1994-cu ildə Heydər Əliyevin yanında fraqment olaraq mənim barəmdə söhbət gedərkən onun hansı mövqeni tutduğunu çox-çox sonralar eşidəndə hələ şəxsən tanımadığım bu insan haqqında ağlımdan keçən ilk fikir belə oldu: “KİŞİ ADAM”! Sonra Heydər Əliyevin də həmin məsələ barədə pozitiv fikirdə olması məni başqa bir qənaətə də gətirdi: “Bu insanın həqiqətən KİŞİ ADAM olduğunu Heydər Əliyev daha öncə görmüşdü...”
İllər, dövrlər, ədəbi mühitlər, siyasi, iqtisadi vəziyyətlər bir-birini əvəz etdikcə onun barəsində məlumat və təsəvvürlərim bir qədər də zənginləşdi. Jurnalist, şair-dramaturq, romançı, dönməz vətənpərvər, maraqlı insan, həqiqi ziyalı, dövlətinə bağlı diplomat və bütün bunların timsalında çoxlarının qibtə etdiyi “KİŞİ ADAM” imicinə mübahisəsiz yeni elementlər gətirmiş insanı - ədəbi-publisist sima olan Hidayəti, ictimai və dövlət xadimi kimi Hidayət Orucovu beləcə yaxşı tanıdım...
Şəxsiyyət olmaq üçün “ünvan” kateqoriyasının vacibliyini söyləmək mənim ixtiram deyil. Ancaq şəxsiyyətin ünvanlarının sayca çoxluğunu daha üstün göstərici saymaq kiçik bir ixtira kimi qəbul edilə bilər. Həm də burada söhbət hər bir insanın səhər-axşam çıxıb-qayıtdığı coğrafi məkan mənasında yaşayış ünvanından yox, yaşanmış ömrün mərhələ və keçidlərini, məntiqini və dolu məzmununu, təkrarsızlığını, nümunəviliyini, cəsurluğunu və prinsipiallığını əks etdirən fəlsəfi-praktik mənada “yaradıcı fəaliyyət ünvanı”ndan gedir. Ünvanların çoxluğunun şəxsiyyətin çəkisinə, sanbalına, dünyagörüşünün polifonikliyinə, biliklərinin qloballığına, ictimai-məhsuldar yükünün ağırlığına birbaşa dəxli var. Yalnız özü və ailəsini, bəzən heç onu da düşünməyən kəslər üçün çox gurultulu və cazibədar “ünvanı vətəndir” epitetini necə işlətmək olar?! Ünvanı vətən, yükü ictimai, təfəkkürü dövlətçi olmaq məhz böyük şəxsiyyətlərə xasdır – Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov kimi...
Hidayət həyatı, yaradıcılığı və karyerasında çox “ünvanlar” yarada bilmiş şəxsiyyətlərdəndir. Soyuna sədaqət, milli düşüncəyə bağlılıq, vətənpərvərlik və Vətən üçün çiyninə yük almaq Hidayət müəllimin saysız ünvanlarının yalnız bir qismidi. Poeziyada, nəsrdə, romançılıqda, ümumən yaradıcılıqda, dövlət işində, diplomatiyada və sair sferalardakı “ünvanlarını” da əlavə etsək, Hidayəti “ünvanlar şəxsiyyəti” də adlandırmaq olar.
Ermənilər bilsəydi ki, sonradan bir qəzet müxbirini...
75 yaşlı “ünvanlar şəxsiyyəti”nin hələ 24 yaşında olarkən milli mentalımıza nəinki yad, hətta qanlı düşmən olan əks-milli mühitdəki fəaliyyəti, hər cür basqılar və düşmən niyyətli planların içində işləməsi, yıxılmaması, ayaqda qala bilməsi, üstəlik öz milli-mənəvi simasını qoruyub saxlaya bilməsi, hətta nailiyyətlər qazanması, razılaşaq ki, hər şəxsiyyətə qismət olan tale yolu deyil. Ermənilər bilsəydi ki, 1960-cı illərdə sıradan bir qəzet müxbiri olan jurnalisti “ölüm yatağında çarpışan” bir teatra göndərməklə hansı karyeranın başlanğıcını qoyurlar, yəqin ki, Hidayət müəllimi nə “Sovet Ermənistanı” qəzetində müxbirlikdən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor göndərərdilər, nə də onu ləkələmədən sağ-salamat buraxardılar. Gənc, təcrübəsiz, lakin istedadlı bir publisisti əslində tanış olmayan sahəyə göndərməyin arxasında, təbii ki, çirkin, murdar, düşmən niyyətlər dayanırdı. Ancaq Hidayət müəllimlə bağlı planlar cızan ermənilərin görə bilmədikləri başqa güclü faktorlar da var idi – gənc olsa da, Hidayət müəllimin çevik və fitri idarəçilik qabiliyyətləri, yaradıcılıq gücü, özünə inamı, prinsipiallığı, milli köklərə söykənməsi... Bir şeirində “Bilirsiniz mən kiməm” deyə sual edən şairin cavabı onun dərin poetik-fəlsəfi düşüncə potensialını tam açmaqla yanaşı, kökə bağlılığının milli qürur mənbəyinə çevrildiyini də parlaq şəkildə nümayiş etdirir:
“Bilirsiniz mən kiməm? Babamın atamdan sonrakı yaşı, Çiçəkli, meşəli, qayalı Zəngəzur torpağı, Bir aran çeşməsinin su daşı. ...Qədimdən qədiməm, Uludan uluyam, Bir ovuc, Bir içim xan Araz suyuyam!”
Məhz bunlar idi Hidayət müəllimi ermənilərin “gedib məhv olacaq”, bir türk ziyalısını da “şiv ikən beləcə məhv edəcəyik” kimi proqnozla qəzet müxbirliyindən teatra atdıqları halda, onu uğurdan-uğura, şöhrətdən-şöhrətə aparan böyük yolun əsas təkanverici qüvvəsi...
İrəvan Teatrını ağır bir miras kimi qəbul edən Hidayət müəllimin qısa müddətdə teatrı çox populyar səviyyəyə çatdırmasına, hətta sovet Azərbaycanının yaradıcılıq və ədəbi mühiti, teatr ictimaiyyəti ilə güclü əlaqələr yaratmasına imkan verən motiv də bu idi. Nə qədər ağır və yad milli basqılar altında işləməsinə baxmayaraq, Hidayət Orucovun o illərdə Ermənistandakı Azərbaycan ədəbi proseslərinə də yol açması, ədəbi mühitin sağlamlığını və milliliyini müdafiə edə bilməsi onun həqiqətən istedadlarının tükənməzliyindən xəbər verməklə yanaşı, həm də təsdiqləyirdi ki, Hidayətin milli köklərə bağlılığı dərin və qırılmazdır. Düşmən mühitdə İrəvan Dövlət Azərbaycan Dram Teatrını dirçəltmək və görünməmiş inkişaf zirvəsinə yetişdirmək Hidayət Orucovun böyük “əsərlərindən”, əslində onun adına əbədiyyət gətirən “ünvanlardan” biridir.
Özü üçün yox, milyonlar üçün yazdığını...
Hidayətin publisistikasını, tərcüməçiliyini, poeziya və romançılığını, dramaturgiyasını bu gün təhlil və ədəbi tənqid süzgəcindən keçirmək fikrim yoxdur. Hətta bu yöndə də ciddi və yeni nəsnələr demək imkanına malik olsam da, Hidayətin ədəbi portretini yaratmağı peşəkarların öhdəsinə buraxmaq daha məsləhətlidir. Mən isə bu kontekstdə onu deməklə kifayətlənirəm ki, Hidayət müəllimin dövlət məmuru, diplomat – harda olmasından asılı olmayaraq, həmişə köksündə səmimi, nüfuzedici bir “şair ürəyi” daşıdığını hiss etmişəm. Onun poeziyası dramaturgiyası qədər, dramaturgiyası publisistikası qədər, publisistliyi tərcüməçiliyi qədər maraqlı, məzmunlu və nəticəlidir. Özü üçün yox, milyonlar üçün yazdığını heç vaxt unutmadığını hər şeirində görmək mümkündür. “Şeirin hər yükünü daşıyıram” ifadəsi kifayət edir ki, Hidayətin hər şeir misrası, hər qafiyə, hər şeir süjeti üzərində hansı məmnuniyyətlə düşündüyünə əmin olasan. Ailəsi, övladları qədər milyonlar qarşısında hər bir yazı-pozu üçün cavabdehlik hissini bir an belə unutmamaq ona həqiqətən yaraşır. Sadəlik, hədsiz təvazökar davranış, məntiqlilik, etdiklərini öyünmək üçün yox, təlim-tərbiyə nümunəsi kimi yenidən yaratmaq qiymətli xüsusiyyətlərindən, onu tanıdan, qibtə döğuran “ünvanlarından” biridir. Düşdüyü şəraitdən, qarşısındakının hansı səviyyənin adamı olmasından, söylədiklərinin insanlarda hansı emosiyaları doğurmasından asılı olmayaraq səsinin tonunu bir qayda olaraq dəyişməz, sakit, aramlı və amiranə danışıq tərzi onu “Hidayət” edən çoxlu “ünvanlardan” biri sayıla bilər.
Şəxsiyyəti fərdlərdən ayıran keyfiyyətlər sırasında “ünvanlarla” yanaşı cəsarət, müdriklik, uzaqgörənlik jestlərini mütləq qeyd etmək lazımdır. Məhz “ünvanların” və jestlərin çoxluğu və vəhdəti şəxsiyyətlərin arasından az-az hallarda “əfsanəvi şəxsiyyətlər” təbəqəsini ayırmağa imkan verir. Hələ ötən əsrin 70-80-ci illərinin əvvəllərində Ermənistan Yazıçılar Birliyinin nəzdində Azərbaycan Ədəbiyyat Şurasına rəhbərlik etmək o dövr üçün axına qarşı getmək, kütləyə əks mövqe tutmaq kimi cəsarət nümayişləri idi. Həm də bu nümayişlər milli ədəbi koloritlərdən uzaq düşməmək, onu zənginləşdirmək kimi uğur göstəriciləri ilə məharətlə uzlaşdırılırdı.
“Eqo molçanie toje opasno...”
Hidayət Orucovun milli-ədəbi yaradıcılıq və siyasi hərəkat müstəvisində cəsarət nümayişləri Ermənistandan Bakıya köçdüyü 1984-cü ildən sonra da davam etdirildi. Həm də Azərbaycanın o zamankı ictimai-siyasi mühiti belə jest nümayişləri üçün heç də Ermənistandakından az cəsarət tələb etmirdi. Əbdürrəhman Vəzirovun əslində “dövlət xaosu” kimi xarakterizə olunan idarəçiliyində Moskvadab və İrəvandan uzanan gizli erməni əllərinin fəal iştirakı real fakt idi. Məhz belə bir şəraitdə Respublikanın siyasi hakimiyyəti ilə açıq əks mövqelərdə olmaq, onu tənqid etmək, hətta tənqidləri Vəzirovun şəxsən üzünə demək hər kişinin və hər ziyalının göstərə biləcəyi jestlər deyildi. Ermənistandan qovulan qaçqınlarımızın ilk dalğasının məhz Dağlıq Qarabağda yerləşdirilməsinin qarşısını düşməncəsinə almaqla vəziyyətimizi daha da ağırlaşdıran Vəzirov hakimiyyət(sizliy)inə qarşı onun cəsarətli mövqe nümayişləri heç vaxt unudulmaz. Yazıları və çıxışları Vəzirov klanını o qədər qorxutmuşdu ki, Vəzirov “eqo molçanie toje opasno” kimi etirafda bulunmağa məcbur olmuşdu.
Hidayət müəllimin adı müstəqil Azərbaycanın dövlət strukturları sisteminin quruculuq tarixində həm də heç bir ənənəsi, xələfi olmayan yeni təşkilatı “sıfırdan” başlayaraq qura bilən istedadlı “idarəçi məmur” kimi qalacaq. O da ola, Dini İşlər üzrə Dövlət Komitəsi kimi spesifik, ən müxtəlif etiqad və etnik şüur elementlərinin təsirli rol oynadığı mürəkkəb sferanı əhatə edən qurum... Dini İşlər üzrə Dövlət Komitəsinin ilk qurucusu olmaq da Hidayət müəllimin şəriksiz “ünvan”larından biridir. Məlumdur ki, buna qədər belə Komitə yox idi. Ancaq hər kəs razılaşar ki, Hidayət müəllim dövlətçilik prinsiplərinin üstünlüyü şəraitində dini sferanın kamil idarəçilik mexanizminin əsaslarını peşəkar səviyyədə yarada bildi.
Öz tarixini ümumi siyasi tarixin içində yaza bilən adam...
Hidayət müəllimi ucaldan, böyüdən daha bir məqam var. O, içində yaşadığı ümumi siyasi tarixin axarına düşüb kor-koranə getməyən, lazım gələndə onun gedişatına imkanı daxilində təsir göstərən, bu tarixin içində həm də öz tarixini yaradan şəxsiyyətlərdəndir. Ermənistan mühiti, sonra Azərbaycan həyatı, Qarabağ və müstəqillik uğrunda xalq hərəkatı, müstəqil Azərbaycanın idarəçiliyində ilk iştirakçılıq, mürəkkəb proseslər şəraitində müstəqil dövlətçilik üçün ən rasional siyasi kursu tutaraq Heydər Əliyevin təcrübəli silahdaşlarından birinə çevrilmək - bunlar ötən əsrin 60-cı illərindən başlayaraq indiyə qədər davam edən siyasi tarix prosesinin sadə çərçivəsidir. Hidayət Orucov zaman və məzmunca kiçik olmayan bu intervalda özünü itirmədi, istedadlı publisist, şair, dramaturq, siyasiləşmiş fəal vətəndaş kimi məhsuldar və səmərəli fəaliyyətlərini davam etdirdi, ümumi siyasi tarixin içində o tarixi əslində tamamlayan özünün yaradıcılıq tarixini, dövlət quruculuğunda iştirakçılıq və siyasi idarəçilik tarixini, beynəlxalq münasibətlər sistemində dövlətin təmsilçilik tarixini də yazdı. Tək bunlar kifayət edəcək ki, Hidayət müəllim bəlli siyasi tarix prosesləri çərçivəsində heç vaxt unudulmasın və adı əbədi yaşasın.
Hidayət Orucov yaradıcı şəxsdən dövlət məmurluğuna və dövlətin təmsilçiliyinə qədər maraqlı həyat yolu keçməkdədir. Bu yolda onu dəyişmədən müşayiət edənlər isə davamlı yaradıcılığıdır, ailəsidir, pərəstişkarları və dostlarıdır...
“Dövrü seçmirlər, orada yaşayıb yaradırlar” kimi müdrik kəlamın sübutu olan 75-in mübarək, əziz dostum!”
Aydın QULİYEV