S-400 zenit raket komplekslərinin alışından sonra qardaş Türkiyənin Rusiyadan Su-35 və Su-57 döyüş təyyarələrini də ala biləcəyinə dair məlumatlar işğalçı Ermənistanda kifayət qədər böyük təşvişə səbəb olub. Burada fikirlər səslənir ki, silah ticarəti həm Türkiyənin bölgədə mövqeyinin güclənməsinə rəvac verəcək, həm də həmin hərbi texnikanın Ankara vasitəsilə Bakıya çatdırılması mümkünləşə bilər.
Xatıraladaq ki, bu məsələ son dövrlərdə erməni mediasında da aktual müzakirə predemtlərindən biridir. Elə bu günlərdə “1in.am” portalı da sözügedən məsələ barədə yazırdı ki, Rusiya yeni müasir silahlarını həm birbaşa, həm də dolayı yolla Azərbaycana satmağa hazırdır və bu məsələdə İrəvanın narahatlığı onun zərrə qədər də vecinə deyil. Qeyd olunurdu ki, İrəvan Rusiyadan Su-30 qırıcılarını almağa çalışdığı, amma bunun hələ nə vaxt reallaşacığının bilinmədiyi bir vaxtda Bakı daha üstün olan Su-35 təyyarələrinə yiyələnə bilər: “Türkiyə çoxfunksiyalı Su-35 rus qırıcı təyyarələrini əldə etmək imkanlarına baxır. Əvvəllər rus hərbi-sənaye kompleksinin yüksəkçinli bir məmuru bu qırıcıları Türkiyəyə təmin etməyə hazırlıq haqqında bəyanat vermişdi. Bu təyyarələrin əldə edilməsini şərtləndirən odur ki, ABŞ sanksiyalar kontekstində Ankaraya yeni amerikan F-35 təyyarələrini verməkdən imtina edib. Vaşinqtonun bu qərarına da səbəb o olub ki, Ankara, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, rus S-400 sistemi almaqdan imtina etməyib.
Yeni rus-türk hava anlaşmasının reallaşma imkanının nə qədər mümkün olub-olmaması hələlik aydın deyil, lakin Ermənistan üçün bu anlaşma, ehtimal ki, S-400 sisteminə nisbətən daha böyük qayğıya səbəb olur. Çünki S-400 sistemi müdafiə təyinatlı silah sistemi olduğu halda, çoxfunksiyalı Su-35 qırıcı təyyarələri ən yeni rus hücum silahlarıdır. Problem də ondadır ki, Ermənistan özünün yeni müdafiə strategiyasında əsasında hava hakimiyyəti duran hücum strategiyasına keçdiyini bəyan edib. Ermənistan buna nail olmaq üçün də Rusiyadan çoxfunksiyalı Su-30 təyyarələri alır, onların ilk partiyasının gəlişi 2020-ci ilin yanvar ayında gözlənilir. Amma bunun o vaxt reallaşmasına da tam təminat yoxdur. Hələ ilkin mərhələdə bir sıra rus ekspertlərində erməni-rus anlaşmasının mümkünlüyü haqqında belə bir fikir vardı: Moskva bu təyyarələri İrəvana ona görə satır ki, sonra Bakıya Su-35-ləri satsın. Yeri gəlmişkən, rus hərbi-sənayeçiləri onların Bakıya tədarük edilməsinə hazırlıq haqqında da danışırdılar. Əlbəttə, onların, necə deyərlər, peşəkar hazırlığı bir şeydir, məsələnin siyasi həlli aspekti isə başqa bir şey. Hərbi-sənayeçilər hazır ola bilərlər, ancaq bunu etmək və ya etməmək məsələsini siyasi rəhbərlik həll edəcək. Rusiyanın siyasi rəhbərliyi aprel müharibəsindən və Ermənistanda “məxməri inqilab”dan sonra, müəyyən şərtlərə görə, Bakıya belə strateji əhəmiyyətli silahların satışında çətinlik çəkir. Çünki İrəvan “məxməri inqilab”dan sonra mümkün və ya möhtəməl müharibəyə görə siyasi məsuliyyəti Rusiyanın üzərinə qoyub. Burada problemlər, həqiqətən, ciddidir. Lakin eyni zamanda narahatlıq üçün səbəb də ciddiləşir. Belə ki, müəyyən reallıqlara görə, İrəvan qarşısında çətinlik çəkən Rusiya Bakını, necə deyərlər, Türkiyə vasitəsilə silahlandıra bilər”.
Qeyd edilənlər erməni mediasında yenidən gündəmə gəlib. Amma bu dəfə qarşı tərəf diqqəti Su-35-dən daha müasir olan Su-57 döyüş təyyarələrinə yönəldir. İddialar səslənir ki, Azərbaycan və Türkiyə eyni vaxtda bu müasir silahlara yiyələnə bilər. Belə vəziyyət isə Ermənistan üçün hərbi baxımdan Azərbaycanla müqayisədə daha zəif duruma düşmək deməkdir. Erməni mediası burada diqqəti ona yönəldir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı həmkarı Vladimir Putin onu yalnız dondurmaya deyil, həmçinin Su-35 və Su-57 çoxfunksiyalı 5-ci nəsil qırıcılara da qonaq edib. Rusiya bu qırıcıları Türkiyəyə təklif edir. Erməni şərhçi Aram Armatuni xatırladır ki, Moskva ABŞ-ın Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrini satmaqdan imtina etməsindən faydalanmağa çalışır: “Bununla da ABŞ Türkiyəyə Rusiya istehsalı S-400 zenit raket kompleksini aldığına görə sanksiya tətbiq edib. Türkiyə sanksiyaların təhdidinə çökməyərək hazırda Ərdoğan səviyyəsində Rusiya qırıcılarına maraq göstərməkdədir. Bu vəziyyət təbii olaraq, Ermənistanı maraqlandırmalıdır. Həm də sadəcə Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı baxımından deyil, məsələyə daha geniş yanaşılmalıdır. Məsələ burasındadır ki, rus qırıcıları Ankaraya çatdıqdan sonra Bakıda peyda ola bilər”. Etriraf edilir ki, əgər Türkiyəyə verilən təyyarələr Azərbaycan tərəfə verilsə, o zaman bunun Ermənistan üçün ağır nəticələri ola bilər: “Ankara əldə etdiyi bəzi rus qırıcılarını təkrarən Bakıya sata bilər. Ən azı bunun nəzəri bir təhlükəsi mövcuddur. Bu, o deməkdir ki, İrəvan bir tərəfdən bu prosesləri diqqətlə izləməli, digər tərəfdən təhlükənin nəzəri sahədən, parktiki sahəyə keçid ehtimalı olduqda buna müqavimət göstərərək, zərurət olduğu halda qarşısını almalıdır. İstənilən halda açıq şəkildə görünür ki, Rusiya Türkiyə hərbi-texniki sövdələşməsi halında, İrəvan bu anlaşmanın Rusiya və Azərbaycan arasında vasitəçilik ticarətinə çevrilməyəcəyinə dair Moskvadan zəmanət almalıdır. Bu hərbi-texniki əməkdaşlıq, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır, eyni zamanda Ermənistanın hava üstünlüyü strategiyasının perspektivini təhlükə altına alır. Hava üstünlüyü strategiyasına keçid layihəsi barədə Müdafiə Nazirliyi daha öncə məlumat verib. Amma Bakı yeni texnika alışı ilə bunları şeçə endirir. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycan onsuz da hava sahəsində hərbi texnikanın say və tərkibi baxımından üstünlüyə malikdir. Bura ən müasir Su-57 çoxfunksiyalı 5-ci nəsil qırıcıları əlavə edilsə, onda Ermənistan üçün Qarabağda savaşın yneilənməsinin hansı dəhşətli nəticələrə gətirib çıxaracağını təsəvvür etmək o qədər də çətin deyil”.
Digər tərəfdən ermənitərdə belə iddailar da səslənir ki, hətta yeni döyüş təyyarələri Türkiyə vasitəsilə Azərbaycana satılmasa belə, Ankaranın onlardan Bakının razılığı ilə Qarabağ və Naxçıvanda erməniləər qarşı istifadəsi da mümkün ssenarilərdəndir. Elə bu fonda Azərbaycanın Türkiyə silahlı qüvvələrinin iştirakı ilə birgə artıq dördüncü ildir keçirdiyi hərbi təlimlər düşmən ölkədə həm də böyük xof yaradır. Erməni hərbi ekspert Van Ambartsumyan bildirir ki, bu təlimlər Ermənistana ciddi təhlükə yaradır: "Bu, əslində Hərbi Hava Qüvvələrinin təlimləridir və Türkiyə bu təlimlərdə öz silahları ilə təmsil olunur”. Ekspert qeyd edib ki, təlimlərə Ankara təkcə aviasiya texnikası ilə deyil, həm də hava və yerüstü izləmə vasitələri cəlb edib. Erməni ekspertin iddiasına görə, növbəti təlimlərdən belə sonra 3000 türk əsgəri Naxçıvanda yerləşdirilib: “Onlar orada hərbi baza yarada bilər. Zənnimcə, indi onların sayı daha çox olmalıdır. Azərbaycan bundan çox ilhamlanır. Çünki NATO ölkələrinin ikinci ən böyük ordusunun hərbi bazalarını öz ərazilərinə yerləşdirə bilər”. Xatırladaq ki, Azərbaycanla Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz qartalı-2019” birgə təlimləri başlayıb. Təlimlər fonunda Azərbaycan və türkiyə hərbçilərinin bir yerdə olması, bunun xüsusən Naxçıvan istiqamətində də təzahür etməsi Ermənistanı ciddi şəkildə əndişələndirir. Məsələ ilə bağlı erməni şərhçi İzabel Muradyan diqqəti ilk növbədə buna yönəldir ki, Azərbaycan 2012-ci ildən etibarən Naxçıvan Muxtar Respublikasının ərazisində öz hərbi iştirakını durmadan artırır: “Proses indi də dəvam edir. Naxçıvandakı ordu birləşmələrinin güclənməsində Türkiyə də azərbaycana hərtərəfli yardım göstərir. Bunlar Ermənistanın indiki hakimiyyəti ilə Rusiya arasında münasibətlərin soyuması fonunda baş verir. Prosesin digər maraqlı tərəfi Qars müqaviləsinin 100 illiyinin yaxınlaşması ilə bağlıdır Rusiya bu müqavilədə Türkiyə ilə bərabər qarant rolundadır.
Elə bu kontekstdə Azərbaycanın Naxçıvandakı hərbi iştirakını durmadan gücləndirməsi diqqətdən yayınmır. Azərbaycanın Naxçıvandakı hərbi bazaları Ermənistan üçün bu mənada getdikcə daha ciddi problemə çevrilir. Azərbaycan Naxçıvandakı ordu qüvvələrini güclü silah sistemləri ilə, o cümlədən TR-300 “Kasırğa” reaktiv artilleriya sistemləri, “Smerç” reaktiv yaylım atəşi qurğuları və digərləri ilə təchiz edib. Potensial irimiqyaslı münaqişədə hətta Naxçıvan birbaşa iştirak etməsə də istənilən halda Ermənistan qoşunlarının bir hissəsini Dağlıq Qarabağa göndərmək əvəzinə muxtar respublika ilə sərhəddə saxlamalı olacaq. Bu da əlbətdə, hərbi planda Azərbaycana sərf edəcək.Hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın əsas vəzifəsi Naxçıvandan platforma kimi istifadə edib Ermənistanın strateji hədəflərinə nöqtə zərbələri endirmək olacaq. Belə hədəflərdən biri də Ermənistanın şərqində dislokasiya olunmuş S-300 PT zenit-raket kompleksləridir. Hansı ki, bu sistemlər Dağlıq Qarabağ regionu üzərində hava məkanına nəzarət edir. Lakin həmin komplekslər vurulsa, qarşıdurma daha qlobal miqyas alar. Hər iki tərəf öz güclü müttəfiqlərini köməyinə müraciət edər . Və belə məqamda Türkiyənin Azərbaycanın tərəfində münaqişəyə müdaxiləsi birmənalı olacaq, amma Ermənistandakı indiki hakim rejimi nəzərə alaraq Rusiyanın köməyə gələcəyi o qədər də aydın, qəti deyil”. Hesab edilir ki, İrəvanın Moskvanı özündən uzaqlaşdırması, əvəzində Rusiyanın Azərbaycan və türkiyə ilə yaxınlaşması artıq regionda yeni vəziyyət yaradıb. Bu vəziyyət isə öz növbəsində Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından Azərbaycanın maraqları ilə tam şəkildə uzlaşır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.