Bu gün sosial şəbəkələrdə, eləcə də KİV-də Azərbaycanın Dövlət müstəqilliyi günü ilə bağlı məsələ geniş müzakirə edilir. Bəzi tarixçi və ziyalılar hesab edirlər ki, Dövlət müstəqilliyi günü kimi 18 oktyabr deyil, 30 avqust qeyd edilməlidir. Fikri meydana atanlar və onu müdafiə edənlərin bildirdiyinə görə, Dövlət müstəqilliyi günü dəyişdirilməlidir.
Bəzi tarixçilərin vurğuladığına görə, özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş və müstəqilliyini bərpaetmə prosesində bir neçə vacib qərar qəbul etmiş bir dövlət məhz 30 avqustu Dövlət müstəqilliyi günü kimi qeyd etməlidir.
Məlumat üçün bildirək ki, 30 avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib. Tarixçilərin bildirdiyinə görə, bu sənədin adı da, mahiyyəti də göstərir ki, müstəqilliyin bərpası tarixi məhz 30 avqust olmalıdır. Bildirilənə görə, sənəddə açıq şəkildə “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir” - qeyd olunur. 30 avqust 1991-ci il tarixli qərarda müstəqilliyin bərpa olunduğu və beynəlxalq aləm tərəfindən tanınmaq hədəfi açıqca elan edilir.
Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağırış edilib. Azərbaycan Respublikası Ali Sovetinin Bəyanatında qeyd edilir (30 avqust 1991-ci il tarixli və 181-XII saylı): “Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq edərək, öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır.
Azərbaycan Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların dost xalqlarına rəğbət hissini əsas tutaraq, Azərbaycanla müstəqil Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.
Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərtilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir”.
Azərbaycan parlamentinin 18 oktyabr tarixli qərarında isə qeyd edilir ki, 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etmiş və bu Akt daha sonra ümumxalq referendumu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının “Giriş” hissəsində bildirilir ki, “1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi... Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu... Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi, yenidən Rusiya tərəfindən ilhaq edildi. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi... “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur”.
Buradan çox aydın görünür ki, hətta 1991-ci il oktyabrın 18-də bu çox dəyərli sənədi (Konstitusiya Aktını) qəbul edənlər özləri də 30 avqust 1991-ci il tarixli Bəyannaməni “müstəqillik mübarizəsinin yekunu” və müstəqilliyin elan edildiyi sənəd kimi qiymətləndiriblər. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının “Giriş” hissəsinin son cümləsi də məhz belə bitir: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir”.
Tarixçilər qeyd edirlər ki, göründüyü kimi, 18 oktyabr tarixli sənəddə söhbət müstəqilliyin elanından yox, məhz elan olunmuş müstəqil dövlətin əsaslarının müəyyənləşdirilməsindən gedir.
Bəzi tarixçilər, ziyalılar hesab edirlər ki, 30 avqust tarixinin Azərbaycanda “müstəqilliyin bərpası günü” (Baltikyanı ölkələrdə olduğu kimi) kimi qeyd olunması daha məqsədəuyğun ola bilər.
Fəzail İbrahimli: “Artıq hüquqi-siyasi vəsiqə alan tarixi bir günü dəyişdirmək olmaz”
Məsələyə münasibət bildirən millət vəkili, tarixçi-alim, professor Fəzail İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında dövlət müstəqilliyi gününün dəyişməz olduğunu dedi. Onun sözlərinə görə, artıq rəsmi status alan bir tarixi günün dəyişdirilməsinə heç bir zərurət yoxdur: “Mən sosial şəbəkələrdə gedən fikirlərə önəm vermirəm, tarix tarixdir. Hesab edirəm ki, tariximizlə oynamaq olmaz. Dövlət müstəqilliyi günümüz də məlumdur, onun tarixi də, onu dəyişmək olmaz. Bizim müstəqillik günümüz 18 oktyabrdır. Artıq hüquqi-siyasi vəsiqə alan tarixi bir günü dəyişdirmək olmaz”.
Məhərrəm Zülfüqarlı: “...məqbul hesab etmirəm”
Tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı da hesab edir ki, 18 oktyabr Dövlət müstəqilliyi günü kimi qalmalıdır və onun dəyişdirilməsinə ehtiyac yoxdur. “30 avqustda Ali Sovetdə Konstitusiya Aktı qəbul edilməyib. Həmin tarixdə qəbul edilən sənəd 18 oktyabr 1991-ci ildə qəbul edilən Müstəqillik Aktı üçün bir zəmin idi. 30 avqust sənədi 18 oktyabra doğru atılan bir addım idi ki, sonradan Konstitusiya Aktı qəbul etmək mümkün olsun. 18 oktyabrdan sonra 29 dekabrda referendum keçirildi və Müstəqillik Aktı həmin referendumda təsdiq edildi. Yəni dövlət müstəqilliyi bir sənədlə deyil, xalqın səsi ilə qəbul olunmalı idi və olundu da. Mən qətiyyən Dövlət müstəqilliyi gününün tarixinin dəyişdirilməsini məqbul hesab etmirəm. Bu məsələni kimlər ortaya atıbsa, o adamlar bu proseslərdən xəbərsizdirlər” - deyə M.Zülfüqarlı bildirdi.
Faiq Ələkbərli: “18 oktyabrda parlament tərəfindən Azərbaycanın Müstəqillik Aktı qəbul edilib və bu, hüquqi baxımdan təsdiqlənib”
AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin fikrincə, 1991-ci il avqustun 30-da qəbul edilən suverenlik haqqında sənəd bir de-fakto təsdiq halıdır. “Ancaq burada məsələ təkcə ölkənin suverenliyinin de-fakto tanınması deyil, həm də de-yure qəbul olunması faktorudur. Ona görə də hesab edirəm ki, Ali Sovet tərəfindən 18 oktyabrda qəbul edilən qərar öz həllini de-yure tapmışdı. Üstəlik, burada ortada bir-iki ay fərqi var. Mən bir tarixçi kimi bu kimi məsələlərin ortaya atılmasını düzgün bir iş kimi qəbul etmirəm. Onsuz da bizim üçün 18 oktyabr hadisəsi vardı. Digər tərəfdən, bilirik ki, müstəqil Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi hesab edir. Bu mənada biz 28 may - İstiqlal günü də qeyd edirik. Əslində, 18 oktyabr hüquqi-siyasi baxımdan dövlət müstəqilliyimizin bərpası günüdür. Dövlət müstəqilliyi gününü 30 avqusta çəkmək milli şüuru hələ də formalaşmamış gənc nəsildə problem yaradacaq. Bu mənada hesab edirəm ki, müstəqillik gününün tarixinin dəyişdirilməsi o qədər də uğurlu olmazdı. 18 oktyabr və 28 may artıq insanların şüurunda oturuşub. Ümumiyyətlə, bu məsələdə hüquqi məsələləri də nəzərə almaq lazımdır. 18 oktyabrda parlament tərəfindən Azərbaycanın Müstəqillik Aktı qəbul edilib və bu, hüquqi baxımdan təsdiqlənib, bu mənada hesab edirəm ki, yeni bir müstəqillik günü ortaya atmağın mənası yoxdur” - deyə F.Ələkbərli bildirdi.
İradə SARIYEVA