Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün "Facebook" səhifəsində yeni məqalə ilə çıxış edib.
Əli Həsənovun yazısında qeyd edilir ki, Əli Kərimli son vaxtlar yenidən yaxın tariximizi təhrif edərək ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın 7 rayonunun işğal olunduğunu iddia etməyə başlayıb: “Hələ o illərin canlı şahidləri Azərbaycan əhalisinin demoqrafik balansında xüsusi çəkiyə malikdir və yaxşı xatırlayırlar ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon Heydər Əliyev Azərbaycanın rəsmən prezidenti seçilməmişdən əvvəl işğal edilib. Azərbaycanın işğal edilmiş sonuncu rayonu Zəngilan Ermənistan hərbi birləşmələri tərəfindən 1993-cü ilin oktyabrında zəbt olunmuşdu. Həmin vaxta qədər Azərbaycanın legitim prezidenti Əbülfəz Elçibəy idi. Heydər Əliyev 1993-cü ilin 15 iyununda xalqın dəvətilə Azərbaycanı düşdüyü çıxılmaz vəziyyətdən xilas etmək üçün Bakıya gəlmiş və Ali Sovetin sədri seçilmişdi. Lakin ölkədə bütün güc strukturları parlamentin sədrinə yox, formal olaraq, legitim prezidentə, faktiki olaraq, baş nazirə tabe idi. Parlamentin sədri kimi Heydər Əliyevə tabe olan nə ordu, nə də heç bir güc strukturu yox idi. Paytaxtı tərk etmiş legitim prezidentin tərəfdarı olan deputatlar və ona sadiq məmur korpusu tərəfindən Heydər Əliyevin hətta parlamentin sədri kimi səlahiyyətlərinin icrasına da hüquqi və qeyri-hüquqi maneələr yaradırdılar”.
Əli Həsənov məqaləsinin sonunu Əli Kərimliyə ünvanladığı sualla bitirir: “Mən sizə sual verirəm: belə çətin, param-parça vəziyyətdə məsuliyyətinizi, dövlət tərbiyəsini dərk etmədən atıb qaçdığınız Azərbaycanın siyasi, sizinsə fiziki varlığınızı xilas etdiyi üçünmü Heydər Əliyevin ünvanına ittihamlar səsləndirirsiniz?
Daxili işlər naziri dünyanı nüvə müharibəsi ilə təhdid edən, müdafiə naziri Prezident və spikerə meydan oxuyan, hər səhra komandiri paytaxta qoşun çəkib vəzifə davasına çıxanlarmı torpağın itkisində günahkardır, yoxsa Azərbaycanı bu rəzalətdən, anormal vəziyyətdən, siyasi və fiziki məhvdən xilas edən Heydər Əliyevmi?
Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloger kimi maraq doğurursunuz...”.
Prezidentin köməkçisi tərəfindən radikal müxalifətin təmsilçisi olan Əli Kərimliyə verilən tarixi xatırlamanı necə dəyərləndirmək olar?
Fəzail Ağamalı: “Torpaqların itirilməsinə belə intriqalar səbəb olub”
Tarixçi-alim, millət vəkili Fəzail Ağamalı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əli Kərimli bütün siyasi fəaliyyətini yalan və saxta fikirlər üzərində qurub: “Onun çıxışlarında heç bir arqument yoxdur, hamısı şər və böhtandır. Bu cür insanlar Azərbaycan cəmiyyətində heç vaxt uğur qazanmayıb və heç vaxt da qazanmayacaq. Bəllidir ki, Əli Kərimli anti-Azərbaycan qüvvələri tərəfindən himayə edilir. Son vaxtlar bir qədər arxayın görünür. Yəqin ki, xaricdəki ağaları ona hansısa təminatı veriblər ki, son dərəcə saxta ittihamları çəkinmədən səsləndirir. Öz çiyinlərində xarici ağalarının əlini hiss etdiyi üçün ağlına nə gəlirsə onu da danışır, məqsədi Azərbaycanı qarışdırmaqdan başqa nəsə deyil. Ancaq o, bir həqiqəti dərk etmək istəmir ki, Azərbaycan xalqı heç vaxt saxtakarlığı və xəyantə bağışlamır. Əli Kərimlinin siyasi aləmdə parlamasına səbəb olan Elçibəyə necə xəyanət etdiyini Azərbaycan xalqı gözəl bilir. Bu yaxınlarda bu barədə internet televiziyalarından birində faktlara əsaslanan geniş material da efirə getdi. Həmin materialda Elçibəyin öz dilindən Əli Kərimliyə xəyanətlə bağlı müəyyən sözlər deyilir”.
Millət vəkilinin sözlərinə görə, 1993-cü ildə Elçibəy hakimiyyətindən hamı dağılışıb getsə də, Prezident Administrasiyasını son tərk edən Əli Kərimli oldu: “Min bir oyundan çıxmağa çalışırdı ki, Heydər Əliyevin xoşuna gəlsin. Özünün siyasi gələcəyini Heydər Əliyevin himayəsində görən bir insan dahi liderin ona əhəmiyyət vermədiyini gördükdən sonra tam dəyişdi. Elə həmin vaxtdan da Əli Kərimli Heydər Əliyev iqtidarına qarşı çıxanların önündə durmağa başladı. İndi utanmadan iddia edir ki, rayonlar Heydər Əliyevin dönəmində işğal edilib. Halbuki, həmin tarixlərdə Heydər Əliyev prezident səlahiyyətlərini icra etmirdi. O, Ali Sovetin sədri olanda Azərbaycanda hakimiyyətsizlik hökm sürürdü. Siyasi, iqtisadi, hərbi böhran özünün pik nöqtəsinə çatmışdı. Belə vəziyyətin yaramasının ən böyük səbəbkarlarından biri də məhz Əli Kərimli idi. Çünki həmin vaxt o, Prezident Aparatında yüksək post tuturdu. Şəxsən onun göstərişi ilə AXCP-yə aid olan batalyonların şoxu döyüş bölgəsindən geri çəkildi. Əli Kərimlini o vaxt torpaqların qorunması maraqlandırmırdı. O, “Yurd”un kadrlarını vəzifələrə yerləşdirməklə məşğul idi ki, tez bir zamanda hakimiyyəti ələ keçirə bilsin. Torpaqların itirilməsinə belə intriqalar səbəb olub. Ermənilərə qarşı vuruşmaq onların yadından tam çıxmışdı. Onun vəzifəyə təyin etdiyi insanların əksəriyyəti səriştəsiz insanlar idi. Ölkənin ağır vəziyyətə düşməsində bu amillərin böyük rolu olub. Surət Hüseynovun qiyamının qarşısından qorxaraq qaçanlardan biri də Əli Kərimli idi”.
Fəzail Ağamalının sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı işğalının genişlənməsi və o torpaqların alınmasında böyük məsuliyyətinin olduğunu bildiyi üçün Əli Kərimli bunu başqalarının üzərinə qoymaq istəyir: “Bütün bunları biz unutmamışıq, hamısı gözümüzün önündə olub. Onların fəaliyyətinə baxın. Heydər Əliyevə, dövlətçiliyə qarşı etimadsızlıq toxumu səpməyə çalışırlar. Son günlər ərzində isə cənab Prezidentlə bağlı ləyaqətsiz bir informasiya siyasəti yürüdürlər. İlham Əliyev Prezidentdir, onun bəlli iş qrafiki var. Bəzən elə olur ki, aktiv görüşlər keçirir. Elə olur ki, bir neçə gün digər işlərlə məşğul olur. Sənədlərlə tanış olur, sərəncamlar imzalayır, aktiv görüşlər keçirmir. Prezidentin işi birşaxəli deyil ki. Bunu əsas götürən Əli Kərimli və tərəfdarları ölkə başçısının səhhəti ilə bağlı yalanlar dövriyyəyə buraxdılar. İnsan nə qədər ləyaqət hissini itirməlidir ki, siyasətini belə yalanlar üzərində qurmuş olsun. Sentyabrın 3-də İlham Əliyev efirdə göründü. Rusiya nümayəındə heyətini qəbul edirdi. Əli Kərimlinin nəzarətində olan bir kanal canlı yayım edirdi. Məhz həmin mövzu ilə bağlı. Həmin dəqiqə yayımı dayandırıb, texniki nasazlığa görə üzr istədilər. Yalanları, riyakarlıqları baş tutmayanda da belə addımlar atırlar. Buna siyasət demək olmaz”.
Məhəmmədəli QƏRİBLİ