Azərbaycan müxalifətinin radikal qanadı uğursuzluğunun bir səbəbini də öz həmfikirləri ilə bir araya gələ bilməməkdə görür. Ancaq bu heç də o anlama gəlmir ki, belə birliklərin yaradılması istiqamətində cəhdlər edilməyib. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, adı tez bir zamanda tarixin arxivinə qovuşan müxalifət birlikləri yaradılıb. Onlar daxili intriqalar hesabına tez bir zamanda sıradan çıxıb.
Həmin konsolidasiya modellərindəki fəaliyyəti araşdırdıqda məlum olur ki, ora toplaşanların başlıca vəzifəsi iqtidarla mübarizə aparmaqdan çox, öz aralarında qovğa etməkdən ibarət olub. Belə birliklər kimi “SİDSUH”, “Demkonqres”, “Müxalifətin Koordinasiya Mərkəzi”, "Müxalifətin Antiböhran Koalisiyası", “İctimai Palata”, “Milli Şura”nın adını qeyd edə bilərik. Yaxın zamanlarda isə radikal müxalifəti öz ətrafında birləşdirən “Azərbaycan Xalq Hərəkatı” adlı bir qurumun yaradıldığı bəyan olundu. Qısa müddətdə “AXH” iki yerə parçalandı. İkiyə parçalanmış qurumun daxilində isə hər gün dava-dalaş gedir. İndi də “AXH”lərdən birində təmsil olunan Vətəndaş və İnkişaf Partiyası da qurumdan çıxdığını bəyan edib.
VİP mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, Siyasi Şurada partiyanın “Azərbaycan Xalq Hərəkatı”nda (AXH) iştirakına xitam verilməsi, partiyanın beynəlxalq əlaqələrinin gücləndirilməsi, təşkilati strukturların fəaliyyətinin yeni şəraitə uyğunlaşdırılması məsələləri müzakirə olunub.
VİP sədri Əli Əliyev bildirib ki, müəyyən amillər VİP-in hərəkatda iştirakına xitam vermək zərurətini yaradıb.
Müzakirələrdə iştirak edən Siyasi Şura üzvləri VİP sədrinin toxunduğu məsələlər ətrafında fikirlərini bildirərək, yeni situasiyada atılacaq addımları dəyərləndiriblər. Siyasi Şurada keçirilmiş səsvermədən sonra VİP-in “AXH”də iştirakına xitam verilməsi haqqında qərar qəbul olunub.
Müxalifətin radikal qanadının birlik modellərinin belə uğursuz alınmasının sirri nədədir?
Əli Əliyev: “Bəzi məsələlərdə olan fikir ayrılığı bizim müəyyən siyasi hədəflərimizə çatmaq üçün problemlər yarada bilər”
“AXH”dən istefa verən partiyanın sədri Əli Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, birlik modellərinin tez dağılmasının səbəblərini yalnız müxalifətdə axtarmaq lazım deyil: “Burada ümumi bir problem var. Buna köklü və obyektiv yanaşmaq lazımdır. Əslində, ölkədə normal, məntiqi siyasət mühiti mövcud deyil. Biz hesab edirik ki, ölkədəki seçkilər ədalətli keçirilmədiyi üçün, müxalifət hakimiyyətin idarə olunmasında iştirak edə bilmir. Güclər qeyri-bərabər olduğu üçün, müxalifətin bəzi qurumları da birləşmək qərarına gəlir. Bu uzun müddətdə bəyəm iqtidar komandasında hər şey rəvan olub? Orda da istefalar, hakimiyyətin ən yuxarı postlarında təmsil olunan şəxslərin həbsi baş verib. Ən radikal YAP-çıların çönüb müxalifətçi olduğunu da görmüşük. Bu baxımdan da intriqa məkanının ünvanı kimi yalnız müxalifəti göstərmək lazım deyil. Uzun müddət siyasi perspektivinin qarşısı alınan qüvvələr nə etməlidir? Təbii ki, onlar həm də bir-birinə rəqibdirlər, aralarında narazılıqların olması da təbiidir. Müxalifət çox çətin şəraitdə mübarizə aparmaq istəyir. Mən bir daha vurğulayıram, belə bir böhran iqtidarın da içində var. Hakimiyyətin kursunu dəstəkləyən bir çox millət vəkili görürük ki, həllədici məqamda öz komandasını müdafiə etməkdən yayınır”.
Partiya sədri müxalif qurumların daxilində müəyən intriqaların olduğunu da istisna etmir: “Bilirsiniz, həmin birliklərdə təmsil olunan hər bir partiyanın öz ayrıca kursu olur. Bizim “AXH”dən çıxmaq və “Azerifreedom” kanalında bir daha çıxış etməməklə bağlı bəyanatımız oldu, orada bir intriqa hiss etdinizmi? Qərarımızı onunla əsaslandırmışıq ki, partiyanın işləri ilə “AXH”nin işlərini uzlaşdırmaq bir qədər çətinlik yaradır. İkincisi, biz başqa siyasi qüvvələrin məsuliyyətini bölüşmək istəmirik. Hesab edirik ki, müəyyən məsələlərdə olan fikir ayrılığı bizim müəyyən siyasi hədəflərimizə çatmaq üçün problemlər yarada bilər. Ona görə də çalışırıq ki, bir qədər məsafəli davranaq. Bunu da normal qəbul edirik. Çünki müstəqil siyasi qurumuq, belə qərarları vermək səlahiyyətinə sahibik. “Azerifreedom”la əlaqəmizi kəsməyimiz isə oranın yürütdüyü informasiya siyasəti ilə bağlıdır. Oranın apardığı təbliğat bizim siyasi hədəflərimizdən və mübarizə vasitələrimizdən fərqlidir”.
Məhəmmədəli QƏRİBLİ