Uzun müddət müxalifətdə düşdükləri tıxacdan çıxa bilməyən bəzi radikallar siyasət adı ilə bütün çırkin vasitələrdən istifadə edirlər. Bu üsulla xalqı çaşdırmağa çalışırlar. Bilirlər ki, reallığı danışanda xalq onlara inanmır, arxalarınca gəlmir. Məcburdurlar ki, özlərindən böhtan, sensasiya uydursunlar.
Son bir həftə ərzində radikal müxalifətin, xüsusilə də Əli Kərimlinin əhatəsində olan kəsimi ölkə başçısının səhhəti ilə bağlı olmazın iftiralarını uydurdu. Onlar İlham Əliyevin efirdə bir neçə gün ərzində görünməməsini Prezidentin guya səhhətində ciddi problemlərin olması ilə əlaqələndirməyə çalışırdılar. Bu iyrənc üsuldan onlar ilk dəfə deyil ki, istifadə edirlər. Bütün parametrlər üzrə siyasi rəqiblərinə uduzanlar siyasə rəqabət imkanlarının tükəndiyini gördükləri üçün belə iyrənc təbliğat metodlarından yararlanmağa çalışırlar.
Hələ mərhum prezident Heydər Əliyevin sağ olduğu zamanlarda da onlar uzun müddət siyasətlərini həmin siyasətçinin səhhəti üzərində fokuslamış oldular. Heydər Əliyevin nisbətən yaşlı olduğunu əsas gətirərək, bütün siyasi fəaliyyətlərini onun fiziki yoxluğuna hesablayırdılar. Hətta bununla bağlı “X günü” adlı xüsusi bir termin də icad etmişdilər. Məhz həmin radikal dairələr apardıqları çirkin siyasətlə bağlı nəsə əldə edə bilmədilər. Həmin tarixi dərsdən ibrət çıxarmaq əvəzinə, yanlışlarını davam etdirirlər. Ən maraqlısı budur ki, belə dairələrin yalanları açıq formada ifşa olanda belə çıxıb hər hansı formada üzrxahlıq etmirlər.
Azərbaycan Prezidenti sentyabrın 3-də efirdə göründü və çox gümrah təsir bağışladı. O, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edirdi. Bu mənzərdən sonra gərək son bir həftə ərzində xalqa min yalan danışan, ən başlıcası isə siyasətlərini ölkə başçısının səhhəti üzərindən qeyri-etik oyunlar üzərində fokuslayanlar bir daha danışmasınlar. Amma onlarda utanan üzün olmadığını bildiyimiz üçün, mövzu ilə bağlı ekspert rəyi almaq qərarına gəldik.
Aydın Mirzəzadə: “Bütün bunlar müxalifətin səhv strategiya və taktika üzərində hərəkət etdiyini göstərir”
Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sivil siyasi mübarizə aparmaq üçün resurslara mailk olmalısan: “Çox təəssüflə qeyd edə bilərik ki, bugünkü radikal müxalifətin əlində belə imkanları yoxdur. Onların, həmçinin, cəmiyyəti arxalarınca apara biləcək ideyaları da mövcud deyil. Azərbaycanın inkişafı ilə bağlı hər hansı bir alterantiv konsepsiyaya da malik deyillər. Bu səbəbdən də qəbul edilməyən siyasi mübarizə metodlarından yararlanmağa çalışırlar. Məcbur qalırlar ki, ortaya cılız, uydurulmuş və heç bir əhəmiyyət daşımayan mövzuları atsınalr. Hətta bu taktikaları belə onlarda çox uğursuz alınır. Son zamanlar görürük ki, ard-arda uydurduqları mövzularla özlərini gülməli vəziyyətə salmış olurlar. İfrat yalan danışdıqları üçün, bu, qısa bir zamnda puç olur. Bütün bunlar müxalifətin səhv strategiya və taktika üzərində hərəkət etdiyini göstərir. Ölkə başçısı ilə bağlı yaydıqları qeyri-etik xəbərlərini də bu qəbildən saya bilərik. Bir daha qeyd etmək istəyirəm ki, belə metodlarla siyasi mübarizə heç bir cəmiyyətdə təqdir olunmur. Yaxşı olardı ki, radikallar bu uğursuzluqlarından bir dərs alsınlar”.
Məhəmmədəli QƏRİBLİ