Avropaya qaz tədarükü ətrafında rəqabətin getdikcə daha da dərinləşməsi müşahidə olunmaqdadır. Həm ABŞ, həm də Rusiya indiki şəraitdə Avropaya qaz satışı uğrunda, belə görünür, daha sərt rəqabətə başlayıb. Avropa ölkələri özləri də bu məsələdə iki cəbhəyə bölünüb. Onların bir qismi ABŞ, digər qismi isə Rusiya qazını almağa tərəfdardır. Burada ABŞ qazı ilə bağlı problem onun baha olması və yalnız tanker vasiətsilə Avropaya çatdırılmasıdır. Rusiya qazı isə siyasi səbəblərdən çəkişmə predmetidir.
Məhz belə bir vaxtda ABŞ, Polşa və Ukrayna təbii qaz tədarükü sahəsində əməkdaşlıq haqqında saziş imzalayaıb. Saziş Ukrayna qaz bazarının, Polşanın təbii qaz idxal infrastrukturunun, Ukraynadakı qaz anbarı infrastrukturunun və ABŞ qazının ixracı sahəsində əməkdaşlığa aiddir. Sənədi imzalayan dövlətlər Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsinin bütün Avropa üçün təhlükə yaratdığını da bildiriblər. Ukrayna prezidenti Vladimir Zelenski isə sözügedən layihənin Avropa ölkələri üçün qəbuledilməz olduğunu bildirərək, bununla yanaşı, təbii qaz tədarükünün şaxələndirilməsinin vacibliyini vurğulayıb. Polşa prezidenti Anjey Duda da eyni mövqeyni bölüşür. Onlar Ukrayna-Polşa-ABŞ üçbucağı çərçivəsində enerji müttəfiqliyinin Rusiyaya zərbə olacağını da bəyan ediblər. Rusiyalı senator Aleksey Puşkov isə bu məsələyə belə cavab verib ki, Ukrayna və Polşa prezidentləri öz cibləri üçün narahatlıq keçirir: "Zelenski və Duda bir həyəcan fiti çalırlar, amma əslində "Şimal axını-2" Avropa üçün təhdid deyil. Kiyev Rusiya qazı tranzitindən gələn pulu itirməkdən qorxur, Varşava isə ABŞ-dan aldığı bahalı maye qazı qonşularına satmağı xəyal edir. Bütün təhdidlər yalnız onların ciblərinədir. Avropanın bununla əlaqəsi yoxdur".
İndilikdə isə Almaniya, İtaliya və bir sıra digər Avropa ölkələrinin "Şimal axını-2" ilə bağlı müsbət mövqeləri layihənin hələlik sürətlə çəkilməsinə rəvac verir. Amma Danimarkanın ekoloji standartlarla bağlı tələbi “Şimal axını-2” layihəsinə ciddi əngəl ola bilər. “Moody”s” beynəlxalq reytinq agentliyinin Rusiya və MDB ölkələrinin neft-qaz sektoru üzrə aparıcı analitiki Denis Perevezentsevin sözlərinə görə, Danimarka Energetika Agentliyinin "Şimal axını-2" şirkətindən Bornholm adasının cənubundakı iqtisadi zonada qaz kəmərinin ekologiyaya təsiri ilə bağlı hesabat istəməsi sözügedən layihənin vaxtında başa çatdırılması üçün ciddi maneə yaradacaq. Həmin zona adanın cənubunda və Danimarkanın ərazi sularında yerləşir. Plana görə isə, “Şimal axını-2” boru xəttinin cari ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulurdu. Ekspert bildirib ki, yeni marşrutun seçilməsi bir neçə ay davam edə bilər. Bundan başqa, Danimarka sularında boru kəmərlərinin çəkilməsi də iki-üç ay vaxt aparacaq. D.Perevezentsev hesab edir ki, istifadəyə verilmə müddətinin gecikdirilməsi tranzit üzrə danışıqlarda “Qazprom”un mövqeyini zəiflədəcək: “Yeni tələblər təbii qazın Ukrayna ərazisindən tranziti öhdəliklərini illik 40-50 milyard kubmetr artıra bilər. Bu, əvvəllər nəzərdə tutulduğundan xeyli çoxdur. Nəticədə tranzit xərcləri “Şimal axını-2” marşrutu ilə planlaşdırılandan daha yüksək olacaq”.
Xatırladaq ki, “Şimal axını-2” illik 55 milyard kubmetr qazın nəqlini həyata keçirəcək boru kəmərinin Baltik dənizi ilə çəkilməsini nəzərdə tutur. Boru xətti Rusiya, Finlandiya, İsveç, Danimarka və Almaniyanın ərazi və ya müstəsna iqtisadi zonalarından keçməlidir. Adıçəkilən ölkələrdən yalnız Danimarka tikinti işlərinin aparılmasına icazə verməyib.
Bu durumda Avropanın rahat və əlverişli şərtlərlə ala biləcəyi qaz yalnız Azərbaycandan gəlir. “Şahdəniz-2” yatağından çıxarılan qazı Avropaya nəql edəcək TANAP və TAP boru kəmərləri artıq birləşib. Türkiyə-yunan sərhədlərindən başlanan TAP boru kəməri layihəsi Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına salınıb. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Amma görünən budur ki, Azərbaycan qazını alacaq Avropa ölkələrinin sayı artacaq. Belə ki, Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro Azərbaycan qazını Avropaya nəql edəcək İon – Adriatik boru kəmərinin (İAP) ilkin layihəsini 2020-ci ilin sentyabr ayınadək hazırlamaq niyyətindədir. Monteneqro İqtisadiyyat Nazirliyindəki mənbə bildirib: “Hazırda layihəyə dair işlər nəzərdə tutulmuş cədvələ uyğun davam edir, biz həm görülən işlərin sürətindən, həm də tamamlanan işlərin yüksək keyfiyyətindən razıyıq”.
Xatırladaq ki, İAP Xorvatiya, Monteneqro, Albaniya ərazisindən keçəcək, illik nəqletmə gücü isə 5 milyard kubmetr həcmində nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti, Xorvatiya, Albaniya, Bosniya-Herseqovina, Monteneqro hökumətləri arasında 2016-cı ilin avqust ayında İAP tikintisinə dair anlaşma memorandumu imzalanıb. Bu layihənin işə düşməsi isə daha çox Avropa ölkəsinə Azərbaycan qazı almaq imkanı verir. Bununla Azərbaycan Avropanın enerji təhlükəsizliyinə növbəti mühüm töhfəsini verməyə hazırlaşır. Yeni marşrutların açılması sayəsində Avropa təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr olan Azərbaycandan təbii qaz alacaq. Qarşıdakı dövr ərzində isə Azərbaycan vasitəsilə Avropa İran, Türkmənistan qazını da idxal etməyi düşünür. Bu isə o deməkdir ki, Azərbaycan üzərindən Avropaya daha böyük həcmdə qaz axacaq.
Nahid SALAYEV