Lider olmaq üçün insan ilk öncə özünü yetişdirməlidir. Liderdə gözəl natiqlik qabiliyyəti, insanları motivasiya etmək bacarığı, onlara stimul vermək istedadı olmalıdır. Bu cür qabiliyyəti olanlar nümunəvi davranarsa və ətrafındakıların güvəninə, etibarına nail olarsa, yanındakı kütlə, istər-istəməz, düzgün istiqaməti alacaq və onu təqib edəcək.
Əsl siyasi liderliyin əsasında başqalarına təsir etmək bacarığı dayanır. İnsanlara təsir etmək üçün bir şəxsin dərin zəkası, dünyagörüşü, iti təfəkkürü, analiz, sintez bacarığı olmalıdır. Bu mütləqdir. Çünki liderlik bilik və təcrübə tələb edir. Liderin iki əsas vəzifəsi var: problemi həll etmək və kömək etmək. Bir lider yol göstərməli, ilham verməli, əməkdaşlıq üçün zəmin yaratmalıdır. Ən başlıcası isə örnək olmalıdır. Lider olan şəxs komandasının bütün üzvlərinə bərabər yanaşmalı, qarşılıq gözləmədən, mənfəət istəmədən rəğbətləndirməyi bacarmalıdır. Təkcə bununla iş bitmir. Əsl lider bu bacarıqları səriştəyə çevirməyi bacarmalı, onlardan yerində və zamanında düzgün istifadə etməlidir.
O da məlumdur ki, liderlik iddiası ilə alışıb-yanan siyasilərdən biri də Əli Kərimli olub. Mərhum eks-prezident Əbülfəz Elçibəy AXCP-yə rəhbərlik etdiyi dönəmlərdə partiya sədrinin birinci müavini olan Kərimli hər vasitə ilə liderliyə can atırdı. Hətta sədrin xəbəri olmadan gizli işlərlə məşğul olurdu. Partiya daxilində təfriqəçilik salır, yalnız özünə yaxın şəxsləri partiyanın ali strukturlarında yerləşdirməyə çalışırdı. Təsadüfi deyil ki, Əli Kərimli hələ o vaxt partiya daxilində “Yurd” adlı qruplaşma yaratmışdı. Bu quruplaşma sonrakı dövrdə partiyanın dağılmasında mühüm rol oynadı.
2000-ci ilin avqustunda Əbülfəz Elçibəy vəfat edəndən sonra Əli Kərimli partiya sədrliyinə iddiasını ortaya qoydu. Ancaq onun bütün səylərinə rəğmən liderliyi qəbul edilmədi. Partiyanın hələ qurultayı olmamış AXCP parçalandı. Köhnə hərəkatçılardan, AXC idarə heyətinin əvvəlki üzvlərindən heç biri Əli Kərimlinin yanında qalmadı. Ona görə ki, Kərimlinin ambisiyaları, mənəm-mənəmlik prinsipindən çıxış etməsi hamının ondan uzaqlaşmasına gətirib çıxardı. Nəticədə bir zamanlar AXCP-nin siyasi arenada olan varlığından əsər-əlamət belə qalmadı. Təbii ki, Əli Kərimlidə əsl siyasi liderə xas olan keyfiyyətlər, xüsusiyyətlər olsaydı, bəlkə də bunlar baş verməzdi. Ancaq, göründüyü kimi, bunların olmaması belə biabırçı mənzərənin yaranmasına səbəb oldu.
Bütün bunlarla yanaşı, əsl siyasi liderə xas olan keyfiyyətlərin neçə faizi Əli Kərimlidə var?
Ramil Hüseynov: “O, siyasi meydanda özünü təsdiq edə bilmədi”
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, siyasətdə əsasən nəticəyə qiymət verilir: “Bir siyasətçi uzun müddət fəaliyyət göstərdiyi vaxt bir nəticə əldə etməyibsə, onu uğurlu siyasətçi saymaq olmaz. Hesab etmək olmaz ki, belə bir şəxs siyasətçiyə xas olan vacib xüsusiyyətləri özündə ehtiva edir. Bu xüsusiyyətlər onda olsaydı, o zaman Əli Kərimlinin siyasi arenada hansısa uğuru olardı. Bu gün isə onun heç bir uğurundan söhbət gedə bilməz. Çünki bunlar 26 ildir siyasi səhnədədir, amma heç bir uğur əldə etməyiblər. Çox qəribədir ki, öz uğursuzluqlarının səbəbini hakimiyyətdə görürlər. Ona görə də sözügedən şəxsdə siyasətçiyə xas olan xüsusiyyətlər çox azdır. Bununla belə, bəzi müxalifət liderləri də bu xüsusiyyətlərdən məhrumdurlar. Belələri çox cılız hisslərlə yaşayan siyasətçilərdir. Bu səbəbdən ard-arda uğursuzluqlarla üzləşirlər. Siyasət meydanında gərək özünü təsdiq edə biləsən. Əli Kərimli isə siyasi meydanda özünü təsdiq edə bilmədi. Təsdiq edə bilsəydi, o zaman ətrafında olanlar rəhbərlik etdiyi partiyadan uzaqlaşmazdı. Uzaqlaşandan sonra da barəsində mənfi ifadələr işlədiblər. Faktiki olaraq, həmin insanların əksəriyyəti Əli Kərimli barədə mənfi rəylər səsləndirir. AXCP-dən gedənlər Əli Kərimlini diktator adlandırırlar. Siyasi liderə xas olan keyfiyyətlərə malik olsaydı, ona belə yanaşmazdılar”.
Vidadi ORDAHALLI