Ermənistan baş naziri Nikol Paşinyanın bu ayın ikinci yarısında ABŞ-a planlaşdırılan səfərinin növbəti fiasko ilə nəticələnməsi proqnozlaşdırılır. Eyni zamanda hadisələrin inkişaf axarı bu qənaətə gəlməyə əsas verir ki, qarşıdakı dövr ərzində ABŞ İrəvana qarşı sərt mövqe tutaraq onu ciddi təziyq altında saxlayacaq. Bu isə, öz növbəsində, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə də təsirsiz ötüşməyəcək. Bunu ABŞ məsələləri üzrə ekspert Suren Sarkisyan da təsdiq edir.
Sarkisyan hesab edir ki, Paşinyanın ABŞ səfəri İrəvan üçün müsbət nəsə vəd etmir. Onun sözlərinə görə, Paşinyanın yerli erməni icması ilə görüşü nəzərdə tutulub və prezident Donald Trampla görüşü mürəkkəb məsələdir: “Baş nazirin Los Ancelesə səfəri işguzar xarakter daşıyır, o burada yerli erməni icması ilə görüş keçirəcək. ABŞ prezidenti Donald Tramp tərəfindən isə Paşinyan qəbul edilməyəcək. Hərçənd o, buna çox çalışır, amma nəticə yoxdur, ABŞ rəsmiləri yüksək səviyyədə Ermənistandan kimsəni qəbul etmir. Elə bu hal bir neçə gün əvvəl səfirlərin Ermənistandakı toplantısı zamanı da əsas müzakirə predmetlərindən biri olub. Burada qeyri-müəyyən şikayətlər səslənib, lakin iştirakçıların təəssüratı ilə baş nazirin qəzəbi əsasən ABŞ-dakı Ermənistan səfiri Varujan Nersisyana yönəlib, əsas səbəb isə ABŞ-ın ali rəhbərliyi, xüsusilə də ABŞ prezidenti və ya dövlət katibi ilə Paşinyanın görüşünə nail olunmamasıdır”. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan isə daha öncə bildirib ki, Ermənistan və ABŞ arasında dialoq fəallaşıb. Lakin o, indiyədək ölkə rəhbərləri arasında görüşün niyə baş tutmaması məsələsinə dəqiq aydınlıq gətirməyib:“Tramp və Pompeo ilə bizim görüşümüz baş tutmayıb. ABŞ-da öz mürəkkəbliyi ilə seçilən özəl sistem var. Tramp və Pompeo ilə görüş gündəlikdədir. Nə vaxt olsa, olacaq”. Amma erməni mediası yazır ki, İrəvanın bütün cəhdlərinə rəğmən, ABŞ prezidenti və dövlət katibi ilə görüşün təşkil edilməsinə nail olmaq mümkün olmur.
Bu arada hesab edilir ki, ABŞ-ın, əslində Ermənistana qarşı daha sərt siyasətə başlaması gözlənilir. Buna əsas səbəb isə Ermənistanın İranla bağlı mövqeyidir.
İranın “Donya-ye eqtesad” qəzetinə verdiyi müsahibəsində Nikol Paşinyan ABŞ-ın Tehran siyasətinə qarşı çıxdığını bəyan edib. Ekspertlər isə bildirir ki, bu hal heç də ABŞ tərəfindən müsbət qarşılanmayacaq. Qeyd edək ki, “Donya-ye eqtesad” qəzetinin “İrəvan ABŞ-ın təzyiqi fonunda İranla dostluq naminə nə qədər itkiyə hazırdır” sualına cavabında Nikol Paşinyan deyib: “İran və Ermənistan qarşılıqlı iqtisadi öhdəliklər götürüb. Bu illər ərzində İran və Ermənistan arasında bir neçə ortaq layihə icra olunub. Tehran və İrəvan arasında sanksiyalardan təsirlənməyən müştərək layihələrin icrası hazırda davam edir”. Ermənistan baş naziri daha sonra bildirib: “İran şirkətləri çox aktivdir, lakin sanksiyalar onlara mənfi təsir göstərir və onlar bu sanksiyaların təzyiqi altında işləyirlər. Əlbəttə, İran şirkətləri sanksiyaları bəyənmir və inciyirlər, amma dayanmır və işlərini davam etdirirlər. İran və ABŞ-la münasibətlər Ermənistan üçün vacibdir və biz bölgənin həssas mühitində bütün regional və beynəlxalq dostlarımız və tərəfdaşlarımızla işləməyə çalışırıq. İrəvan fərqli ölkələrlə bütün ticarət öhdəliklərinə əməl edir. Bu gün bölgə üçün çətin olan Ermənistanın siyasəti deyil, amma bu gün və sabah fərqli ölkələr qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək siyasətimiz çoxdan mövcuddur. Qeyd etməliyəm ki, Ermənistan heç vaxt anti-İran addımı atmayacaq. Ermənistan regional və ya transregional fərqlər barədə bütün ölkələr, o cümlədən İranla açıq şəkildə danışır. Ermənistan heç vaxt özünün anti-İran kursuna girməsinə imkan verməz. İranla planlarımız çoxdur, amma bu planların mediaya verilməməsinin səbəbi tərəflərin bu layihələr barədə hələ tam razılığa gəlməməsidir. Hazırda İran tərəfi ilə müzakirə etdiyimiz planlar və proqramlar var. Hər dəfə son nəticəyə gəldikdə, bu planları tezliklə icra etməyə səy göstəririk. Hazırda İranla qaz almaq layihələrinin razılaşdırılmasını davam etdiririk. İndi, təəssüf ki, bir müddət təxirə salınmış 3-cü xətt enerji layihəsini həyata keçiririk və onu mümkün olduqca ən qısa müddətdə istifadəyə verməyə çalışırıq. İki ölkənin, o cümlədən Avrasiya İttifaqı platformasında görüləsi çox işləri var. Ümid edirəm ki, prezident Həsən Ruhani mənim dəvətimi qəbul edəcək və Avrasiya İttifaqı platformasında iki ölkənin maraqları üçün vacib olan müxtəlif layihələr həyata keçirə biləcəyik”.
Hesab edilir ki, Paşinyanın ABŞ-ın istəklərinin əksinə olaraq İranla işbirliyini genişləndirməsinə ABŞ tərəfindən olduqca sərt reaksiya sərgilənəcək. Xatırladaq ki, İranla əməkdaşlığa görə ABŞ Ticarət Nazirliyi Ermənistandan iki şirkəti - İrəvan Telekommunikasiya Tədqiqat İnstitutunu (YerTTİ) və “Markel” Qapalı Səhmdar Cəmiyyətini (QSC) “qara siyahı”ya salıb. Məlumata görə, YerTTİ məhsulları ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun Ticarət Nəzarəti Siyahısından lazımi lisenziyalar olmadan alıb və təkrar ixrac edib. Bundan başqa, YerTTİ-nin icraçı direktoru və "Markel" QSC-nin prezidenti olan şəxs ABŞ-ın sanksiyaları altında olan İran təşkilatı ilə bizneslə məşğul olur. Amerika hakimiyyət orqanlarının fikrincə, bu şirkətlər milli təhlükəsizliyə və ABŞ xarici siyasətinin maraqlarına zidd hərəkət edir. Bundan əvvəl isə İranın "Mahan Air" aviaşirkətinin İrəvanda ticarət nümayəndəsi sayılan "Flight Travel LLC" adlı Ermənistan şirkəti də ABŞ sanksiyalarına tuş gəlib. Bu şirkət Suriyaya sərnişin və silah daşınmasını təmin edir. İrəvanın İranla işbirliyini genişləndirməsi çərçivəsində isə sanksiyalara məruz qalan erməni şirkətlərinin sayının artması gözlənir. Respublika Partiyasının sədr müavini Armen Aşotyan da qeyd edir ki, Vaşinqtonun İrəvanla bağlı siyasəti getdikcə Ermənistana daha böyük zərbə vuracaq. Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ xarici siyasəti maksimal praqmatik olub və demokratiya vurğusu ilə keçmiş yanaşmalar artıq ABŞ-ın qlobal siyasətində prioritet deyil: “Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron bəyanat verib ki, beynəlxalq əlaqələrin fəaliyyət göstərən sistemini yenidən nəzərdən keçirmək lazımdır, çünki demokratiyaya xələl gətirib. Emmanuel Makron eyni zamanda vurğulayıb ki, kapitalizm də pozulub. Rusiya Federasiyasının xarici siyasətində demokratiya heç vaxt əsas amil olmayıb. Üstəlik, Rusiya beynəlxalq arenada “demokratik” kimi brendləşməyə çalışan dövlətə şübhə ilə yanaşıb. ABŞ-ın hazırkı prezidenti Donald Trampın rəhbərliyi altında ABŞ xarici siyasəti maksimal praqmatik olub və demokratiya vurğusu ilə keçmiş yanaşmalar artıq ABŞ-ın qlobal siyasətində prioritet deyil”. O sual edib ki, Trampın əlini sıxmağa nail ola bilməyən Paşinyan ondan necə kömək gözləyə bilər: “Beləliklə, Tramp bu ilin iyun ayında Varşavada olarkən və jurnalistlərin suallarını cavablandırarkən söyləyib ki, Polşadakı demokratiya vəziyyəti ilə maraqlanmır. Ermənistanın xarici siyasəti üçün 1 nömrəli cavabdeh şəxs Nikol Paşinyan bu fonda bəyan etdi ki, demokratiya xarici siyasətdə Ermənistanın vizit kartı olmalıdır. İndi sual yaranır: ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsinin ümumdünya oyununda bu kimi yanaşmaları varsa, o zaman Ermənistan Qarabağ münaqişəsində “demokratik bayraqla” maksimal ermənipərəst həllə necə çatacaq və iki “erməni dövləti”nin təhlükəsizliyini necə gücləndirəcək? Paşiyana müraciət edirəm: ölkə daxilində hələ də öz tostlarınızı içə və ondan zövq ala bilərsiniz, lakin dövləti təmsil edərkən sərxoşluqdan çıxın”. Digər tərəfdən, ABŞ-ın istəklərinin əksinə olaraq, İrəvanın Suriyaya hərbi birləşmə göndərməsini də Vaşinton həzm edə bilmir. Belə vəziyyətdə ilk cavab tədbirlərindən biri kimi ABŞ Ermənistana maliyyə yardımını azaldır. ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımları 2018-ci ildə 6,8 milyon dollar idisə, cari ildə bu, 6,4 milyon dollar təşkil edib. Qarabağdakı separatçı quruma edilən yardım isə ümumiyyətlə dayandırılır. Bütün bunlar fonunda gözlənir ki, Paşinyanın bu ay ABŞ-a baş tutacaq səfəri, yuxarıda qeyd olunduğu kimi, iflasla nəticələnəcək. Hazırda Ermənistana qarşı daha hansı addımların atılacağını demək olduqca çətindir. Lakin aydındır ki, qeyd edilən məqamlar Ermənistan hakimiyyətinin ABŞ siyasətinin iflasa uğraması deməkdir. Erməni ekspert Akop Badalyan bildirir ki, hadisələrin bu səpkidə inkişafı ABŞ-ın Qarabağ siyasətinin daha böyük sürətlə Azərbaycanın lehinə dəyişməsi anlamına gəlir: “ABŞ-ın inqilabdan sonrakı Ermənistan ümidləri doğrulmadı. Bu səbəbdən ABŞ artıq Ermənistandan məsafə saxlayır. Əvəzində ABŞ-Azərbaycan münasibətləri daha sürətlə inkişaf edir. Deməli, Qarabağ məsələsinə də bu öz təsirini mütləq göstərəcək. İran məsələsi də ABŞ-ın mövqeyinin sərtləşməsində az rol oynamır. Məsələ burasındadır ki, Ermənistanda İranla əməkdaşlıq edən şirkətlər daim olub. Təbii ki, ABŞ-ın bu barədə məlumatı olub. Lakin İranın təcrid edilən Ermənistan üçün əhəmiyyəti nəzərə alınaraq, məsələyə lokal yanaşılıb. Bu münasibət Ermənistan-ABŞ münasibətlərinin təzahürü, hər hansı şəkildə isə bilavasitə Ermənistana kömək kimi qələmə verilib. Lakin bu gün artıq reallıqlar dəyişib və ABŞ hakimiyyəti İran tərəfi ilə münasibətləri olan erməni şirkətlərini nəzərə alır, onlara sanksiya tətbiq edir və bununla İrəvanı xəbərdar da edir. ABŞ-la bərabər Rusiya daxilində Türkiyə-Azərbaycan lobbisinin təsiri əhatəsində müqavimətin artdığı hiss edilir. Bu hal Ermənistanın regionda mövqeyinə mənfi istiqamətdə daha çox təsir etməyə başlayır”. Bütün bunlar artıq Qayqazda yeni geosiyasi durumun yarandığını və belə vəziyyətin Qarabağ məsələsinə də mütləq mənada öz təsirini göstərəcəyini deməyə əsas verir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.