Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində atılan bütün addımları Ermənistan rəhbərliyinin son dövrlərdə bir-birinin ardınca verdiyi absurd açıqlamalar, demək olar ki, heç edir. Bütün bunlar konfliktin çözümündə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin də fəaliyyətinin üzərindən xətt çəkilməsi deməkdir.
Eyni zamanda, baş verənlər Azərbaycanın məsələnin həlli istiqamətində hərb yoluna daha çox meyllənməsini də şərtləndirir. Xarici işlər naziri Elmar Məmmədyarov da Böyük Britaniya və Şimali İrlandiya Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri Ceyms Layl Şarpla görüşündə məsələnin bu tərəfinə toxunaraq qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə Ermənistan rəhbərliyinin son bəyanatları kölgə salır və bölgədə gərginliyin artmasına xidmət edir. Nazir bütün bunların danışıqlar prosesinə xələl gətirdiyini xüsusi vurğulayıb.
Ümumiyyətlə, ekspertlər hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Nikol Paşinyanın “yeni yanaşmaları” mürəkkəb bir vəziyyət yaradır.. Düzdür, onun mövqeyi Ermənistanın özündə belə məsxərəyə qoyulmaqdadır. Çünki onun Azərbaycanın SSRİ-nin tərkibindən çıxması proseduru ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan ərazisi olaraq işğal edilməsi faktı arasında paralel aparması və bu hadisələr arasında eyniyyət axtarması hansısa hüquq və məntiqə sığmır. Eləcə də “Dağlıq Qarabağ Ermənistandır, vəssalam” kimi sərsəm bəyanata imza atan Nikol Paşinyan bununla ölkəsinin işğalçı siyasət yürütməsini təsdiqləmiş olur. Qondarma qurumun sabiq “təhlükəsizlik şurasının sədri” Vitali Balasanyan yenidən bu məsələyə nəzər salaraq bildirir ki, Ermənistanın ali hakimiyyəti Paşinyanın simasında verdiyi bəyanatla Ermənistanı işğalçı dövlət kimi tanıdığını dünyaya bəyan edib: “Paşinyanın işğal olunmuş Azərbaycan torpaqlarında səsləndirdiyi “Qarabağ Ermənistandır, vəssalam” təxribatçı çağırışı hələ də müxtəlif dairələrdə qızğın müzakirə edilir. Paşinyanın səsləndirdiyi bu bəyanatdan 1 ay keçsə də, indiyədək nə baş nazir, nə də iqtidar qanadından hər hansı biri əlavə açıqlama verib. Amma bu çağırışın altında böyük təhlükələr dayanır. Ermənistan hakimiyyəti nə barədə danışdığını bilmir. Bu cür bəyanatı yalnız siyasi cəhətdən zəif insan edə bilərdi. Əks halda bəyanatın müəllifi bununla sətiraltı nə demək istədiyini açıqlamalı idi. Siyasi reytinqi yüksək saxlamaq üçün bu cür üsullara əl atmaq olmaz”.
Bu açıqlamadan aydın görünür ki, hətta ermənilər özləri də Paşinyanın absurd mövqedə olduğunu qəbul edirlər. Rusiyalı siyasi ekspert Yevgeni Mixaylov da qeyd edir ki, Paşinyanın Dağlıq Qarabağ və onun statusu ilə bağlı mövqeyi təxribatçıdır. Ekspertin fikrincə, belə yanaşma Azərbaycanla Ermənistan arasında onsuz da minimal səviyyədə olan dövlətlərarası münasibətlərin daha da kəskinləşməsi üçün səbəbdir: “Hesab edirəm ki, Paşinyan Rusiyanın birbaşa milli maraqlarının olduğu Suriyada və Yaxın Şərqdə mürəkkəb situasiyadan istifadə edərək, qəsdən vəziyyəti kəskinləşdirir. Bununla da erməni baş nazir digər problemlərlə məşğul olan güclü dövlətlərin diqqətindən yayınmaq və öz siyasi problemlərini dərhal həll etmək istəyir. Amma bu böyük yanılmadır. Çünki Moskva anlayır ki, Bakı güclü regional iştirakçı və müttəfiqdir və yeni erməni siyasətçilər Rusiyanın xeyirxahlığından yararlanmamalıdır”. Ekspert bildirib ki, İrəvanın manevr etməyə çox vaxtı qalmayıb, çünki o, Moskvanın dəstəyini itirə bilər: “İndiki reallıqda Rusiya Azərbaycana öz ərazi problemlərini həll etməyə imkan verə bilər”.
Digər ekspertlər də bildirir ki, Paşinyanın son açıqlamaları Ermənistanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayan tərəf olduğunu təsdiqləyir. Eyni zamanda o da aydın görünür ki, Paşinyan bu günə qədər verdiyi sözlərin heç birinə əməl etmədi və indi buna görə də xalqın fikrini yayındırmaq üçün belə populist çıxışlar etməsi Ermənistanın özü üçün böyük problemlər yaradır. Amma bunları diqqətə almayan Paşinyan xalqı problemlərdən, yarıtmaz idarəetmədən, iflasa uğrayan xarici siyasətdən yayındırmaq məqsədilə Qarabağ məsələsi ətrafında absurd mövqe sərgiləməkdən geri çəkilmir. Çünki ölkəsində və işğal altında olan Azərbaycan ərazisində yaşayan ermənilər arasında ultramillətçi əhval-ruhiyyəni gücləndirməklə diqqəti sosial, hakimiyyətdaxili problemlərdən, yarıtmaz idarəetmədən yayındırmaq istəyir. Amma belə vəziyyətdə Azərbaycan Ermənistana qarşı daha sərt mövqe tutmaq məcburiyyətində qalır. Daha doğrusu, Bakı bu gedişlə güc varitanını işə salmağa məcbur olacaq. Elə erməniləri də qorxudan məhz budur və bu səbəbdən düşmən ölkədə böyük əksəriyyət Paşinyanın son açıqlamalarını olduqca təhlükəli sayır. ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də bütün dünya ictimaiyyəti yaranmış durumda hadisələrin hansı səpkidə inkiaşf edəcəyini yaxşı bilir. Onlar aydın görür ki, Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzrə gedən müzakirələrə xələl gətirməklə məşğuldur. Azərbaycan tərəfi isə buna uzun müddət dözmək niyyətində deyil.
Əslində, indiyə qədər Azərbaycan Ermənistan rəhbərliyinin hərbi təcavüzü legitimləşdirmək cəhdlərinin heç bir perspektiv vəd etməyəcəyinə, ölkəmizlə sülh əldə olunmasa, sosial-iqtisadi inkişafın mümkünsüzlüyünü anlaya biləcəyinə ümid edirdi. Bakı bildirirdi ki, regionun gələcəyi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində, sülh şəraitində birgə yaşamasından asılıdır. Amma reallıq bundan ibarətdir ki, Azərbaycanın məsələyə belə yanaşmasını Ermənistan rəhbərliyi adekvat qiymətləndirməyə çətinlik çəkir. Elə bu da savaşı getdikcə daha çox tətikləyən faktora çevrilir. Bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov da xüsusi olaraq vurğulayır: “Son vaxtlar Ermənistanın hakim dairələrinin, sabiq prezidentlər də daxil olmaqla, verdikləri bəyanatlar göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan danışıqlar gözdən pərdə asmaq məqsədi daşıyır”. O bildirib ki, məhz bu vəziyyətdə ATƏT-in Minsk Qrupu iflic vəziyyətə düşüb: “ATƏT-in Minsk Qrupunun işi Dağlıq Qarabağın işğal müddətini uzatmaqdır. Çünki bu gün onların əldə etdiyi nəticə budur. Ona görə Azərbaycan tərəfi yalnız konstruktiv mövqe ətrafında danışıqlar apara bilər. Bu olmadığı təqdirdə, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın olmayacaq” kimi düşüncəyə sahib olan Ermənistan tərəfi ilə Bakı danışıq aparmalı deyil”.
Ş.Ramaldanov qeyd edib ki, hazırkı durumda işğala son qoymaq üçün Azərbaycanın yeganə yolu müharibədir: “Azərbaycan konkret antiterror əməliyyatı apararaq torpaqlarını işğaldan azad etməlidir. Çünki Azərbaycan üçün düşmən başqa bir yol qoymayıb. Ona görə də düşmən sülh danışıqlarını Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə bağlayır. Belədirsə, danışıqlar nəyə lazımdır? Baş nazirləri Paşinyan deyir ki, “Dağlıq Qarabağ Azərbaycanın olmayacaq”. Keçmiş prezident Serj Sarkisyan da bunu təkrar edir. Belə çıxır ki, indiyə qədər Azərbaycanı aldadıblar və bu danışıqlarda beynəlxalq qurumların iştirakı da Ermənistana xidmət etməkdir. Haçansa zəif Ermənistan müəyyən bir şəkildə ordan-burdan silahlandırılır, Azərbaycan da öz hesabına silah alır. Burada nəticə odur ki, Rusiya və digər dövlətlərin hərbi sənayesi inkişaf edir. Ancaq münaqişənin həlli yönündə bir faiz belə irəliləyiş yoxdur”. Ehtiyatda olan polkovnik hesab edir ki, Azərbaycan artıq gözləmə mövqeyindən əl çəkməlidir: “Biz nəyi gözləyirik? Nə qədər gözləyəcəyik? Artıq Ermənistan tez-tez qeyd etdiyim fikirləri ifadə etməklə bizdə müəyyən bir şəkildə vərdiş yaratmaq istəyir ki, artıq Qarabağ Azərbaycanın deyil. Digər tərəfdən, beynəlxalq qurumlar bunu tez-tez səsləndirməklə onları da buna vərdiş etdirməyə çalışırlar. Biz isə bəyanat verərək oturub gözləyirik. Nəyi gözləyirik? Ya yumruğumuzu masaya vurub məsələni həll etməliyik, ya da başqa yol yoxdur. Bizim gücümüz də, iradəmiz də, silahımız da var. Biz birlikdə öz torpaqlarımızı işğalçıdan azad edərək, qələbə bayrağını bərpa olunmuş sərhədlərimizdə qaldırmalıyıq. Başqa yolumuz yoxdur”. Digər ekspertlərin böyük əksəriyyəti də məsələyə məhz bu prizmadan yanaşır. Ermənistanın konstruktiv mövqe göstərməməsi, əslində başqa seçim yeri də qoymur. Azərbaycan tərəfi hərbi əməliyyatlara başalamamaq qərarı ilə düşmənə düşünmək üçün şans versə də, güzəştə getsə də, görünən budur ki, İrəvan bunları lazımınca qiymətləndirməyi bacarmır. Elə bu səbəbdən Qarabağda yeni böyük savaş gözlənir və onun başlanması artıq an məsələləsidir. Rusiyalı politoloq Aleksandr Skakov da vurğulayır ki, Azərbaycan və Ermənistan arasında hər an yeni savaş alovlana bilər: “Sülh prosesi başlamayıb. Münaqişənin həlli olmadan həqiqi sülhdən danışmaq olmaz. Ona görə hər an savaş başlaya bilər”. Bütün bunlara səbəb odur ki, Erməni rəhbərliyi üzündən danışıqların hansısa nəticələr verəcəyinə, faktiki olaraq, artıq heç kim inanmır. Ekspertlərin təhlili bu yöndədir ki, əslində, müharibə közərmiş haldadır, onun alovlanması üçünsə zaman qısalır. Bütün bunlara görə məsuliyyət daşıyan yeganə tərəf qismində isə Ermənistan çıxış edir. Bunu artıq beynəlxalq ictimaiyyət də aydın surətdə görür. Hər halda, hadisələrin gedişi yaxın tezlikdə yeni Qarabağ savaşını istisna etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.