"Bakı-Xəbər" ölkədə qəzet bolluğu ərəfəsində yaransa da, kütləvi informasiya vasitələrinin alternativ növlərinin hələ o qədər də inkişaf etməməsi ona öz yerini tutmaqda geniş imkanlar açdı. Bunu Trend-ə "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Baş redaktor qəzetin yaranması və bu günə qədər uğurlu fəaliyyətində rəhbərlik etdiyi kollektivin böyük əziyyətlər çəkdiyini bildirib: "Qəzetimizin formalaşması şəxsi əməyin və zəkanın deyil, kollektiv işin nəticəsidir. Bu uzun və çətin yolda dostlarımın, əməkdaşlarımızın hər biri əlindən gələni əsirgəmədən əsl fədai əməyi və yaradıcılıq potensialı nümayiş etdirərək "Bakı-Xəbər"i yaratdılar. "Bakı-Xəbər"i təsis etmiş dəyərli qələm dostlarımın az bir hissəsi bu gün bu doğma ocaqda fəaliyyətini davam etdirir, digər çoxsaylı hissəsi isə özlərinin müxtəlif zamanlarda yaratdığı mətbu orqana rəhbərlik edir. Bir vaxtlar mənimlə çiyin-çiyinə bu qəzeti yaradan dəyərli dostlarımın baş redaktora çevrildiklərini, onların istedadlı jurnalist olmaqla bərabər, həm də bacarıqlı administratorlar olduğunu görmək məni həqiqətən qürurlandırır. Biz "Bakı-Xəbər"i öz dəst-xətti olan məktəbə çevirdik, media ailəsində öz yerini tuta bilən bir qəzet yaratmaqla bərabər, bu məktəbi həm də baş redaktorlar yetişdirən özünəməxsus təhsil müəssisəsinə çevirməyi bacardıq".
A.Quliyev əlavə etdi ki, bu gün "Bakı-Xəbər"in adı ilə bağlı olan bütün jurnalistlərin bu əlamətdar gündə sevinməyə və qürur duymağa haqları var: "Biz bütün peşə çətinliklərini birlikdə aşmağı bacardıq, dövlətçilik təəssübkeşliyi və peşəkarlığı hər şeydən üstün tutan qəzet yaratdıq. Bu redaksiyada işləyən hər kəs "Jurnalist öncə vətənpərvər və dövlətçi, sonra peşəkar olmalıdır"! həqiqətinin gücünə inandı və bunu özünün həyat kredosuna çevirdi. Mənim qədər sevinməyə və qürur duymağa haqq etmiş keçmiş və indiki əməkdaşlarımızı, diqqətli dostlarımızı, sadiq oxucularımızı təbrik edirəm. Böyük yolumuzun davamı da uğurlu gəlsin".
Qeyd edək ki, bu gün "Bakı-Xəbər" qəzetinin 16 yaşı tamam olur.