Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-la bağlı gözləntiləri fiaskoya uğradıqca, ziddiyyətli açıqlamalar verməkdədir. Bir sıra hallarda onun verdiyi açıqlamalar, yürütdüyü siyasət birbaşa ABŞ-ın mənafeyinə qarşı yönəlir. Heç şübhəsiz ki, bütün bunlar da Birləşmiş Ştatların diqqətindən yayınmır.
İranın “Donya-ye eqtesad” qəzetinə verdiyi müsahibəsində Nikol Paşinyan ABŞ-ın Tehran siyasətinə qarşı çıxdığını bəyan edib. O, müsahibəsində bildirib ki, Ermənistan heç vaxt anti-İran addımı atmayacaq. “Donya-ye eqtesad” qəzetinin “İrəvan ABŞ-ın təzyiqi fonunda İranla dostluq naminə nə qədər itkiyə hazırdır” sualına cavabında Nikol Paşinyan deyib ki, İran və Ermənistan qarşılıqlı iqtisadi öhdəliklər götürüb: “Bu illər ərzində İran və Ermənistan arasında bir neçə ortaq layihə icra olunub. Tehran və İrəvan arasında sanksiyalardan təsirlənməyən müştərək layihələrin icrası hazırda davam edir”.
Ermənistan Baş naziri daha sonra bildirib ki, İran və ABŞ-la münasibətlər Ermənistan üçün vacibdir: “Biz bölgənin həssas mühitində bütün regional və beynəlxalq dostlarımız və tərəfdaşlarımızla işləməyə çalışırıq. İrəvan fərqli ölkələrlə bütün ticarət öhdəliklərinə əməl edir. Bu gün bölgə üçün çətin olan Ermənistanın siyasəti deyil, amma bu gün və sabah fərqli ölkələr qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək siyasətimiz çoxdan mövcuddur. Qeyd etməliyəm ki, Ermənistan heç vaxt anti-İran addımı atmayacaq. Ermənistan regional və ya transregional fərqlər barədə bütün ölkələr, o cümlədən, İranla açıq şəkildə danışır. Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz. İranla planlarımız çoxdur”.
Bütün bu deyilənlərin fonunda, Paşinyanın İranla bağlı məlum açıqlaması nə deməkdir?
Məhəmməd Əsədullazadə: “Bu həm də Vaşinqtonu sabotaj etmək deməkdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyan bununla ABŞ-ı şantaj etmək istəyir: “Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-ın siyasətinə qarşı olaraq İranla iqtisadi əməkdaşlığı inkişaf etdirməsi barədə çıxışları birbaşa Vaşinqtonu sabotaj etməkdir. Hesab edirəm ki, Paşinyan bu müsahibə ilə çalışır İranla əməkdaşlıqda yeni səhifə açsın. Ancaq Vaşinqtonun sərt siyasi və iqtisadi təzyiqləri özünü büruzə verməkdədir. Məhz İranla bağlı siyasətində okeanın o tayından təzyiqlər özünü göstərir. Bu gün İran-Ermənistan əməkdaşlığının heç bir perspektivi yoxdur. Çünki iki tərəfin iqtisadi potensialı buna imkan vermir. Sadəcə, Paşinyan bununla özünü regionda İranın əsas tərəfdaşı kimi göstərməyə çalışır. Eyni zamanda, istəyir ki, bunun müqabilində Birləşmiş Ştatlardan nəsə qoparsın. Bir növ, Vaşinqtona eyham vurur ki, Ermənistana diqqət artmazsa, o zaman İranla əlaqələr daha da dərinləşdiriləcək. Ancaq bunun əksinə olaraq, ABŞ-ın reaksiyası daha sərt məcraya yönəlməkdədir. Vaşinqton bununla Paşinyan hakimiyyətinə göstərmək istəyir ki, İrəvan bu ölkə ilə şantaj ritorikası ilə danışa bilməz. Nəticə də ortadadır. Bir ildən çoxdur Paşinyan Ermənistanda hakimiyyətdədir, amma hələ də ABŞ-a rəsmi səfərə dəvət olunmayıb, Tramp-Paşinyan ikitərəfli görüşü baş tutmur və s. Belə görünür ki, Paşinyanın ABŞ-dan gözləntiləri sona yaxınlaşır. Hesab edirəm ki, İrəvan artıq xarici siyasətdə fiaskoya uğrayır”.
Vidadi ORDAHALLI