1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidilə mərhum prezident Heydər Əliyev Ali Məclisin sədri seçildi. Bununla da qədim Naxçıvanda milli qurtuluşun, milli dövlətçiliyin təməlləri atılmış oldu.
XX əsrin 80-cı illərinə qədər dövlət idarəçiliyinin müxtəlif və məsuliyyətli mərhələlərində çalışmış mərhum Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi. Dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının rəhbərlərindən biri olmuş, uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik etmiş Heydər Əliyevin Ali Məclisin sədri seçilməsi Azərbaycan milli dövlətçilik tarixinin ən mühüm hadisəsi, Azərbaycan xalqının itməkdə olan ümidlərinin dirçəldilməsi və gələcəyə inamının artması baxımından möhtəşəm dönüş idi. Bu hadisənin ümumazərbaycan siyasi proseslərinə nə kimi təsiri oldu?
Qabil Hüseynli: “Naxçıvandan formalaşıb bütün Azərbaycana yayılan siyasi dalğalar ölkəmizin suverenliyi və müstəqilliyinin qazanılmasında böyük rola malik oldu”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin vaxt Naxçıvanda hakimiyyət, demək olar, AXC tərəfdarlarının əlində idi: “Ancaq həmin gərgin etapda onlar da gördülər ki, Heydər Əliyevin təcrübəsinə böyük ehtiyac var. Doğru olaraq hesab edildi ki, onun təcrübəsindən yararlanmaqla daha irəli getmək mümkündür. Həmin dövrün hadisələrini analiz etdikdə məlum olur ki, heç də AXC-nin bütün tərəfdarları Heydər Əliyevin vəzifəyə gətirilməsini istəməyiblər. Ancaq Naxçıvan camaatı da yekdilliklə Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi. Bütün bu amillər və Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqil dövlətçiliyimizin ilk təməli məhz Naxçıvanda qoyulmuş oldu. O vaxt “Sovet Sosialist Respublikası” sözü ilk dəfə olaraq Naxçıvanın adının əvvəlindən ləğv edildi. Tam Baltikyanı respublikalarla eyni zamana təsadüf edirdi. Azərbaycanın bugünkü dövlət bayrağı Naxçıvanda dalğalandı. Bir sözlə, Heydər Əliyevin sayəsində Naxçıvan həmin dövrün siyasi episentrinə çevrildi. Oradan baş alan siyasi dalğalar Bakını da bürüyə bilirdi. Həm də Azərbaycanın digər regionları da Heydər Əliyevi siyasi olimpin ən uca zirvəsində görmək istəyirdi. Bu dahi şəxsiyyətin Naxçıvan Ali Məclisinin sədri işlədiyi dönəmdə Azərbaycanın müstəqillik yoluna qədəm qoymasında böyük rolu oldu. Naxçıvanın təcrübəsi əsasında Azərbaycan, bütövlükdə, SSRİ-nin tərkibindən çıxmaq haqda qərar qəbul etdi. Yəni bütün bu proseslər öz mənbəyini Naxçıvandan götürdü və bu, Heydər Əliyevin Ali Məclisin sədri olduğu dönəmdən sonra baş verdi”.
Politoloqun sözlərinə görə, Naxçıvandan formalaşıb bütün Azərbaycana yayılan siyasi dalğalar ölkəmizin suverenliyi və müstəqilliyinin qazanılmasında böyük rola malik oldu: “Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlar nəticəsində Azərbaycan Ali Soveti də cürətlənərək Azərbaycanın müstəqilliyi haqda əvvəlcə bəyanat, sonra isə Müstəqillik Haqda Konstitusiya Aktını qəbul etdi. Bütün bu hadisələr birbaşa mərhum Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ