AXCP-nin radikal qanadına rəhbərlik edən Əli Kərimlinin ətrafında maraqlı hadisələr yaşanır. Həmin firqə açıq-açığına terrora dəstək ifadə etməyə başlayıb. Əslində, Əli Kərimli və onun ətrafının radikal dini kəsimlə münasibətlərinin yaxşı olduğu, hətta bir-birinə siyasi dəstək jestləri ifadə etmələri göz qabağındadır.
Taleh Bağırzadə və onun ətrafına göstərilən dəstək, birgə çağırış və eyni şüarla keçirilən etiraz aksiyası və ora toplanan ortaq elektoratın mövcudluğu bu faktın olduğunu inkar edə bilməz. Ancaq bütün bunlarla bağlı Əli Kərimli çıxış yolu tapırdı. Bildirirdi ki, guya məhkəmədə hüquqları tapdanan şəxslərin müdafiəsinə qalxıb. Bir növ, insan haqlarını islam amilindən irəliyə keçirirdi. Ancaq iki gün əvvəl yaşanan bir hadisə Əli Kərimli üçün manevr imkanına yer qoymur. Siyasi mühacir adı ilə Fransaya sığınan, AXCP-nin fəal üzvlərindən sayılan və ən əsası, Əli Kərimlinin doğma əmioğlusu olan İnqilab Kərimovun öz “Facebook” hesabında yazdığı statusa diqqət edək:
“İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir... İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir... Və düşünürəm ki, düz də edir... Azərbaycana xoş gəlirsən, İŞİD...”.
Adam, faktiki olaraq, terrora olan rəğbətini ifadə edir, hətta həmin təşkilatı açıq şəkildə Azərbaycana dəvət edir, konkret olaraq kimlərin başının kəsilməli olduğu ilə bağlı ünvan da göstərir. Ola bilər, Əli Kərimli desin ki, mən əmioğluma görə məsuliyyət daşımıram. Ancaq burada məsələ fərqlidir. İnqilab Kərimov, faktiki olaraq, AXCP-nin üzvüdür, həmin təşkilatdan istefa verdiyini və ya çıxarıldığını deməyib. Bundan əlavə, bir çox cəbhəçi onun terroru dəstəkləməklə bağlı çıxışının altında şərh yazıb, hətta məlum postu bəyəniblər də. İnqilab Kərimovun odlu silahla birlikdə də görüntüsü yayılıb. Nədənsə, başqa bir gəncin silahla yayılan görüntüsündən siyasi məqsəd üçün istfadə edən Əli Kərimli İnqilab Kərimovun analoji fotosu və İŞİD-i Azərbaycana dəvət etməklə bağlı fəaliyyətinə aydınlıq gətirmək istəmir. Partiya sədrinin susqunluğu nə ilə izah oluna bilər?
Rəfael Becanov: “AXCP adına iddia edən bir qurumun radikal dindarlarla heç bir əlaqəsi olmamalıdır”
AXCP adına iddialı olan digər siyasi qurumun funksioneri Rəfael Becanov “Bakı-Xəbər”ə bildirdi ki, bütün çıxışlarında ölkədə demokratiyanın olmasını tələb edən bir adam bu məsələyə mütləq reaksiya verməli idi: “Bu onun borcudur. İŞİD qaniçən bir təşkilatdır, onu Azərbaycana çağırmaq hansı anlama gəlir? Bunu edən Əli Kərimlinin rəhbəri olduğu firqənin üzvüdürsə, niyə Əli Kərimli məsələyə aydınlıq gətirmir? Əksinə, biz Əli Kərimlinin tərəfdarları tərəfindən İnqilab Kərimovun fikirlərinə dəstəyin ifadə edildiyini gördük. Ancaq bundan cəmi iki gün əvvəl bir cavan oğlanın nə vaxtsa əlində silahla şəkil çəkdirməsinə Əli Kərimli şəxsən münasibət bildirdi. Bəlkə də zarafatyana deyilən bir sözü hakimiyyətin onlara ultimatumu kimi dəyərləndirdi. Bəs indi niyə danışmır? Məgər həmin cavan oğlan İŞİD-dən təhlükəlidir? Belə bir fakt varıydısa, hüquq-mühafizə orqanlarına müraciət edilməliydi ki, “Yurd”dan kimsə hədələnib. Amma İnqilabın yazdığı göz qabağındadır. Necənci dəfədir o, silahla foto çəkdirib hakimiyyəti hədələyir, söyür. Əli Kərimlinin susqunluğu onu deməyə əsas verir ki, şəxslərin arasında düşüncənin eyniliyi var. AXCP adına iddia edən bir qurumun radikal dindarlarla heç bir əlaqəsi olmamalıdır. Bunlar isə Milli Şurada dostluq edirlər. Dini radikalizmlə bağlı həbs edilən şəxslərdən “siyasi məhbus” düzəldirlər. Azərbaycan dünyəvi dövlətdirsə, buradakı radikal dindarlıq nəyə lazımdır? Söhbət kiminsə dini əqidəsindən getmir. Biz bilirik ki, islamın radikal siyasiləşmiş cərəyanlarının ən başlıca məqsədi Azərbaycanda şəriət dövləti qurmaqdır. Əgər onlar ölkəmizin dünyəvi quruluşunu, təməl prinsiplərini zədələmək istəyirlərsə, niyə özünü demokratiya aşiqi sayan şəxs onlarla bir sırada olmalıdır? Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni dərindən araşdırmalıdırlar. Çünki belə hadisələrin ölkəmizin təhlükəsizlik mühitinə ciddi təsiri ola bilər”.
Məhəmmədəli QƏRİBLİ