Ermənistan-Amerika Ticarət Palatası Paşinyanın Amulsarla bağlı oyun oynadığı qənaətinə gəlib və Baş nazirə bəzi incə detalları xatırlatmağa məcbur olub. Erməni KİV-i yazır ki, Ermənistandakı Amerika Ticarət Palatası Amulsar yatağını inkişaf etdirən və Palatanın üzvü olan “Lidian Armenia” şirkəti ətrafında baş verən hadisələrlə əlaqədar bir bəyanat yayıb.
Bəyanatda qeyd olunur ki, Palata 2000-ci ildə qurulmuş və hazırda Ermənistan iqtisadiyyatının demək olar ki, bütün sektorlarında iştirak edən, 140 yerli və ya xarici şirkət tərəfindən təmsil olunan inkişaf etmiş bir işbirliyidir. Həmçinin, bəyanatda o da deyilir ki, Ermənistanda daxili və xarici sərmayələri təşviq etmək və əlverişli biznes mühitinin formalaşdırılması Palatanın missiyasıdır. Sərmayələrə ədalətli və qanuni münasibət yalnız investisiya şirkətləri üçün deyil, həm də Ermənistan iqtisadiyyatının inkişafı və xalqın rifahı üçün son dərəcə vacibdir. Məhz bu əsasda Palata 13 ay ərzində Amulsarla bağlı ikinci bir açıqlama verməyə məcbur olub.
Bəyanat müəllifləri “Lidian”a qarşı kampaniyanın biznes maraqlarını həyata keçirən xüsusi tərəflər tərəfindən maliyyələşdirildiyini söyləyən Paşinyanın özünün dediklərini də xatırladırlar və qeyd olunur ki, bu cür iddiaların araşdırılacağına ümid edirlər.
Bəyanatda o da vurğulanır ki, Palata Amulsar ətrafındakı sağlam olmayan vəziyyətin mənfi təsirindən də narahatdır. Bunlar Ermənistanın investisiya cəlbediciliyini azaldacaq potensial investorlara şübhəsiz mənfi mesajlardır.
Palata xəbərdarlıq edir ki, Amulsar layihəsinin daha da gecikməsi prosesi daha da ağırlaşdıracaq və işgüzar mühitə təsir göstərərək son nəticədə Ermənistanın investisiya cəlbediciliyini ləğv edəcək uzunmüddətli bir xarakter əldə edə bilər. Məhz buna görə də Baş naziri problemi ən qısa müddətdə və ədalətli şəkildə həll etməyə çağırırlar.
ABŞ şirkəti, faktiki olaraq, diplomatik dillə Paşinyana izah etməyə çalışır ki, onun “Amulsar oyunu”nun kartları onlar üçün açıqdır. Baş nazirə izah edilir ki, o, bu məsələdə ABŞ-ı sıxışdırmaqla Rusiyaya sədaqət jesti nümayiş etdirir. Yaranmış vəziyyət Paşinyan üçün nə vəd edir?
Politoloq Elşən Mustafayevin sözlərinə görə, Ermənistanda baş verən inqilabdan sonra Paşinyan çıxılmaz vəziyyətdə qalıb: “O, daxili problemlərin həlli ilə bağlı verilən vədlərlə yanaşı, beynəlxalq dairlərə verdiyi sözün də üstündə dura bilmir. Bu da ölkədəki gərgin olan vəziyyəti bir qədər də qəlizləşdirir. Artıq aydın şəkildə müşahidə edilir ki, Paşinyan balansa nəzarət edə bilmir. Bəllidir ki, Paşinyanın hakimiyyətə gəlməsində ABŞ və Qərbin böyük rolu olub. Adətən elə ölkələr bu işləri özlərinə məxsus olan transmilli korporasiyaları vasitəsilə edirlər.
Paşinyanın seçki kampaniyası ərəfəsi komandasının sıx kontaktda olduğu biznes dairələr və onlarla razılaşmalar mövcuddur. Bunlardan da biri “Lidian Armenia” şirkətidir və bu şirkət Amulsar qızıl yataqlarına 2016-cı və 2019-cu illərdə 400 milyona yaxın maliyyə yatırıb.
Bu şirkətlə yeni hökumət Amulsar dağındakı qızıl yatağının işlənməsi ilə bağlı çərçivə razılaşma sənədi imzalayıb. Müqavilənin şərtlərinə görə, Ermənistan hökuməti şirkətlə danışıqları ləğv edəcəyi halda, şirkətin investisiya formasında yatırdığı 400 milyon dollarlıq maliyyədən kənarda həm də 700 milyon dollar cərimə ödəməlidir. Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət olunacağı halda bu məbləğ daha çox olacaq. Artıq ABŞ görür ki, Paşinyan Rusiyadan çəkindiyi üçün həmin yağlı tikəni ABŞ-la bölüşmək istəmir. Ancaq bu halın özü də Paşinyan üçün yaxşı nəsə vəd etmir. Şirkət bununla bağlı beynəlxalq hüquq müstəvisinə müraciət etsə, İrəvan pis vəziyyətə düşmüş olacaq. Cərimənin tətbiqi kiçik büdcəli Ermənistan üçün ciddi iqtisadi kataklizm vəd edə bilər”.
Politoloqun sözlərinə görə, ölkədə dəyərli metal sənayesi də daxil sənaye və enerji şirkətlərinin 70 %-nin səhmi Rusiyaya məxsusdur: “Rusiyada Amulsar qızıl mədəni ilə bağlı baş verənlər diqqətlə izlənir. Artıq vəziyyət Ermənistandakı hakim partiyanın daxilində də fikir ayrılığına səbəb olub. Hətta parlament böhranı yarada biləcəyini də bildirirlər. Həm Rusiya, həm də ABŞ bu vəziyyətdən öz marağı üçün istifadə edə bilər. Artıq erməni mətbuatında növbədənkənar seçkilər haqqında dərc edilən məlumatlara rast gəlirik. Ermənistan parlament respublikasıdır. Buna görə də hakimiyyət dəyişikliyinin başvermə ehtimalı və Paşinyanın Baş nazir kürsüsünü itirməsi mümkündür. Yəni Amulsarla bağlı Paşinyanın düşdüyü vəziyyət ona yaxşı nəsə vəd etmir”.
Məhəmmədəli QƏRİBLİ