaxtdan partiyamız Venesuelanın Bakıda səfirliyi ilə işgüzar əlaqədədir. Səfirlikdən xəbər gəldi ki, ölkə rəsmisi Ruben Dario Molina mənimlə görüşmək istəyir. Mən də bunu qəbul etdim. Beləcə, sentyabrın 3-də məlum görüşümüz alındı.
- Görüşdə hansı məsələlər müzakirə edildi?
- Görüşdə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsi, iki ölkə xalqları arasında olan dostluq və mehribanlıq münasibətlərinin dərinləşdirilməsi müzakirə edildi. Bildirdim ki, Azərbaycan Kommunist Partiyası müxalifətdə olsa da, çalışırıq Azərbaycanla dost olan dövlətlərlə əlaqələrin qurulmasına öz töhfəmizi verək. Hər bir siyasi partiya çalışmalıdır ki, öz dövlətinə, millətinə xidmət etsin. Biz də bir partiya olaraq öz dövlətimizin suverenliyinin möhkəmləndirilməsi, onun beynəlxalq aləmdə nüfuzunun artırılması üçün nə mümkündürsə, onu edirik.
- Venesuela ilə həmrəy olmaq həm də anti-ABŞ mövqeyinə sahib olmaq anlamına gəlir. Sizcə bu, Azərbaycanda necə qarşılana bilər?
- Azərbaycan Kommunist Partiyası və ümumiyyətlə, dünya kommunist hərəkatı imperializm, kapitalizm əleyhinə olan bir təşkilatdır. Venesuelada bu ölkənin milli xarakterinə uyğun olaraq sosializm quruluşu mövcuddur. AKP də dünyada hər hansı ədalətsizliyə qarşı öz mövqeyini bildirir, səsini qaldırır. Biz hesab edirik ki, imperialist qüvvələrin bu ölkəyə müdaxiləsi yolverilməzdir. ABŞ tərəfindən Venesuela hakimiyyətinə təzyiqlər Azərbaycan kommunistləri tərəfindən pislənir. Ona görə də biz Venesuela xalqı ilə həmrəyik. Görüşdə onu da bildirdim ki, Azərbaycan xalqı müharibənin acılarının nədən ibarət olduğunu yaxşı bilir. 90-cı illərin əvvəlləri çoxunun yadındadır. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda müstəqilliyin və əminamanlığın təminatını yaratdı.
Vidadi ORDAHALLI